adalet.az header logo
  • Bakı 13°C

Güclülər də qalibləri sevir - Mehman Cavadoğlu yazır

MEHMAN CAVADOĞLU
112225 | 2020-10-16 10:56

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçli həmkarıyla birgə keçirdiyi mətbuat konfransında maraqlı açıqlama ilə çıxış edib.  İndiki mərhələdə Minski qrupunun 9+2 formatında görüşünün keçirilməsinin vacibliyindən danışaraq deyib: “Biz artıq belə bir təkliflə çıxış etmişik. Həmsədrlər Minski qrupu qarşısında hesabat verməlidirlər, indiyədək hansı işlərin görüldüyünə,  konfliktin niyə nizamlanmamasına aydınlıq gətirməlidirlər. Problemin yeganə həll yolu erməni qoşunlarının işğal etdikləri ərazilərdən çıxarılmasıdır. Yalnız bundan sonra beynəlxalq birliyin həqiqətən münaqişəni həll etmək üçün real cəhdlər göstərdiyindən danışmaq olar”.

Çavuşoğlu haqlıdır, çünki bu qrup çoxdan öz funksional əhəmiyyətini itirib. Təzə yarandığı vaxtlarda cəmiyyətdə onlara böyük inam var idi, hər səfərləri, hər görüşləri maraqla izlənir, diskussiyalara səbəb olurdu. İnsanlar bu vasitəçi missiyanın bölgəyə ədalətli sülh gətirəcəklərinə ümid bəsləyirdilər. Lakin illər, onillər ötdü, proses başladığı yerdə ilişib qaldı, çıxılmaz dalana dirəndi, düşdüyü ölü nöqtədən tərpənmək bilmədi.

Açıq-aşkar hiss olunurdu ki, məsələnin acı bağırsaq kimi sonsuzluğa doğru uzanması nəinki ermənilərin, elə vasitəçilərin də marağındadır və onlar status-kvonu davam etdirmək yoluyla Azərbaycanı işğal faktıyla barışdırmaq taktikası seçiblər.

Proses uzandıqca adamlarınonlara olan inamı da ölür, bir vaxtlar ümidlə baxdıqları “sülh göyərçinləri” getdikcə istehza və lağ obyektinə çevrilir, hər səfərlərinə, hər “yeni təkliflərinə” yüz şəbədə qoşulurdu. Bir vaxtlar ölkədə kimdən soruşsaydınız həmsədrlərin adlarını əzbər söyləyərdilər. İndi onların kimliyini heç oxumuş adamlar da düz-əməlli bilmir, adlarını yazmamışdan əvvəl “Google”də eşələnməyə məcbur olur.

Həmsədr ölkələrin hər üçünün “erməni sevdalı” olduğu heç kimə sirr deyil.  Makronun son açıqlamalarından sonra isə Fransanın bu münaqişənin nizamlanması prosesində iştirak eləməyə nə siyasi, nə də mənəvi haqqı çatır. Odur ki, ya özləri bunu başa düşüb kənara çəkilməli, ya da Azərbaycan onun vasitəçiliyindən qəti şəkildə imtina etməlidir. Artıq o dərəcədə həyasızlaşıblar ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq məsələsini parlamentdə müzakirəyə çıxarmağa hazırlaşırlar.

Tovuz döyüşlərindən sonra bir çox xarici ölkələrdəki erməni və Azərbayca diasporu arasında böyük çalxalanmalar baş verdi. Bu, münaqişənin 30 illik tarixində yeni hadisəydi. Ermənilər bir əsrdən çoxdur ki, Qərbin siyasi kuluarlarında və siyasi terror müstəvisində apardıqları antitürk və antiazərbaycan davasını küçələrə daşıdı, yaşadıqları ölkələrdə qarışıqlıq salmaqla həmin dövlətlərin diqqətini yenidən öz əzabkeş obrazlarının üzərinə yönəltməyə çalışdılar. Amma gözləmədikləri mənzərəylə üzləşdilər. Azərbaycanın xeyli cavan diasporu onların bütün əməllərinə artıqlamasıyla, həm də adekvat cavab verdilər. Təkləyib döydülər, təklənib döyüldülər, kütləvi dava saldılar, kütləvi davayla üzləşdilər, obyektlərimizi dağıtdılar, obyektləri viran qoyuldu, dinc yürüşlər keçirdilər, daha coşqulu yürüşlərə tamaşaçı oldular.

