adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
14 Oktyabr 2020 10:44
91121
ƏDƏBİYYAT
A- A+

SOLMAYAN NƏRGİZ - ULDUZ QASIM yazır

Otuz ildən artıq bir müddətdə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yaşayan, əslən isə bu günlərdə düşmən tapdağından təmizlənən Cəbrayıl rayonundan olan Azərbaycan yazıçısı Ulduz Qasım özünün Qarabağdan bəhs edən yeni romanını nəşrə hazırlamışdır. Elə indicə qulağı səsdə, gözü ekranda, yəni cəbhədən gələn xəbərlərin qəhər qarışıq sevinci altında (hamı kimi!) Ulduz xanımın son cümlələri ümid nuruna bələnmis yeni əsərini oxuyub başa vurdum və bəlkə də onu ilk oxuyanlardan biriyəm. Bu qısa təqdimatın əsər barədə ilk rəy olduğu isə şübhəsizdir. Bu səbəbdən qısaca olaraq qeyd edim ki, mövzu, hadisə, süjet, bir sözlə, bəlli bir zaman və məkan daxilində təqdim olunan həyat həqiqəti və bədii ifadənin nail olunmuş səviyyəsi kifayət qədər təsirli, eyni zamanda unudulmazdır. Roman "Solmayan Nərgiz” adlanır. Bu, "Qürbət Zöhrəsi”, "Xocalı şikəstəsi” əsərlərindən sonra ( hər iki roman Baki ilə yanaşı, istedadlı türkiyəli yazar İmdad Avşarın çevirməsində İstanbulda da işıq üzü görmüşdür), qürbətdə yaşasa da qəlbi daim Vətənlə birgə çırpınan yazıçının özünün dediyi kimi, müqəddəs mövzuda qələmə aldığı üçüncü irihəcli yazıdır. Amansız düşmənin təcavüzündən inanılmaz əziyyət çəkən, yurdu zorla əlindən alınan, ən ekstermal vəziyyətlərdə belə fərdi, milli, tarixi ləyaqətini qorumağı bacarmış insanlardan danışan "Solmayan Nərgiz”ə, məncə, xoşbəxt roman deyilə bilər. Çünki əsər küllü-Qarabağın, o sırada Cəbrayılın Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuz tərəfindən azad olunduğu günlərdə işıq üzü görür. Canından artıq sevdiyi Cəbrayılın 30 ildən sonra azadlığa qovuşması və qələmə aldığı yeni roman münasibəti ilə Ulduz Qasımı təbrik edirəm. Əsərin əvvəlindən alınmış qısa parçayla tanış olun.

Rəhilə GÜLGÜN,

Yazıçı-publisist, "Loqos” jurnalının baş redaktoru.

 

 

 

 

 

Romandan parça

Qəfildən qadınlar arasında qışqırtı qopdu. İndi də Qızbəs arvad huşunu itirmişdi. Kimi-kimsənəsi olmayan binəva qocanı qonşular hayan durub çayın qırağına qədər gətirmişdilər. Torpağın üstünə çul kimi sərələnib hərəkətsiz qalan qadına hərə bir tərəfdən nəsə yardım eləməyə can atırdıdı. Dua eləyir, yaş dəsmalla üzünü, qupquru, taqqanaq sinəsini yaş dəsmalla isladırdılar. Rəcəb yaxınlaşıb qadının arıq biləyindən yapışdı, nəbzini tutdu, susub dinlədi, nəbz vururdu:

- Yaşayır, basabas salmayın. Yaşlı adamdı dayna. Bir heylə yolu payi-piyada gəlmək zarafat deyil ha, cavannarın nəfəsi kəsilib, qaldı ki, o ola. Kim bilir bəlkə heç bir tikə yavan çörək gəvələməyə də imkan tapmayıb binəva arvad, yemək-filan yeməyibsə, demək şəkəri qalxıb. Qoy görək, Hikmət allahsaxlamış qayıtsın, bu dönüş arvadı mütləq göndərərik o taya.

