adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: AZ TV-DƏ YENİ OYANIŞ

FAİQ QİSMƏTOĞLU
93441 | 2020-10-16 12:24

AzTV Azərbaycan televiziya məkanında zəngin keçmişi və böyük təcrübəsi olan  bir kanaldır. Daha doğrusu, AzTV televiziya məkanında ana kanal kimi yadda qalıb. Başqa sözlə demiş olsaq, Azərbaycanda bu gün fəaliyyət göstərən özəl kanalların əksəriyyəti elə bu ana televiziya kanalından bəhrələnib, onların kadrlarından istifadə eləyib. Ancaq özəl kanallar nə qədər inkişaf etsə də, nə qədər təcrübə toplasa da, hələ heç biri AzTV-nin yerini  verə bilməyib. Ən azından ona görə ki, bu gün AzTV-də dövlətçilik, maarifçilik və kütlənin savadlanması, vətənpərvərlik ruhunda formalaşması üçün çox böyük işlər görülür.

Bu televiziya kanalı Sovet dönəmində daha çox nüfuza və hörmətə malik idi. Çünki ölkədə yeganə televiziya kanalı idi və əhali də istər-istəməz bu kanala baxırdı. O vaxtlar ən populyar olan verilişlər bu gün də yaşlı nəslin yadından çıxmayıb. Xüsusən də “Səhər görüşləri”, “Dalğa”, “Hünər”, “Birimiz və hamımız”, “Yeni il gecələri” adlı proqramlar çox böyük tamaşaçı auditoriyası toplamışdı. Özü də bu verilişlərlə yanaşı, Az TV-də “Yeni ilin son gecəsi”, “Səni axtarıram”,  “Ac həriflər”, “Yaşıl eynəkli” adam və digər maraqlı televiziya tamaşaları  ekrana çıxarılmışdı. Həmin verilişlərin bir çoxunu istedadlı rejissor  Ramiz Həsənoğlu hazırlamışdı.

O vaxtlar televiziya şirkətinin sədri tanınmış şəxslər olsa da, amma əsas işi televiziya məkanını gözəl bilən Elşad Quliyev, Nahid Hacıyev kimi  böyük və istedadlı televiziya mütəxəssisləri aparırdı. Və onlar da öz orijinal düşüncələri, ideyaları ilə yaradıcı kollektivə yeni mövzular verir, bunun əsasında da maraqlı verilişlər ekrana çıxarılırdı. Ancaq heç kimə sirr deyil ki, müəyyən dövrdən sonra AzTV əvvəlki nüfuzunu və tamaşaçısını itirdi. Bu da bir səbəbi şirkətə qeyri-peşəkar adamların şirkətə sədr təyin edilməsiydisə, digər səbəbi yeni özəl kanalların açılması, sosial şəbəkələrin mövcudluğu təbii ki, ana kanala öz mənfi təsirini göstərdi.

Ölkənin əsas ideoloji təbliğat vasitələrindən biri olan AzTV öz şöhrətini zaman-zaman əldən verməyə başladı. Təbii ki, bu, belə davam edə bilməzdi. Uzun müddət televiziya məkanında böyük təcrübə toplamış və AzTV-də nüfuz qazanmış, gənc, istedadlı jurnalist Rövşən Məmmədov AzTV-yə sədr təyin edildi. Aydındır ki, bu cür istedadlı, təcrübəli və enerjili bir gəncin yüksək vəzifəyə gətirilməsi ona göstərilən böyük etimadın nəticəsi idi. Və Rövşən Məmmədov da Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. Belə bir kadra etimad göstərilməsi eyni zamanda digər istedadlı və gənc telejurnalistlərə elə “yaşıl işıq” yandırılması demək idi. Yeni sədrin gəlişi ilə AzTV-də çox unikal və möhtəşəm layihələr gerçəkləşdirildi. Bu layihələri ən çox da həyata keçirən Rövşən Məmmədovun güvəndiyi gənc jurnalistlərdir. Aydındır ki, onlara şərait yaratmaqla və rəngarəng yeni proqramlar efirə çıxarmaqla AzTV-nin əvvəlki hörmətini, nüfuzunu geri qaytarmaq mümkün idi. Qısa zaman kəsiyində bir-birindən maraqlı layihələrlə telejurnalistlər tamaşaçıların görüşünə gəldilər. Bu mənada AzTV-nin “Telesəhər”, “Əsas məsələ”, “Çıxışa doğru” proqramları sözün həqiqi mənasında tamaşaçıların diqqətini özünə çəkdi. Və “Çıxışa doğru” proqramının layihə rəhbəri Nailə Babayeva  öz orijinal düşüncələri və yeni fikriylə tamaşaçıların yadında qaldı. Eyni zamanda, səhər saat 7-dən 10-a qədər 3 saat canlı efirdə olan “Telesəhər” proqramı da milyonlarla tamaşaçını öz auditoriyasına cəlb etməyi bacardı.

