adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
20 Oktyabr 2020 12:36
69697
MÜSAHİBƏ
A- A+

“Ermənilər əsgərlərimizi qəddarcasına qətlə yetirmişdilər” - MÜSAHİBƏ

“Ədalət” qəzetinin qonağı tanınmış ziyalı, Qarabağın müharibəsi veteranı Vaqif Əlisoydur.

“Cəbrayılın işğalı ən dəhşətli günlərdən biridir”

-Vaqif müəllim, söhbətə elə 1990-cı illərdən başlayaq...

-1980-cı illərdə Cəbrayıl rayon Təhsil Şöbəsində metodist işləyirdim. Cəbrayıl Qarabağın Hadrut rayonu ilə həmsərhəddir. Həmin dövrdə gecə və gündüz İrəvandan Dağlıq Qarabağdakı erməniləri silahlandırırdılar. Bizim də o qədər silahlarımız yox idi. Əliyalın idik də. Bu məqamda polis rəisi Rəşid Məmmədovu xatırlatmaq yerinə düşərdi. Onun rəhbərliyi və Cəbrayılın qeyrətli gəncləri ilə birlikdə rayonu müdafiə edirdik. Azərbaycanda Milli Azadlıq Hərəkatından sonra ilk kütləvi etiraz mitinqləri də indi azad olunan Xudafərin körpüsünün yerləşdiyi ərazidə olub. O zaman biz səsimizi dünyaya çatdırmaq üçün sərhəddə toplaşdıq. O etiraz mitinqlərində 50 minə yaxın insan iştirak edirdi. Düzdür, Cəbrayıla atışlar olurdu, lakin biz müdafiə olunurduq.

90-cı illərin əvvəllərində mən AXC-nin Cəbrayıl rayon şöbəsinin sədri, Ali Məclisin üzvü, Müdafiə Komitəsinin üzvü idim. Mübarizəyə tələbəlik illərimdən başlamışam. Meydan hərəkatında da aktiv şəxslərdən biri olmuşam. 90-cı illərdə öz satqınlarımızın xəyanətinə görə məni 3 ağır maddə ilə 2 nəfər dostumla birlikdə həbs ediblər. Birinci maddə erməni kəndlərinə hücum etməklə milli ədavəti qızışdırmaq, ikinci maddə İran sərhəddinin dağıdılması və dövlət təhlükəsizliyinə zərbə vurmaq, üçüncü isə Cəbrayılda Sovet Hakimiyyəti Partiyasının fəaliyyətini dayandırmağa cəhd etmə ilə bağlı idi. Bu 3 ağır ittimahla həbs edildik. Həbsdən azad olunduqdan sonra dəstəmizin fəaliyyətini bərpa etdik və yenidən kəndlərimizi qorumağa başladıq. 1991-ci ildə Azərbaycanda Milli Ordu yaradılanda da həmin o könüllü özünümüdafiə dəstəsinin hər bir üzvü Ordu sıralarına cəlb olundu. Bir şeyi də qeyd edim, 1991-ci ildə Hadrut rayonun 13 kəndini erməni işğalçılardan təmizlədik. Cəbrayıl işğal olunana qədər həmin kəndlər bizim əlimizdə idi.

-Cəbrayılın işğalı gününü necə xatırlayırsınız?

-Cəbrayılın işğalı günü həyatımda ən dəhşətli günlərdən biridir. Mən heç təsəvvürümə gətirmirdim ki, Cəbrayıl işğal oluna bilər. Cəbrayılın işğalına qədər biz ermənilərə dəfələrlə layiqli cavab vermişdik. 4 iyun Gəncə qiyamından sonra ölkədə bir hərc-mərclik özünü göstərdi. Bundan istifadə edən ermənilər müxtəlif istiqamətlərdə hücumlar həyata keçirdilər. 23 iyulda Ağdam artıq işğal olunmuşdu və mən artıq bilirdim ki, gərginlik var. Cəbrayıl işğal olunmamışdan 8 gün əvvəl ermənilər bir əməliyyat həyata keçirmişdilər. Orada ermənilər bizim əsgərlərimizi qəddarcasına, insanlığa yaraşmayan şəkildə qətlə yetirmişdilər. Maraqlı bu idi ki, ermənilər belə əməliyyatlar zamanı bizim meyidlərimizi belə özləri ilə aparırdılar ki, sonradan müəyyən şərtlərlə dəyişsinlər. Amma bu dəfə aparmamışdılar. Elə bir dəhşətli mənzərə yaratmışdılar. Ki, insanlar psixoloji sarsıntı keçirsin.

15 avqustda Füzuli və Cəbrayıla hücumlar başlandı. Cəbrayıl alayı özünün qüvvələri ilə müqavimət göstərirdi. 23 avqust saat 16.00-da 3 istiqamətdə Cəbrayıl şəhərinə yenidən hücuma keçdilər. Ağır artilleriya atəşi baş tutdu. Qeyri-bərabər qüvvələr nisbəti səbəbindən Cəbrayıl şəhərini tərk etməli olduq. Beləliklə, 23 avqust saat 19.30-da şəhər ermənilər tərəfindən işğal olundu.