Rəcəb uzun nitqini bitirib, Hikmətin qayıdıb gələ biləcəyi səmtə boylandı. Elə bil onun bu sayaq boylanmağına bəndmiş, həqiqətən də oğlan iri və tələsik addımlarla yaxınlaşırdı… O, çatdı, sanki bayaqdan burada nə baş verdiyini, söhbətin nədən getdiyini irəlicədən bilirmiş. Gəlib yetişən kimi Qızbəs arvadı yüngül yun topası kimi qolları arasına alıb sinəsi bərabərində yuxarı qaldırdı.

- Gəl, anam, gəl, hər şey yaxşı olacaq…

-Allah köməyin olsun , bala, kaş ölüb bularda qalaydım, sizə belə yük olmayaydım, əzizlərimin yanında basdıraydılar məni... Atamın-anamın yatdığı qəbrstanlıqda yataydım. Özümə qəbir daşı hazırlatmışdım, qəbrstanlıqda yer nişanlamışdım səki!

- Danışıb, özünü yorma, ay ana, beş-on dəqiqəyə o tayda olacaqsan. Ölmək nədi? İxtiyar çağında sənin kimi anaya zülm eləyənlər gəbərsin!

Qızbəs arvad yerbəyer olandan sonra o, digər qadınlara səsləndi:

- Gəlin görün bura neçəniz yerləşir, bərk tutun ki, suya düşməyəsiniz.

Qadınların bir neçəsi bulduzerin yedəyindəki lapetə doluşdu. Qalanlara səbirli olmağı tapşırdı oğlan:

- Bir azdan qayıdıb sizi də keçirəcəyəm.

Bu tayda qalıb gözləyənlərin əksəriyyəti gənclər idi, əvvəl yaşlıları, uşaqları daşımışdı.

Ac və yorğun insanların düşüncələri donmuşdu. Ömürboyu qurub-tikdikləri ev-eşik, qapıda qoyub gəldikləri heyvanlar, toyuq-cücə, nə də təpili-tıxalı evlər vecə gəlmirdi. Amma qovulub getdikləri torpağa bir də qayıtmayacaqlarını fikirləşəndə ağır dərd tüstülənə-tüstülənə bir də közərirdi. Yaddaş ocağını yel üfürüb yenidən alışdırırdı. Təpədən tüstü çıxmaq bax, buna deyiblər. Yaxşı ki, bu ümidlər var, yoxsa, dəli olar insan. Bu torpaqları bir daha görməmək gecələr yuxunun ərşə çəkilməsi, gündüzlər əl-qolun qırılıb yanına düşməsi, dəli olmaq deməkdi, vallah!

Bir iş var ki, min illərdən bərkiyə-bərkiyə bu günə yetişən xalq müdrikliyinin cövhərini Tanrıya ümid təşkil edir. İnsanlar inanırlar ki, ən dar macalda da Allah onları tək buraxmır. O gözəgörünməz qüvvə yaratdığı bəndələrinə qarşı lütfünü bir an belə əsirgəmir…

xxx

…Birdən hələ tələbəlik illərində yazıb doldurduğu dəftərlər və elə o illərdə alıb oxuduğu kitablar Zeynəbin yadına düşdü. Az qaldı ürəyi dayana. Günlərlə gizlincə dəftərə köçürdüyü xatirələrini, şeirlərini necə qoyub gedə bilərdi. Geri dönməli, onları götürməliydi. Qızın qəti qərarı beləydi, amma necə dönsün? Bu yandan da anası bir an olsun qızını gözdən qoymurdu. Elə bil onu itirəcəyindən qorxurdu. Neyləsin, belə qarışıq vaxtda nə desən olar. Ayağını sürüyə-sürəyə irəli yerisə də qəlbi onu geri çəkirdi… Nəsə bir bəhanə gərəkdi, qız düşündü. Hə, bəlkə anasının atasından nigaran qalması kara gəldi.

- Ana, atam çox yubandı, heyvanları Arazdan keçirib yanımıza gələsiydi, qonşular hamısı qayıtdı, amma, atam yoxdu. Bəlkə gedim baxım görüm heyvanları kecirə bildi ya yox…

- Atan uşaq deyil, buraların hər qarışına bələddi, necə olsa, heyvanları keçirib gələcək. Piyada deyil ha, altında atı var.

