adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ƏRGÜNƏŞİN O ÜZÜ...

39016 | 2020-10-19 14:34

Bura Füzuli şəhəridi

 

... Bu şəhəri, bu gözəl məkanı ermənilər düz 27 il bundan əvvəl – 1993-cü ilin avqustun 23-də işğal ediblər. 2020-ci il 17 oktyabrda isə rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan prezident İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhərini işğaldan azad edib. Elə bu sevinci də cənab Prezident Azərbaycan xalqına özü xəbər verib.  Bu xəbərləri eşidən hər bir azərbaycanlı nə qədər sevinib, bir onu Allah bilir. Füzuli şəhərində yaşayan insanların  sevincinin həddi-hüdudu yoxdur. O şəhərin, o ocağın bir neçə sakini ilə söhbət eləyirəm. Müdafiə Nazirliyinin yaydığı görüntülərə baxanda hamısının gözləri dolur. Sevincindən hönkür-hönkür ağlayanlar olub. Mənim yaxın qohumlarımdan birinin 4 mərtəbəli  binada 3 otaqlı mənzili vardı. Rayon Məhkəməsinə gedən yolun solunda yerləşən bu binanı ermənilər elə günə qoyublar ki, onu tanımaq çox çətindir. O 4 mərtəbəli binanın hər tərəfi sökülüb-dağıdılıb, bircə daşları qalıb. Mənim qohumum o səhnəyə baxıb o qədər ağlayıb ki. Deyir, təki şəhərə gedib çıxa bilək. Dövlətimiz və hökumətimiz ondan da yaxşı bina tikib bizə verəcək. Füzulinin yaşayış binaları, məktəbləri, xəstəxanaları, fabrik-zavodları, eləcə də sosial obyektlərinin daşı daş üstündə qalmayıb. Gözəl Füzuli Mədain  xarabasına bənzəyir. O binaların damını, pəncərəsini, qapısını və döşəməsini sökərək ermənilər hamısını aparıblar. Üstəlik, şəhər qəbiristanlığının da altını üstünə çeviriblər. Qara daşdan olan qiymətli qəbir daşlarını söküb hara aparıblar, Allah onların cəzasını versin. Müqəddəs yerlərimizi, məscidlərimizi və digər ziyarətgahları elə murdarlayıblar ki, adam baxanda dəhşətə gəlir. Hər halda, Füzulinin quru torpağı da, quru yeri də bizim üçün çox əzizdir. Məhkəmənin yanından sağa dönəndə bir yol rayon icra hakimiyyətinə, başqa bir yol isə şəhərin yuxarı başına uzanır. İnsan nə qədər diqqətli olsa da, o görüntülərə baxanda yurdunu, yuvasını çox çətinliklə tanıyır...

İslam Rzayevin ruhu

 

Qoçəhmədli kəndi Füzulinin ən gözəl məkanlardından biridir. Buranın təbiəti, buz kimi soyuq bulaqları, gözəl məkanları adamı həmişə heyran edib. Amma indi nə bu gözəl məkandan bir əsər-əlamət qalıb, nə də o buz bulaqlardan. Əksəriyyətini erməni faşistləri darmadağın eləyib. Sanki onlar bu yurdu söküb dağıtmağa, altını üstünə çevirməyə gəlibmiş. Qoçəhmədlinin kəhrizindən, buz bulağından bir dolça içəndə adamın gözlərinə nur, ürəyinə təpər gələrdi. Və biz həmişə o kəndə gedəndə özümüzlə maşında səhəng aparır və o səhəngi su ilə doldurub Bəhmənliyə qayıdardıq. Çünki Qoçəhmədlinin bulaq suyu nə qədər gözəl idisə, o sudan qaynadılıb dəmlənən çay da bir o qədər ətirli idi. Adam o suyun çayından içməkdən heç vaxt doymazdı. Bu suyu içənlərin çox gözəl, məlahətli səsi vardı. Azərbaycanın korifey sənətkarı, muğam ustadı İslam Rzayev və Süleyman Abdullayev bu kənddə dünyaya göz açıb, boya-başa çatıblar. İndi İslam Rzayevin ruhu nə qədər sakitləşib, bir Allah bilir. Əməkdar artist Süleyman Abdullayevin yəqin ki, sevincinin həddi-hüdudu yoxdur. Gözün aydın olsun, Dədə Süleyman! Tezliklə o torpağa gedib o bulağın suyundan içəsən, ata-baba qəbiristanlığını ziyarət edəsən və sonra da rahat oturub 27 illik həsrətdən sonra torpağını bağrına basıb öpəsən...