Ordumuzun son günlərdəki zəfər yürüşlərisə başqa bir vacib məqamı  üzə çıxardı. Məlum oldu ki, dünya dövlətləri artıq Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini başa düşməyə başlayıblar. Əslində, əvvəllər də bunu başa düşür, ancaq etiraf etmirdilər. Əvvəlki illərə nisbətən daha çox ölkə məsələyə Azərbaycanın ərazi bütövlüyü prizmasından yanaşdılar ki, bunu da diplomatiyamızın və uzun illər sərgilədiyimiz qətiyyətli mövqeyin bəhrəsi hesab etmək olar.

Nəhayət, xarici KİV-lər də artıq tam olaraq Ermənistanı mövqeyini müdafiə eləmir. Əvvəlki dövrlərə nisbətən Azərbaycanın haqq səsi daha tez-tez eşidilməyə başlayır.

Təbii ki, ən azı bir əsrlik tarixə malik erməni diasporunun dünya siyasətinə təsir imkanları bizimlə müqayisədə hələ də qat-qat çoxdur. Bu dediklərimiz, sadəcə, son 30 ildə nail olduğumuz gəlişmələrdir ki, onu getdikcə daha mütəşəkkil hala gətirmək qarşımızda duran ən əsas vəzifələrdən biri olmalıdır.

Bizim diasporun Azərbaycan ideyası ətrafında cəmlənməsinin yuxarıda da dediyimiz kimi vur-tut 30 illik tarixi var. Bu çox olmasa da az müddət də deyil. Üstəlik, Avropa xalqlarıyla aramızdakı mental fərqlər, özümüzün bir millət olaraq başqa cəmiyyətlərə inteqrasiyayaya həvəsli və səriştəli olmamağımız, nəhayət, diaspor siyasətində üstünlük verdiyimiz yanlış istiqamətlər də prosesi ləngidən amillərdəndir.

Bu gün qardaş Türkiyə həmişəki kimi Azərbacanın yanındadır və ordumuzun haqq davasında ona hər cür mənəvi dəstək göstərir. Birinci Dünya Müharibəsindən sonra üzləşdiyi məğlubiyyətdən sonra əsrlər boyu Osmanlını çökdürmək istəyən Avropa gücləri, nəhayət ki, öz istəyinə çatdılar və 10 avqust 1920-ci ildə ona biabırçı Sevr müqaviləsinin şərtlərini diqtə etdilər. Böyük Atatürkün başladığı İstiqlal Savaşı nəticəsində hərb meydanında möhtəşəm qələbələr qazanıldıqdan, işğalçılar ölkədən qovulduqdan sonra həmin müqavilə lazımsız bir kağız parçası kimi tarixin zibilliyinə atıldı, 24 iyul 1923-cü ildə bağlanmış Lozanna müqaviləsiylə bugünkü Türkiyə Cumhuriyyətinin əsası qoyuldu. İndi bu dövlət dünya siyasətinin əsas söz sahibi, aparıcı oyunçularından biridir. Onu bu qədər güclü edən məhz həmin İstiqlal Savaşında əldə etdiyi parlaq qələbələr oldu.

Danışıqlar masasında sözünün kəsərli və keçərli olması üçün hərb meydanında qələbələrə imza atmalısan. Bu gün şanlı Azərbaycan ordusunun ard-arda qazandığı parlaq qələbələrə hər vasitə ilə mane olmaq istəyənlər sabah onunla hesablaşmağa məcbur olacaqlar. Şübhə etməyin. İşartıları elə indidən görünməyə başlayır. Rusiyanın, ABŞ-ın və bir çox başqalarının bügunkü ritorikalarında əvvəlki amiranə ahəngin öləziməsinin də kökündə məhz bu amil dayanır. Ona görə də “irəli, Azərbaycan ordusu!” Hətta güclülər də qaliblərin yanında durmaqdan qürur duyur.

P.S. Bilmək olmaz hələ bundan sonra Minsk qrupuna ehtiyac qalacaq, ya yox.    

TƏQVİM / ARXİV