- Atamın xasiyyətinə yaxşı bələdsən, ana, əgər mal-qaradan bircəciyini çaydan keçirə bilməsə, özü də o taya keçəsi deyil. Mənə nə olasıdı, gedim əl-ayaq verim, tez keçirək heyvanları.

Deyəsən anasını sıyılda bilmişdi. Arvad bir qədər susdu, dillənmədi. Qız fürsətdən istifadə etdi, yalvarıcı səslə dedi:

- İcazə ver gedim, ana, atamdan xəbər tutmaq istəyirəm.

İcazə demək olar ki, alınmışdı. Qız iti səslədi:

- Saymaz, Saymaz, gəl görüm, getdik.

İt quyruğunu bulaya-bulaya Zeynəbin böyrünə düşdü. Onlar ölüm-zülüm gəlib yetişdikləri, guya etiarlı məkandan üzü geri, bir müddət əvvəl hamı tərəfindən ellikcə tərk edilmiş kəndə sarı tələsirdilər. Arazın qırağına çatdılar. Zeynəb suyun dərinliyini, dayazlığını eyninə almadan özünü çayın axarına buraxdı...

…Huşu başına gələndə qız göz qapaqlarını ağır-ağır açdı, o quruca torpağın üstündə uzanılı qalmışdı. İt onun yaş paltarını yalayırdı. Sanki bu vəziyyətdə çox qalsa sahibinə soyuq dəyəcəyindən qorxurdu. Qız iniltili səslə çağırdı:

- Saymaz…

Köpək məzlum-məzlum Zeynəbə baxdı.

- Deməli məni sudan sən çıxarmısan? Heç bilmədim niyə batdım, axı mən üzməyi yaxşı bilirəm. Elə bil başıma daş vurdular…

Ufultu içində ayağa qalxdı. Kəndin başındakı kanala çatanda görüb eləyən olmasın deyə özünü çuxura saldı, kanalın içi ilə yarıbükülmüş getdi… İt sanki təhlükə olacağını irəlicədən hiss edir, qızın yanından aralanmırdı. Zeynəb canı bahasına risk elədiyinin fərqində idi, amma həyatının acılı-şirinli anlarını, duyğularını köçürdüyü dəftərlərindən ayrılmaq, onun əllərə düşməyini, yağışda, suda islanmağını, yaxud Allah bilir, bu gün ya sabah düşmənin od vurduğu evin içində yanıb külə dönməyini istəmirdi. O vərəqlər arasında, o sətrlər içində Zeynəbin həyatı çırpınırdı…

xxx

Pəri sanki yuxudan ayıldı. Fəzli atın belində onlara tərəf çapırdı. Arvadı elə bil ildırım vurdu. Bəs Zeynəb hanı, kişi niyə təkdi? Qorxu və həyəcandan gözü böyüyən qadın atlıya sarı ayaqlandı. Səsi sanki quyu dibindən gəlirdi:

- Fəzli, Zeynəb hanı?

- Qızı məndən niyə soruşursan, axı, sizi birgə yola saldım?

- Mənə dedi atamdan xəbər tutmağa getmək istəyirəm, sonra da aralaşdı. Oy, Allah!

- Nə oldu?

- Biz bu andır yola çıxandan sonra vaysınırdı ki, dəftərləri qalıb evdə, onların dalınca qayıtmış olmasın?

Fəzli kişinin sanki beli qırıldı, zorla atdan düşüb yerə çökdü. Pəri arvad ərinə təskinlik vermək istəsə də qızının təhlükədə olduğunu düşündükcə, ürəyindən qara qanlar axırdı. Fəzli kişinin beynində bircə fikir vardı, qız o namussuzların əlinə keçməsin, yoxsa bu dünyada yaşamaq ona haram olardı.

- Fəzli, qalx ayağa, özünə gəl. Allahım, sən mənim balamı qoru!