AzTV-nin ən böyük layihəsi isə sentyabrın 27-dən başlanan və bu gün də davam edən Böyük  Vətən Savaşında cəbhə xəttindən birbaşa reportajları, xəbərləri milyonlarla tamaşaçılara çatdırmasıdır. Və bu xəbərlər o qədər “isti-isti”, o qədər operativ tamaşaçıya çatdırılır ki, tay tamaşaçı başqa yerdə o xəbəri axtarmağa ehtiyac duymur. Yarım saatdan, bir saatdan bir Füzulidən, Ağdamdan, Tərtərdən, Goranboydan və digər döyüş bölgələrindən olan xəbərləri televiziya müxbirləri mərmi və güllə altında Azərbaycan tamaşaçılarına çatdırır. O reportajları, o xəbərləri mərmilərin və güllələrin altında Azərbaycan tamaşaçısına çatdıran telejurnalistlər əsl qəhrəmandırlar. Savaşın ilk günlərindən Füzuli və Cəbrayıl bölgəsindən Vüsal Qaraca, Tərtədən Elnur Tofiq, Goranboydan Anar Şuşalı, eləcə də bu gün Füzulinin döyüş bölgəsindən canlı bağlantı yaradan Tural Qurbanov bu xalqın, bu millətin sevimlisidirlər. Bir neçə gün bundan əvvəl isə Tərtərdən reportaj hazırlayan AzTV-nin əməkdaşları ermənilərin mərmi atəşinə məruz qalıb. Sürücü yaralanıb, xidməti maşına isə qəlpələr dəyib. Ancaq buna baxmayaraq, AzTV-nin əməkdaşı Elnur Tofiq ekstremial şəraitdə belə, yəni onlar mərmi atəşinə tutularkən bu atəş altında reportajı hazırlayıb tamaşaçıya çatdırıb. Eşq olsun Azərbaycan Televiziyasının belə qəhrəman əməkdaşlarına! Allah onları qorusun!

Bu gün Azərbaycanın işğaldan azad olunmuş torpağı yolunda üç qüvvə çox böyük mücadilə aparır: biri Azərbaycan əsgəridi, biri həkimlərdi, biri də jurnalistlər! Həkimlərimizdən biri yaralını döyüş yerindən çıxararkən ağır yaralanıb və şəhid olub. Allah öz dərgahında saxlasın onu! Digər həkimlərimiz də döyüş bölgəsində sutkanın 24 saatı yatmır, yaralı əsgərlərimizin həyatını xilas edir. Əsgərlərimiz isə işğal altında olan torpaqlarımızı yağılardan qurtarır. Televiziya jurnalistləri birmənalı olaraq əsl mücadilə və savaş aparırlar. Bu ideoloji müharibədə, heç kimin xətrinə dəyməsin, AzTV liderlik edir. Çünki kanal sutkanın 24 saatını vətənpərvərlik mövzularına həsr edib. Yarım saatdan bir “AzTV Xəbər” efirə çıxır. On milyonluq əhaliyə şad xəbərlər çatdırır. Düzdür, bəzi özəl kanallar da cəbhə bölgəsindən canlı bağlantı və xəbərlər verirlər. Amma bunun sayını artırmaq lazımdır. Xüsusən SPACE kanalı bir balaca yuxudan oyanmalı və vətənpərvərlik mövzularına önəm verməlidir. Mikayıl Güləddinoğlunun verilişləri tay bəsdir. Nə qədər manısları təbliğ eləmək olar? Heç olmasa bir ay da Azərbaycan Ordusunu, Azərbaycan əsgərini, döyüşən oğulları gündəmə gətirmək lazımdır. İstedadlı rejissor hələ istedadlı jurnalist demək deyil. İstedadlı rejissor gözəl filmlər çəkə bilər, amma AzTV-nin yeni sədri Rövşən Məmmədov kimi inqilab eləyə bilməz. Rövşən Məmmədov jurnalistdir və jurnalist kadrları da vəzifəyə gətirib. Təbii ki, mənim bu fikrimlə razılaşmayan insanlar ola bilər. Amma gəlin onunla razılaşaq ki, bu gün sosial şəbəkələr fəaliyyət göstərmir, internet məhdudiyyətləri var, böyük Azərbaycan tamaşaçısı ən dəqiq və dürüst xəbərləri AzTV-dən alır. Buna heç kəsin sözü ola bilməz.

AzTV-nin bir üstünlüyü də ondan ibarətdir ki, yeni rəhbər vəzifəyə gələndən sonra uzun müddət bu  kollektivdə işləmiş, təqaüdə çıxmış və hətta işdən çıxıb getmiş istedadlı, təcrübəli, məhşur telejurnalistlərin təcrübəsindən istifadə edilir. Bu isə o deməkdir ki, bu televiziya kanalı itirilmiş şöhrətini özünə qaytarır, Azərbaycan televiziya məkanında yeni oyanış yaranır. Dövlətə və xalqa xidməti özünün əsas missiyası sayır. Deməli, biz informasiya müharibəsində qalib gəlmək istəyiriksə, tək AzTV deyil, bütün özəl TV-lər daha operativ və dürüst işləməli, cəbhə xəttində baş verən hadisələri  obyektiv şəkildə Azərbaycan tamaşaçısına çatdırmalıdılar. Bu həm də düşmənin yaydığı dezinformasiyanın qarşısını almağa yönəlir. Bu gün böyük savaşdır. Və bu böyük savaşda əsgərlərimiz, həkimlərimiz kimi, Azərbaycan jurnalistləri də yeni bir tarix yazmalıdır. Yeni bir tarixi isə biz cəbhədəki xəbərlərimizlə, reportajlarımızla, müsahibələrimzlə gündəmə gətirməliyik. Ulu Yaradan o cəbhədə raketin, mərminin, güllənin altında xəbərlər və reportajlar verən Azərbaycan jurnalistlərini qorusun!

TƏQVİM / ARXİV