 

Prezidentin sevinci

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev xalqa sonuncu müraciətində Füzulinin 7 kəndini və Füzuli şəhərinin azad olunması xəbərini insanlara çatdıranda onun nə boyda sevinc yaşadığını təsəvvür etmək mümkün deyil. Çox ağır və çətin döyüşdən sonra Füzuli şəhəri erməni işğalından azad edilib. Cənab prezidentin Füzuliyə və Füzuli camaatına həmişə böyük məhəbbəti olub. Çünki o, qısa zaman kəsiyində Füzulinin işğaldan azad olunmuş Horadiz şəhərində və 22 yaşayış məntəqəsində möhtəşəm abadlıq işləri həyata keçirib. Və füzulilər də bu diqqət və qayğını heç vaxt unutmurlar. İkinci ən böyük sevinc isə Füzuli şəhərinin və kəndlərinin işğaldan azad edilməsidir. Bir daha Füzuli camaatı əmindir ki, cənab Prezident işğaldan azad edilmiş Füzuli şəhərini və kəndlərini yenidən möhtəşəm bir formada inşa etdirəcəkdir. Füzuli camaatının Azərbaycan prezidentinə çox böyük məhəbbəti və inamı var. Bu inam bu gün deyil, cənab prezidentin hakimiyyətdə olduğu ilk günlərdən yaranıb. Xalq ona inanıb, cənab Prezident də Azərbaycan xalqının və o cümlədən Füzuli camaatının etimadını və inamını hər an doğruldub.

Bayraqlar dalğalanır

 

Füzuli şəhəri işğaldan azad olunan günü Horadiz şəhərində Müdafiə Nazirliyinin və rayon icra hakimiyyətinin təşəbbüsü ilə çox möhtəşəm bir bayram tədbiri keçirildi. Heydər Əliyev parkında keçirilən bu möhtəşəm tədbirdə əllərində bayraq Füzulinin sakinləri bir yerə toplaşaraq şəhərin işğaldan azad olunmasının sevincini yaşayırdılar. Burda müəllim də vardı, məktəb direktoru da vardı, həkim də vardı, şagirdlər və çoxlu sayda sakinlər də. Onlar 27 il gözlədiyi sevinci yaşayırdılar. İnsanlar bir-birini təbrik edir, bir-birini qucaqlayır və bir-birini bağrına basırdılar. Hətta sevincindən hönkürüb ağlayan qadınları, gəncləri gördük. Və onların hər biri bu sevinci Azərbaycan xalqına bəxş edən ölkə prezidenti cənab İlham Əliyevə və Azərbaycan Ordusuna təşəkkür edirdilər. İnanın, o insanların çöhrəsindəki sevinc göz yaşlarını görmək insana nə qədər xoş ovqat gətirirdi. Bayram tədbirində çıxış edən Füzuli rayon Horadiz şəhər 1 nömrəli tam orta məktəbin direktoru Hafiz Tahirov sevincini heç cür gizlədə bilmirdi. Onun da sevinc göz yaşlarını görmək olurdu. Hafiz müəllim bu sevinci onlara bəxş etdiyinə görə, bir daha Ali Baş Komandan İlham Əliyevə və Ordumuza minnətdarlığını bildirirdi. O dedi ki, ermənilər Horadiz şəhərini ağır artilleriyadan atəşə tutanda da biz öz iş yerimizdəydik və bu gün də öz doğma məktəbimizdə işimizi davam etdiririk.

 

Evimiz də Prezidentə və Orduya qurban

Bu sözləri bizimlə söhbətində Şükürbəylidə və Zobucuq qəsəbəsində ermənilərin atdığı mərmilər nəticəsində evləri dağılan, yanan Füzuli sakinləri deyirlər. Onlar deyirlər ki, ermənilərin ağlı 90-cı illərin əvvəllərinə gedib. Çünki onlar bir mərmi, bir raket atılan kimi camaat kənddən çıxırdı. Onda indiki kimi möhtəşəm ordumuz yox idi. Amma indi bizdən əvvəl Azərbaycan Ordusu var və onlar bizi qoruyurlar. Bir nəfər də bu yerdən çıxan deyil. Düzdür, evlərimiz dağılıb, əşyalarımız məhv olub, amma bunlar heç biri bizi ruhdan salmır. Ona görə ki, hər gün Azərbaycan Ordusu bir neçə kəndi, qəsəbəni və şəhəri azad edir. Füzuli şəhəri azad edilibsə, bizim heç bir şeydən qorxumuz yoxdur. Ən azından ona görə ki, onlar əvvəllər olduğu kimi bizi atəşə tuta bilmirlər. Və bir daha deyirik ki, evimiz də, eşiyimiz də Ali Baş Komandana və Azərbaycan Ordusuna qurban olsun. Təki torpaqlarımız azad edilsin, əsgərlərimizə bir şey olmasın. Prezident bundan da yaxşı bizə ev tikdirib verəcək.