Pəri arvadın hay-harayını eşidən qonum-qonşu onların başına toplaşdı. Rəcəb irəli yeriyib Fəzi kişiyə sarı əyildi:

- Nə olub, ay Fəzli dayı, bu nə səs-küydü?

Pəri arvad kişinin cavabını gözləmədən iki əli ilə başına vurub hönkürdü:

- Ay elim, günüm, qızım, Zeynəb… - sözünü tamamlaya bilmədi, bir anda yaşı sel kimi axan gözləri böyüyüb az qala hədəqəsindən çıxdı.

Rəcəb Fəzli kişini silkələdi:

- Fəzli dayı, sən Allah özünə gəl, bir düz əməlli söz deyin, bilək Zeynəbə nə olub?

- Nə bilim, ay bala, anasının dediyinə görə evdə vacib dəftər-kitabı qalıbmış, onların götürməyə qayıdıb kəndə...

Qonşu qadınlar huşunu itirmiş Pərinin üz-gözünə su vurub ayıltdılar.

Rəcəb dilləndi:

-Fəzli dayı, sakit ol bir az, dünya görmüş adamsan, Zeynəbin qoçaqlığını bu kənddə bilməyən yoxdu, bilirəm, nəyin fikrin çəkirsən, o qız ölər, amma özünü ələ verməz. İt də yanındadır, harda olsa gəlib çıxacaq.

Rəcəb gəncləri səslədi:

- Uşaqlar, səpələnin ətrafa, amma səssiz olun, hərəmiz bir yandan yan-yörəyə baxaq.

Qonum-qonşu nə qədər cəhd eləsə də Pəri aram olmurdu. Arvad elə hey dizinə, başına döyür, qıza getməyə izn verdiyinə görə özünü günahlandırır, vaysına-vaysına ağlayırdı:

- Dilim-ağzım qurusun, nə biləydim mən bu qızın baş alıb gedəcəyini. Uşaqlıqdan dəftər-kitab azarlısıdı, bilmirəm nə var o dəftərdə, əlindən yerə qoymur. Bir deyən lazımdı ki, ay bala, millət can hayındadı, mal-mülk yaddan çıxıb, hər yerdə qaçaqaçdı, sən neynirsən axı bir əlcə dəftəri, dəftərdən çox dəftər var, nə qədər istəyirsən yaz doldur. Dedim yəqin atasıynan tapışar, bikir dönəllər.

Fəzli kişi Pəriyə acıqlandı:

- Bəsdi, ay arvad, bəsdi gözünün qorasını sıxdın, Allah böyükdü, dua elə, sağ-salamat gəlib çıxar, inşallah.

 

 

xxx

Zeynəb evlərinin qənşərindəki kolluğa sığındı, yaxınlıqdan erməni dilində danışıqlar eşidilirdi. Deməli onlar gəlib kəndə doluşublar, deməli yurdu tərk etməkdə adamlar düzgün qərar veriblər. Hamını güllədən keçirəcəkdilər, quduzlar!

Zeynəb yanlış addım atdığını bilsə də nə geriyə, nə də irəliyə yolu olmadığını anlayırdı. Köpək sanki təhlükənin yaxında olduğunu hiss edir, nəfəsini içinə çəkərək təsəlli verirmiş kimi sakitcə Zeynəbin əlini-ayağını imsiləyirdi. Qaranlığın düşməsini gözləməkdən başqa çarə qalmamışdı. Amma ermənilər bir az irəli gəlsəydilər, indi gizləndikləri yerdə onları rahatca görə bilərdilər. Zeynəb Saymaza işarə elədi ki, kanaldakı kolluqdan çıxıb daha etibarlı yerdə, qarşılıqdakı qamışlıqda gizlənməlidirlər.