“Azərbaycan əsgərlərinin qarşısında baş əyirəm”

-Siz həm də "Kaş gözlərim kor olaydı…” kitabının müəllifisiniz...

-1988-ci ildən başlayaraq özüm üçün qeydlər götürürdüm. Döyüşlər vaxtı gördüklərimi hətta siqaret kağızlarına belə yazırdım və cibimə qoyurdum. Döyüşçülər hətta deyirdi ki, bunları nə edirsən? Söyləyirdim ki, bunlar bir tarixdir, vaxt gələcək, mən onları yazacam. Ağamalı Sadiq Əfəndinin, Vaqif Hacıbəylinin, Aqil Abbasın köməkliyi ilə xatirələrimi müxtəlif qəzetlərdə çap etdim. Sonra sifarişlər çox olduğu üçün həmin xatirələri kitab halına salmağı qərarladım. Kitab 3 hissədən ibarətdir. Birinci, 1988-ci ildən 1990-cı ilin Yanvar hadisələrinə qədər olan dövrü əhatə edir. İkinci hissə əsirlərin, girovların dəyişdirilməsinə həsr olunub. Çünki mən bir müddət Əsirlərin və Girovların Dəyişdirilməsi üzrə Respublika Komitəsinin Cəbrayıl şöbəsinin sədri olmuşam. O zaman orada gördüklərimi qələmə almışam. Üçüncü hissə isə 4 iyundan başlayaraq 23 avqust saat 19.30-a qədər Cəbrayılda gedən proseslərdən bəhs edir.

Kitab çox populyarlıq qazandı. Kitabda çox maraqlı məqamlar var. Hətta bir epizodu danışım. O vaxt bizdə ermənilərdən girov bir qız var idi. Təbii ki, bizim də onlarda əsirlərimiz və girovlarımız vardı. Mən o vaxt ermənilərlə danışıqlar aparanda onlar mənə demişdilər ki, Lena adında bir qız sizdədir, onu tapıb verin, əsirlərinizi qaytaraq. Qızı Ağcəbədidə bir ana saxlayırdı, həmin ananın da Xocalıda oğlu girov düşmüşdü, onunla dəyişmək üçün saxlayırdı. Təsəvvür edin ki, o qızı necə yaxşı saxlayırdı həmin ana. Nəysə bu qızı dəyişmək üçün gətirdik ki, onlar da bizim əsirləri versinlər. Qızın valideynləri bir çamadan gətirmişdi ki, içində Quran kitabı vardı. Onda bizə dedilər ki, əlinizi bu Quranın üstünə qoyub and için ki, bu qıza heç nə etməmisiniz. Mən həmin vaxt and içib dedim ki, biz türkük, türkün ləyaqəti var. Biz qadın davası etmirik, torpaq davası edirik. Bu vaxt bizim əsirləri gətirdilər. O qədər arıq idilər ki. Həmin dəyişdirmək istədiyimiz qız bunu gördü və valideynlərinə rusca dedi ki, mən ermənilərə nifrət edirəm. Azərbaycanlılar mənə yaxşı baxırdı, siz onlarla necə davranmısınız. Qız məndən ayrılıb getmək istəmirdi. Güc-bəla ilə onu valideynlərinə verdik. Həmin vaxt uşağın valideynləri başını aşağı salıb dedi ki, xalqımız adından sizdən üzr istəyirik.

-Neçə ildir ki, Cəbrayılın həsrətində idiniz. Bu günlərdə doğma Cəbrayılımız işğaldan azad olundu...

-Cəbrayılın işğaldan azad edilməsi xəbərini eşitmək çox qəribə bir hiss idi. Mən bir neçə gün əvvəl cəbhə bölgəsinə getmişdim. Cəbrayılın qeyrətli ziyalıları var ki, onlardan Azər Telmanoğlu, Siyavuş Cəbrayıllı, Elçin Əfəndiyə, gənclərimizə, pensiyasını cəbhə bölgəsinə göndərən ağsaqqallarımıza təşəkkür edirəm.

Mən 23 avqustda Cəbrayıldan son çıxanlardanam. Cəbrayılı xatırlayanda həmişə gözlərim yaşarırdı. İndi də eyni hissləri yaşayıram. Torpaq ayrı şeydir...Torpaq...(ağlayır). Cəbrayılın çox görkəmli insanları-Yəhya Çələbi, Murad Babayev, atası Köçəri Babayev, Abbasqulu Fərzəliyev və başqaları Yurd, Vətən həsrəti ilə dünyasını dəyişdilər. Allah onların ruhunu şad etsin. Mən Azərbaycan əsgərlərinin qarşısında baş əyirəm. Allah onların hamısını qorusun.

Rövşən Tahir