 

Qubadlılı Tofiq Hüseynov

 

Qubadlının Dəmirçilər kəndindən olan Tofiq Hüseynov Qarabağ qazisidir və Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Milli Qəhrəman Əliyar Əliyevlə bir məktəbdə işləyib, sonra isə döyüşlərdə olublar. Onu da deyək ki, Tofiq Hüseynov ixtisasca rus dili-ədəbiyyat müəllimidir. Qarabağ savaşının ilk günlərindən əlinə silah alaraq Qubadlının və digər torpaqlarımızın uğrunda döyüşə atılıb. Üstəlik də bir vaxtlar Tofiq Hüseynov Dəmirçilər kəndində general-mayor, korpus komandiri Mais Bərxudarova rus dilindən dərs deyib. Deyir ki, heç yadımdan çıxmır, Mais müəllim dolu sifət, yaraşıqlı bir oğlan idi. Həmişə də dərslərini əla oxuyurdu. Mən bu gün fəxr edirəm ki, şagirdim olmuş Mais Bərxudarov Böyük Qarabağ savaşında Füzulinin, Cəbrayılın azad olunmasında, vətəninə namusla xidmət edir. Və bir qubadlılı olaraq demək istəyirəm ki, könüllü olaraq bu gün də döyüşə getməyə, üç nəvəmi və digər övladlarımı sevindirmək üçün hər an döyüşə atılmağa hazıram. Çünki Qarabağ Azərbaycandır!

 

Xudafərin harayı

 

Xudafərin körpüsünün və keçid məntəqəsinin erməni işğalından azad edilməsinin çox böyük strateji əhəmiyyəti var. Birincisi, ermənilərə o tərəfdən gələn hər hansı bir yardımın qarşısı asanlıqla alınır. İkincisi də, bu mövqenin ələ keçirilməsi onu deməyə əsas verir ki, bu cür strateji obyektlər böyük savaşlarda əvəzsiz rol oynayır. Artıq  həmin yerə Azərbaycan ordusu nəzarət edir. Erməni bayrağını kənara tullayıb onlar Füzulidə, Cəbrayılda olduğu kimi, Xudafərində də Azərbaycan bayrağını qaldırırlar. Bayrağı qaldıran Azərbaycan əsgəri Azərbaycan prezidentinə raport verir. Aman Allah, görəsən onda Azərbaycan əsgəri o bayrağı qaldıranda hansı hissləri, hansı həyəcanları keçirirdi? Bir onu bilirəm ki, Azərbaycan Bayrağı Xudafərində dalğalanmaqla şad xəbəri prezidentə çatdıran Azərbaycan əsgəri həm də Azərbaycan xalqına çox böyük bir sevinc yaşatdı. Biz uzun müddət  sevinc üzünə həsrət qalmışdıq. Həmişə torpaqlarımızı itirərkən dərddən, kədərdən ağlamışdıq, yumaq kimi olmuşduq. Və biz də bir jurnalist olaraq bu kədərli xəbərləri millətimizə çatdıranda ağlaya-ağlaya məlumat vermişdik. O xəbərləri çatdırmaq, o xəbərləri yaymaq çox çətin idi. Çünki o xəbərdən neçə insan infarkt olurdu, neçə insan dünyasını dəyişirdi. Ancaq bu cür şad xəbərləri isə ürəyimiz ağzımızdan çıxa-çıxa sevinc göz yaşları ilə cəmiyyətə çatdırırıq. 30 il gözlədiyimiz və həsrətini çəkdiyimiz o sevinc Allahın, Prezidentin və Azərbaycan Ordusunun köməyi ilə bu xalqa çatdırılır. Bu xalq hər şeydən əlini üzmüşdü. Amma sən demə, Allahın qoruduğu Azərbaycan prezidenti İlham Əliyev və Ordumuz bu sevinci bizə yaşadacaqmış. Yuxularımızda gördüyümüz, arzu elədiyimiz anların gerçəkliyinin şahidi oluruq. Görürük ki, bayrağımız Cəbrayıl şəhərində, Füzuli şəhərində, Hadrud qəsəbəsində, qədim və unudulmaz Xudafərində dalğalanır.  Bu anları görməyi nə yaxşı ki, Allah-Təala bu millətə qismət elədi.

