adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
21 Oktyabr 2020 12:19
47932
MÜSAHİBƏ
A- A+

“Erməni adında nə kənd, nə də qəsəbə olmayıb” - MÜSAHİBƏ

 “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində tək ermənilər yaşamayıb axı. Orada azərbaycanlılar da yaşayıb. Xalqların öz müqəddəratını təyin etməsindən söhbət gedirsə, onlar da bu prinsiplə çıxış edə bilərlər. Bu gün işğal olunmuş Qarabağda ancaq ermənilər yaşayır. Hansı xalqların öz müqəddəratını təyin etməsi prinsipindən söhbət gedə bilər? Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin mahiyyəti öz dilindən, dinindən, mədəniyyətindən istifadə etmək deməkdir, başqasının ərazisini işğal etmək deyil. Bu prinsip yeni dövlətin yaradılmasını özündə ehtiva etmir”. Bu sözləri “Ədalət” qəzetinə müsahibəsində BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi Tuqay Əliyev deyib.

-20-ci əsrin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və açıq-aşkar işğalçılıq siyasəti beynəlxalq hüququn norma və prinsiplərinə zidd şəkildə özünü göstərir...

-Azərbaycan və Ermənistan 1992-ci ildə BMT-yə üzv olublar və bu iki ölkənin hər birinin sərhədləri tanınıbdır. Hər iki ölkənin sərhədlərinin müəyyən edilməsi heç bir çətinlik təşkil etmir. BMT-nin saytını açıb baxmaq kifayət edər ki, Azərbaycanın sərhədlərini müəyyən edəsən. Bu dünya birliyi tərəfindən də tanınır. Biz bunu qabartmalıyıq. 300-400 il bundan əvvəlki xəritələri açıb nəzərdən keçirsək, görərik ki, indiki Ermənistanın ərazisində bir dənə erməni adında nə kənd, nə də qəsəbə olmayıb. Çox da uzağa getməyək, Rusiya İmperiyası dövründə mövcud olan xəritələrə baxaq. Bunlar da bir kənara qalsın, indiki halda bizi maraqlandıran əsas məsələ 1992-ci ildə üzv olduğumuz BMT tərəfindən tanınmış ərazi bütövlüyümüzdür. Odur ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycanın tarixi torpaqlarıdır və heç kim deyə bilməz ki, Ermənistan tərəfindən işğal edilmiş ərazilər mübahisə doğurur.

-Ermənistanın uydurduğu xalqların öz müqəddaratını təyin etməsi prinsipinin mahiyyəti hər kəsə bəllidir. Xalqların öz müqəddaratını təyin etməsi məsələsi beynəlxalq hüququn əsas prinsiplərindən olan ərazi bütövlüyü prinsipini pozmamalıdır. Bax elə bundan danışaq...

-İlk növbədə bu suala cavab tapmaq lazımdır, xalqların öz müqəddaratını təyin etməsi prinsipi ayrılmağı özündə ehtiva edirmi? Təbii ki, etmir. Bununla bağlı beynəlxalq sənədlər var. Birmənalı olaraq göstərilir ki, xalqlar öz müqəddəratını ayrılmaq yolu ilə təyin edə bilməzlər. Xalqların öz müqəddəratını təyin etmək prinsipindən söhbət gedirsə, Ermənistan niyə ancaq xalq adı altında ancaq erməniləri nəzərdə tutur? Prinsip axı xalqların öz müqəddəratını təyin etməsini özündə ehtiva edir. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində tək ermənilər yaşamayıb axı. Orada azərbaycanlılar da yaşayıb. Xalqların öz müqəddəratını təyin etməsindən söhbət gedirsə, onlar da bu prinsiplə çıxış edə bilərlər. Bu gün işğal olunmuş Qarabağda ancaq ermənilər yaşayır. Hansı xalqların öz müqəddəratını təyin etməsi prinsipindən söhbət gedə bilər? Xalqların öz müqəddəratını təyin etməsi prinsipinin mahiyyəti öz dilindən, dinindən, mədəniyyətindən istifadə etmək deməkdir, başqasının ərazisini işğal etmək deyil. Bu prinsip yeni dövlətin yaradılmasını özündə ehtiva etmir.

-Ötən illər ərzində Ermənistan BMT tərəfindən qəbul edilmiş 4 qətnamayə də məhəl qoymadı...

-Sözün düzü, 4 qətnamənin niyə icra olunmamasını mən də anlaya bilmirəm. BMT qəbul etdiyi qətnamələrə görə məsuliyyət daşıyırdı. Odur ki, bu gün münaqişənin aktiv fazaya keçmə səbəbkarlarından biri də elə BMT-dir. Cənab Prezidentin də dediyi kimi, artıq status-kvo yoxdur. Biz onu döyüş meydanında dəyişmişik. 30 ilə yaxındır ki, gözlədik, bəlkə, bu qətnamələrə riayət olunar, amma olunmadı. Azərbaycan bu gün haqq savaşındadır və öz torpaqlarını düşməndən azad edir.

Rövşəm Tahir