adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Oktyabr 2020 15:56
72833
MƏDƏNİYYƏT
A- A+

““Qarabağ şikəstəsi”nin tarixi çox qədimdir” - MÜSAHİBƏ

“Arzularım çoxdur. Söhbət Qarabağdan gedirsə, həqiqətən, çoxdur. İstərdim ki, Şuşamızda Məcnun obrazını canlandıram. “Leyli və Məcnun” tamaşasını Qarabağın təmiz havasından udub suyundan içərək oxumaq başqa bir hiss olar. Allah qismət eləsin, torpaqlarımız azad olunsun və arzum çin olsun”. “Ədalət” qəzetinin qonağı Opera və Balet Teatrının solisti, Əməkdar artist, Prezident Mükafatçısı Elnur Zeynalovdur.

-Bilirəm ki, Qarabağ bölgəsindənsiniz...

-Bəli, mən Qarabağlıyam. Ağdamın Güllücə kəndindənəm. Orada doğulmuşam, 12 yaşıma, torpaqlarımız işğal olunana qədər orada yaşamışam. Uşaqlığımda Şuşa, Laçın, Kəlbəcər, Ağdərə kimi rayonlarımızda çox olmuşam, Qarabağın gözəlliklərinin gözlərimlə görmüşəm. İşğal olunmuş rayonlarımızda atam məni çox gəzdirib. Qarabağ hər birimizin yaralı yeridir. Qarabağ mənim üçün 30 mindən çox şəhid deməkdir. Qarabağ mənim üçün Xocalım deməkdir, ata-baba yurdum deməkdir. Qarabağ Pənahəli xan deməkdir. Artıq ağrılı-acılı günlərimiz geridə qalmaqdadır. Ali Baş Komandanın əmri ilə Ordumuz torpaqlarımızı işğaldan azad edir. Allah əsgərlərimizin hər birinə kömək olsun.

-Bu bölgənin insanlarının çoxunda ürəyəyatımlı bir səs olur. O səs sizdə də var. Nə zamandan muğama meyil göstərdiniz?

-Deyərdim ki, hər bir Qarabağlıda səs olur, kimisi sənətin arxasınca gedir, kimisi yox. Uşaqlıqdan musiqi ilə məşğul oluram. Yalnız keçid dövründə oxumadım. Keçid dövründən sonra Allah yenidən bu səsi mənə verdi. 2005-2006-cı illərdən isə artıq peşəkarcasına sənətlə məşğulam, professional səhnədəyəm.

-Ailənizdə sizdən başqa bu sənətlə məşğul olan kimsə varmı?

-Ailəmdən hazırda kimsə bu sənətlə məşğul olmur. Düzdür, atamın gözəl səsi var, amma təəssüflər olsun ki, bu sənətlə məşğul olmayıb.

-Opera və Balet Teatrında da çalışırsınız...

-Artıq 13 ildir ki, Opera və Balet Teatrında işləyirəm. Demək olar ki, milli tamaşalarımızın hamısında baş rolları ifa etmişəm. “Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” tamaşalarında baş rolları sevə-sevə oynayıram.

-Elə bir arzunuz varmı ki, Məcnun obrazını Qarabağda canlandırasınız?

-Arzularım çoxdur. Söhbət Qarabağdan gedirsə, həqiqətən, çoxdur. İstərdim ki, Şuşamızda Məcnun obrazını canlandıram. “Leyli və Məcnun” tamaşasını Qarabağın təmiz havasından udub suyundan içərək oxumaq başqa bir hiss olar. Allah qismət eləsin, torpaqlarımız azad olunsun və arzum çin olsun.

-Bildiyimə görə, övladınız dünyasını dəyişib. Allah rəhmət eləsin...

-Allah bütün ölənlərə rəhmət eləsin. İlk övladım 1 yaşında qəfil dünyasını dəyişdi. Sağlam uşaq idi. Heç bir problemi yox idi. Bir gün səhərə yaxın gördük ki, uşaqda xırıltı var, xəstəxanaya apardıq, 10 günə yaxın xəstəxanada qaldı. Həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişdi. Allah övlad acısını kiməsə yaşatmasın.

-“Qarabağ şikəstəsi”ndən söhbət açaq...

-“Qarabağ şikəstəsi”nin tarixi çox qədimdir. Sənətkarlarımızın səsindən süzülüb bu günə gələn bir şikəstədir. Yeni nəsildə onu sevə-sevə oxuyur. Qarabağımız işğal altında olduğu üçün mən “Qarabağ şikəstəsi”nin sözlərində dəyişiklik etmişdim və çox da yaxşı qarşılanmışdı. Bu dəyişiklik bir növ dünyaya ismarıc idi ki, Qarabağımız viran qalıb. İndi isə düşünürəm ki, şikəstəni olduğu kimi oxumağım üçün az bir müddət qalıb.

-Torpaqlarımız işğaldan azad olunur...

-Torpaqlarımızın işğaldan azad olunması xəbərlərini eşitmək adamı qürurlandırır. Bu hissi mən heç vaxt yaşamamışam, heç vaxt. Sözlərlə deyiləcək bir hiss deyil. İnşaAllah ki, Şuşa azad olunar, Qarabağımız tam azad olunur və biz bu barədə daha geniş danışarıq.

-Başqa deyəcəkləriniz varmı?

-Əsgərlərimizə yalnız qələbə arzulayıram. Canları bahasına tarix yazırlar. Allah Dövlətimizi, Ordumuzu, Xalqımızı qorusun.

Rövşən Tahir