Hələ qələbənin arxası gələcək. Qubadlı, Zəngilan, Ağdam, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi azad olunacaq. Hələ biz onların sevincini, qələb müjdəsini yaşayacağıq...

 

Gözaydınlığı

 

Füzuli şəhəri azad olunanda mobil telefonuma çoxlu sayda zənglər gəldi. İnanın, o zənglərin hər biri mənə yeni bir ömür, yeni bir nəfəs və yeni bir həyat verirdi. Zəng edənlər hamısı Azərbaycanın tanınmış ictimai-siyasi xadimləri, ziyalıları, alimləri idi. Tələbə dostlarım, jurnalistlər bir-bir mənə telefon açırdılar. Hamısı da gözaydınlığı verirdilər. Və hamısına da minnətdarlığımı və təşəkkürümü bildirirəm. O zənglərdən ikisi, xüsusilə məni çox kövrəltdi. Və hətta sevincimdən oturub hönkür-hönkür ağladım. Zəngin birini Bakı Dövlət Universitetinin professoru, sabiq millət vəkili, Ulu Öndər Heydər Əliyevin ən böyük silahdaşlarından olan və onu Bakıya dəvət edən, “91-lər” kimi tanınan, rəhmətlik atamın yaxın dostu olmuş İsgəndər Quliyev idi. O, bizim ən çətin və ağır günümüzdə arxamızda durub, köməklik edib. İsgəndər müəllim zəng etdi, bir-iki kəlmə deyib sözünün arxasını gətirə bilmədi və kövrəlib ağladı. Yenə kövrələ-kövrələ dedi ki, çox söz deyəcəkdim, danışa bilmədim, məni bağışla! Azərbaycan dövlətçiliyi və xalqı qarşısında çox böyük xidmətləri olmuş İsgəndər Quliyev kimi müəllimlərimizə biz həmişə borcluyuq. İsgəndər müəllim, çox sağ olun ki, bizə telefon açdınız və sevincimizə şərik oldunuz! İkinci, məni kövrəldən ziyalı isə “Azərbaycan” qəzetinin məsul katibinin müavini, mənim dostum və qardaşım, çox böyük ürəyi olan Daşdəmir Əjdəroğlu idi. O da bir-iki kəlmə dedi və sonra kövrəlib danışa bilmədi. Daşdəmir Əjdəroğlu mənim ürəyimə və qəlbimə yaxın olan çox təmiz insanlardan biridi. Həmişə ağır günümdə və sevincli anlarımda yanımda olub. Allah onu da qorusun!

 

Dağın o üzü...

 

Ərgünəşin o üzü bizim vətəndir! Ərgünəşin o üzündə Füzulinin Qacar, Cəmilli, Yuxarı Yağlıvənd, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Hadrud, Martuni, Xankəndi, Şuşa, Laçin, Kəlbəcər durur... Ərgünəş çox uca bir zirvədir. O zirvəni Azərbaycan ordusu fəth eləməklə Xankəndinə, Şuşaya, Ağdama, Kəlbəcərə bir addım da yaxınlaşır. Addım-addım irəli doğru gedirik. Daha doğrusu, addım-addım getmirik, kənd-kənd, qəsəbə-qəsəbə, şəhər-şəhər irəliləyirik! Və bu gedişin, bu savaşın, bu yürüşün heç kim qarşısını ala bilməz. Çünki Azərbaycan prezidenti, Ali Baş Komandan İlham Əliyevin və Azərbaycan Ordusunun qarşısını heç bir qüvvə kəsə bilməz. Əgər erməniləri havadarları müdafiə edirsə, Azərbaycan Prezidentini və Azərbaycan Ordusunu göydə Allah, yerdə Azərbaycan xalqı qoruyur. Allaha sığınan və  xalqa söykənən Prezidentə və Orduya isə heç bir qüvvə təsir edə bilməz. Çünki Ərgünəşin o üzü bizim dağlardır... çünki Ərgünəşin o üzü bizim Vətəndir... çünki Ərgünəşin o üzü bizi gözləyir!..

 

Faiq QİSMƏTOĞLU

Bakı-Füzuli-Horadiz-Şükürbəyli-Bakı

 

 

 

 

 

 

 

 

 

TƏQVİM / ARXİV