adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Oktyabr 2020 15:23
67132
MÜSAHİBƏ
A- A+

“Ermənistanın təxribatçı əməllərinin şahidi oluruq” - MÜSAHİBƏ

 “Mədəni irs abidələrinin də statusu mülki obyektlərin statusu qədərdir. Yəni bu da müharibə cinayətidir. 1949-cu il Cenevrə Konvensiyasında bu barədə də ayrıca bir müddəa nəzərdə tutulub ki, mədəni irs obyektlərinin, məscidlərin vurulması da müharibə cinayəti hesab edilir”. “Ədələt” qəzetinin qonağı Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əlizadə Məmmədovdur.

-Ermənistan Azərbaycana mümkün qədər ziyan vurmağa köklənib. Bizdən fərqli olaraq müharibə zamanı mülki infrastrukturu dağıtmaq onların başlıca xislətidir. Hazırkı müharibədə isə daha da irəli gedərək mülki əhalini də hədəf alırlar və beynəlxalq hüququ kobudcasına pozurlar...

-Burada ilk növbədə bir suala cavab vermək lazımdır, Ermənistan bu məsələlərdə beynəlxalq hüquqi məsuliyyətin subyekti ola bilərmi? Sentyabrın 27-dən başlayaraq bu günə qədər bu hərbi təxribatlar ki, baş verir, onların hər biri qeyri-hüquqi əməl olmaqla hüquqi məsuliyyətin predmetini təşkil edir. Bu təxribatların əksəriyyəti Ermənistanın ərazisindən həyata keçirilir. Hətta oradan həyata keçirilməsə belə, o əməllər müharibə cinayətləridir. Gəncəyə, Mİngəçevirə atılan raketlərlə Ermənistanın təxribatçı əməllərinin şahidi oluruq. Bunlar qeyri-hüquqi hərəkət olmaqla Ermənistanın beynəlxalq hüquqda hüquqi məsuliyyət daşımasının faktiki əsasını təşkil edir. Nəzəriyyədən məlum olduğu kimi, hüquqi məsuliyyətin yaranmasının hüquqi əsası da olmalıdır. Faktiki əsas müəyyən hüquq normalarında təsbit olunan öhdəliklərin, göstərişlərin pozulmasında ifadə olunur. Ermənistan hansı öhdəlikləri pozur? Birinci BMT Nizamnaməsi ilə müəyyən edilən “Sülh və təhlükəsizliyin təmin edilməsi”ni pozur. Hər bir dövlət BMT-yə qoşularkən sülh və təhlükəsizliyin təmin edilməsi barədə üzərinə öhdəliklər götürür. Ermənistan tərəfindən təxbibatçı hərəkətlərin həyata keçirilməsi Nizamnamənin müddəalarının pozulması deməkdir. İkinci Ermənistan konvensiyaların müddəalarına əməl etmir ki, bu konvensiyalar da iki istiqamətdə müəyyənləşir. Birincisi “Müharibə qurbanlarının müdafiəsinə dair” Cenevrə konvensiyalarıdır ki, beynəlxalq hüquq normalarının əsas hissəsini təşkil edir. Bir də müharibə aparılmasının qayda və qanunlarını müəyyən edən Haaqa Konvesiyalarıdır. Haaqa və Cenevrə Konvensiyalarının hər ikisi beynəlxalq humanitar hüququn bir sahəsini təşkil edir.

-O zaman əminliklə deyə bilərik ki, ermənilərin etdikləri təcavüz cinayətləridir...

-Bəli. Bilirsiniz, təcavüz cinayəti sülh və və təhlükəsizliyə qarşı yönələn ən ağır cinayətdir. Bu cinayətin bir xüsusiyyəti var ki, o hüquqi işlə yanaşı, siyasi təbiətə də malikdir. Siyasi olmasının mahiyyəti ondan ibarətdir ki, hər hansı bir hərəkətin təcavüz kimi qiymətləndirilməsi BMT-nin Təhlükəsizlik Şurasının səlahiyyətində olan bir məsələdir. Bu BMT Nizamnaməsinin 39-cu maddəsində öz əksini tapıb. Ona görə də Ermənistanın hansısa bir hərəkətinin təcavüz kimi qiymətləndirilməsi üçün cəhd etməyə dəyər. Ermənilərin hərəkətlərinin, təxribatlarının müharibə cinayətləri olması birmənalıdır və bu hərəkətlərin Ermənistan, yaxud Dağlıq Qarabağ ərazisindən edilməsinin heç bir əhəmiyyəti yoxdur.

-Bax dedik ki, Ermənistan beynəlxalq hüquqi məsuliyyət daşıyır. Bu ölkəni məsuliyyətə necə cəlb etmək olar?

-Baş Prokurorluq tərəfindən hər bir təxribat aktı ilə bağlı cinayət işinin başlanması çox düzgün hərəkətdir. Bunu sona çatdırmaq lazımdır. Hansısa təqsirkar şəxslərin müəyyən edilməsi halında həmin şəxslərin tutulması, axtarışa verilməsi İnterpol vasitəsilə təmin edilə bilər. Söhbət Ermənistanın hüquqi məsuliyyətinin müəyyən edilməsindən gedirsə, bunun bir neçə variantı ola bilər. Birincisi Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edilə bilər. İkincisi isə Ermənistanla bağlı hərbi tribunalın yaradılmasıdır ki, bu da, təbii ki, mümkün olan şeydir. Bu iki variantdan istifadə edilməsi çox düzgün addım olar. Üçüncü variant isə BMT-nin Beynəlxalq Məhkəməsinin səlahiyyətlərindən istifadə edilməsidir. Bunun üçün də Azərbaycan ad-hoc qaydasında həmin məhkəməyə müraciət etməlidir.

-Erməni vandalları Azərbaycanın tarix-diyarşünaslıq muzeylərini də dağıdıblar...

-Sualınıza cavab olaraq deyim ki, mədəni irs abidələrinin də statusu mülki obyektlərin statusu qədərdir. Yəni bu da müharibə cinayətidir. 1949-cu il Cenevrə Konvensiyasında bu barədə də ayrıca bir müddəa nəzərdə tutulub ki, mədəni irs obyektlərinin, məscidlərin vurulması da müharibə cinayəti hesab edilir. Bir az öncə səsləndirdiyim məsələlərin hər biri buna da aid edilir ki, Ermənistan buna görə də məsuliyyət daşımalıdır. Bayaq dediyim müddəalar burada da keçərlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 116-cı maddəsində ayrı-ayrı bəndlər nəzərdə tutulub. O bəndlərddən birində mədəni irs obyektlərinin vurulması, dağıdılması da cinayət tərkibi yaradır. Baş Prokurorluğun səlahiyyəti var ki, cinayət işi başlatsın və müvafiq tədbirlər həyata keçirsin.

Rövşən Tahir