adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
15 Oktyabr 2020 13:59
45977
MƏDƏNİYYƏT
A- A+

“Tarın səsi Qarabağdır” - MÜSAHİBƏ

 “Qarabağ musiqi tarixindən danışarkən deyim ki, bu tarix bir müsahibəyə sığmaz. Bu barədə 5-10 kitab da yazsaq, bəs etməz. Üzeyir bəy Hacıbəyovun, Bülbülün, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun üzərində qurulub Qarabağ musiqi tarixi. Bu şəxsiyyətlərin sayəsində Qarabağın musiqisi formalaşıb, gözəl ifalar ərsəyə gəlib. Biz sənətkarların sayəsində muğamı sevirik, musiqi alətlərimizi sevirik. Qarabağ musiqinin beşiyidir”. “Ədalət” qəzetinin qonağı tarzən Samir Səlimovdur.

-Tara sevgim, bəlkə də, Qarabağlı olmağımdan irəli gəlir...

-Ötən müsahibəmdə bu fikri səsləndirmişdim. Bəli, tara sevgim Qarabağlı olmağımdan irəli gəlir. Uşaqlığımdan bu yaşıma qədər müxtəlif sahələrdə özümü sınamışam. Valideynlərim idmana yönəldiblər, idmanın müxtəlif növləri ilə məşğul olmuşam. Həmçinin, rəqsə getmişəm, şahmatı öyrənmişəm. Amma sonra tarla məşğul oldum. Tara olan sevgim sonsuzdur. Bəkə də, Ağdamın həsrətindən doğurdu ki, mən tarı seçdim. Bu gün belə tarı, muğamlarımızı sevirəm.

-Qarabağın əzəli Azərbaycan ərazisi olmasını təsdiqləyən qeyri-maddi nəsnələr yetərincə çoxdur. Məsələn, muğam kimi...

-Muğam mənim üçün ana laylasıdır. Mənə əziz olan ana laylası kimidir muğam. Bəlli ki, biz uşaqlığımızdan ana laylası ilə böyümüşük. Düşünürəm ki, hər bir muğam həvəskarı olan insanın daxilində böyük ana sevgisi var. Muğamda hər bir şey var. Muğam bizim ifaçıların silahıdır. O silahla çox irəliyə gedə bilərsən.

Mənfur düşmənlərimizi mən sadəcə qəbilə adlandırıram. Fikrimcə, onlar hər şeyi oğurlamaq düşüncəsi ilə yaşayırlar. Neçə dəfə çalışıblar ki, Qarabağ musiqisini oğurlasınlar, amma alınmayıb. Xalq artisti, dəyərli xanəndəmiz Mənsum müəllim müsahibələrindən birində demişdi ki, ermənilərin əgər Qarabağda kökü varsa, niyə muğamlarımızı oxuya bilmirlər? Ermənilər muğamlarımızı oxuya bilməzlər. Onların içində sevgi hissi yoxdur. Çox nankor millətdirlər.

-Bir az da Qarabağın musiqi tarixindən söhbət açaq...

-Qarabağ musiqi tarixindən danışarkən deyim ki, bu tarix bir müsahibəyə sığmaz. Bu barədə 5-10 kitab da yazsaq, bəs etməz. Üzeyir bəy Hacıbəyovun, Bülbülün, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun üzərində qurulub Qarabağ musiqi tarixi. Bu şəxsiyyətlərin sayəsində Qarabağın musiqisi formalaşıb, gözəl ifalar ərsəyə gəlib. Biz sənətkarların sayəsində muğamı sevirik, musiqi alətlərimizi sevirik. Qarabağ musiqinin beşiyidir. Hətta vaxtilə Şuşa Qafqazın konservatoriyası da adlandırılıb.

-Ağdamla bağlı hansı arzularınız var?

-Ağdamla bağlı o qədər arzularım var ki. Rəhmətlik nənəm Ağdam haqqında danışanda həmişə oturub onu dinləyirdim. Mənim üçün Qarabağ sehrli bir aləmdir. O qədər düşünmüşəm ki, Ağdam işğaldan azad olunsun və mən gedim oranı görüm. Arada elə hiss edirəm ki, mən Ağdamda yaşamışam da.

O qədər arzular var. İstərdim, Ağdama qayıdaq. Çox istərdim, Qarabağımız işğaldan azad olunsun, orada mədəniyyət-incəsənət mərkəzləri tikilsin, teatrlar yaradılsın. Və mən də gedib o teatrlara baxım, həmin mərkəzləri görüm. İnşaAllah o gün uzaqda deyil, yaxındadır. Ali Baş Komandanımızın rəhbərliyi və Ordumuzun əzmi ilə o günləri də görəcəyik.

-Tarın sarı simi var ki, ona toxunanda ürəkləri titrədir. O zaman Şuşa da yada düşür, Ağdam da, Laçın da. Bir sözlə, bütöv Qarabağ göz önündə canlanır...

-Tar aləti o qədər milli alətdir ki, istər-istəməz onu ifa edəndə Qarabağ göz önündə canlanır. Ona görə də, tarın səsi Ağdamı, Laçını və başqa işğal olunmuş ərazilərimizi yada salır, xatırladır. Tarın səsi Qarabağdır. Bunu hər kəs bilir.

Bu günlərdə qələbələrə nail olmağımız qürurverici bir hissdir. 30 ildən çoxdur, torpaqlarımız işğal altındadır. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad olunur. Allah Ordumuzu qorusun.

Rövşən Tahir