adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 Oktyabr 2020 18:33
32411
ELM VƏ TƏHSİL
A- A+

Türkiyə Universitetlərindən Azərbaycana dəstək

ATU ilə əməkdaşlıq edən Türkiyə ali məktəbləri dəstək məktubları göndərirlər

Bu ağır günlərdə Azərbaycanın ən böyük dəstək aldığı ölkənin dost və qardaş Türkiyə olduğu şəksizdir. Azərbaycan Tibb Universitetinin (ATU) sıx əməkdaşlıq etdiyi Türkiyə ali məktəbləri də bu haqq savaşında  Azərbaycanın yanında olduqlarını bəyan ediblər.

Bu günlərdə Türkiyənin 19 Mayıs Universiteti, İnönü Universiteti və Qazi Universitetlərinin rəhbərliyindən ATU-ya dəstək məktubları daxil olub. 

İnönü Universitetinin rektoru Prof. Dr. Ahmet Kızılay ATU rektoru Gəray Gəraybəyliyə ünvanladığı məktubda bir daha Azərbaycanın yanında olduğunu bildirib: “İnönü Universiteti olaraq Ermənistanla müharibədə can Azərbaycanın yanında olduğumuzu billməyinizi istəyirik. Hərbi əməliyyatlar başladıqdan sonra İnönü Universitetinin rəhbər nümayəndələri qatıldıqları bütün tədbirlərdə bunu vurğulayırlar. Türkiyənin ən güclü universitetlərindən biri olaraq ATU ilə əməkdaşlığımıza görə çox şanslıyıq. Gələcəkdə də davamlı və möhkəm əməkdaşlığımızın davam edəcəyinə inanırıq. Bir daha bildirmək istəyirik ki, ehtiyac duyulan hər sahədə sizlərə dəstək olmağa hazırıq”.

Ondokuz Mayıs Universitetinin rektoru, professor Dr. Yavuz Ünal da ATU rəhbərliyinə ünvanladığı məktubda hər mənada Azərbaycanın yanında olduğunu bildirib. Qeyd edib ki, Azərbaycan öz torpaqları uğrunda savaşır. Bu müharibədə Ermənistanın mülki şəxsləri hədəfə alması, uşaqları qətlə yetirməsi heç bir əndazəyə sığmır. Ondokuz Mayıs Universiteti bu hücumları qınamaqla yanaşı, Azərbaycanın yanında olduğunu bəyan edib, ATU ilə həmrəyliyini bəyan edərək ölkəmizi hər mənada dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb.

Qazi Universitetinin rektoru, professor Musa Yıldız isə ATU rektoru ilə onlayn görüş zamanı bu gərgin günlərdə Azərbaycan xalqının və rəhbərliyinə dəstəyini ifadə edib. Rektor M.Yıldız Azərbaycan Ordusunun qələbələri münasibətilə Azərbaycan xalqını ürəkdən təbrik edib. Həm də işğalçı Ermənistana qarşı həyata keçirdiyimiz ədalət müharibəsində bizi tam dəstəklədiyini bildirib.

ATU rektoru Gəray Gəraybəyli dəstək bəyanatları üçün Türkiyəli həmkarlarına təşəkkürünü çatdırıb. Cavab məktubunda rektor G.Gəraybəyli Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, 27 sentyabr hadisələrinə səbəb olan erməni təxribatı və Azərbaycanın hazırda apardığı  haqq savaşı haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu həssas dövrdə Türkiyənin ən güclü universitetlərindən dəstək məktublarını almaq bizi çox qürurlandırıb: “Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan iki dövlətdir, bir millətdir. Tarix boyunca biz yaxşı və pis günlərimizdə birlikdə olmuşuq, bir-birimizdən qardaş dəstəyimizi heç vaxt əsirgəməmişik”.

Yüksək həssaslıq, diqqət üçün 19 Mayıs Universiteti, İnönü Universiteti və Qazi Universitetlərinin rəhbərlərinə təşəkkür edən professor Gəray Gəraybəyli Azərbaycan həqiqətləri ilə bağlı dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində görülən işlər üçün də universitet rektorlarına təşəkkürünü çatdırıb.

“Azərbaycan xalqı olaraq, bu ədalətli mübarizədə qardaş Türkiyənin yanımızda olmasından qürur duyuruq və sizə dərin minnətdarlığımızı bildiririk” deyən rektor G.Gəraybəyli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun bu savaşda qələbə qazanacağından əmin olduğunu da vurğulayıb.