O, həmişə qorxmazlığı, cəsarəti ilə oxuduğu məktəbdə, yaşadığı kənddə yaşıdlarından fərqlənmişdi. Bəzən oğlanlar onun cəsarətinə, iradəsinə mat qalırdılar. Zeynəb bir işə qol qoydusa, nəyəsə söz verdisə, onu nəyin bahasına olursa-olsun yerinə yetirməliydi. Amma indi vəziyyət başqaydı. Azğın düşmənlə az qala nəfəs-nəfəsə olan qızı damarda qanı donduran bir təlaş bürüyürdü, ürəyi sanki ağzında döyünürdü. Ermənilərin səsi kəsilmişdi, qaraltılar qeyb olmuşdu. Qız sürünə-sürünə sıx kolluqdan çıxıb qamışlığa sarı hərəkət etdi. Köpək bir ağız hürdü. Bu dəfə də qarşıdan qarışıq səslər qalxdı. Yad adamlar nəsə duymuşdular, uzaqdan iki qaraltı onların sığındığı yerə sarı irəliləyəndə qızın az qala nəfəsi durdu. Onu ölüm qorxutmurdu. Tüfəngdi, açılıb dəyər, cəhənnəmə, ən dəhşətlisi diri-diri ələ keçməkdi, özü də gənc qız uşağı… İti özündən aralaşdırmaq istədi, düşündü ki, heyvandı, səs salıb işləri korlamasın, o biri yandan da tam əmin idi ki, basqınçılar it-pişik, adam, mal-heyvan demirlər, gözə görünəni atəşə tuturlar. Deyirlər it itin ayağını basmaz, bu quduzlar iti də vururlar…

- Saymaz, gəlirlər, sən qaç, canını qurtar barı…

İt hələ də boğuq səslə mırıldanıb qızın ipək donunun ətəyini dartışdırdı. Zeynəb qamışların arasıyla ehmal-ehmal evlərinin kəllayısındakı moruqluğa tərəf süründü. Kol-kos əlini-ayağını cırmaq-cırmaq eləsə də qız dayanmadan sürünüb özünü ot tayalasının dibindəki çuxura saldı. İt qızın böyrünə sığınıb gözünü döydü.

Əli avtomatlı iki quldur qamışlığı ələk-vələk eləyəndən sonra kolluğa tərəf yeridi. Anlaşılmaz, qarış-quruş danışıq səsləri indi bir qədər də yaxından gəlirdi, bəlkə heç qızla dığaların arasındakı məsafə yüz metr də olmazdı. Xilas yalnız Allahın möcüzəsinə qalmışdı…

Ot tayasını didişdirib üstlərini basdırmışdılar. Təhlükə sovuşana qədər tərpənib şıqqıltı salmasaydılar, bəlkə də görən olmazdı… Birdən hiss elədi ki, it yanında yoxdur, o çuxurdan necə, haçan çıxmışdı ki, xəbər tutmamışdı. İnsan fəlakət anında nicat duyğusundan savayı heç nə barədə düşünə bilmir, ətini kəssən belə xəbər tutmaz. İndi belə bir hal yaşayırdı Zeynəb. Sükutu qorumaq həyatı qorumaq demək idi. Əslində itin çuxurdan çıxıb havalı bir şəkildə kolluqla qamışlıq arasında hürə-hürə dazımağı qızın salamat qalması, ələ keçməməsi üçün şans yaratmışdı. Bu mənzərə sanki dığaları inandırmışdı ki, həndəvərdə sahibsiz qalıb havalanan itdən başqa bir ins-cins yoxdu. Ermənilər bu nabələd məhlələr arasında, özü də şər qarışan vaxtda dolaşmağın faydası olmadığını düşünüb, deyəsən, hardasa yaxınlıqda komarlaşan "it xılı”, "köpək sürüsü”nə qatışmaq üçün aralaşdılar.

Ayaq səsləri tamam kəsilmişdi, ətrafda hənirti yoxdu, Zeynəb başının üstündəki kol-kosu aralayıb ehtiyatla yan-yörəyə göz gəzdirdi. Ətrafda tam sakitlik hökm sürürdü. Hava hələ tam qaralmamışdı, amma toran çalmışdı. Üzü-güzü, qolu-qılçası qan içində nəfəsi daralan Zeynəbin addım atmağa heyi qalmamışdı, qorxu, həyəcan, bir yandan da aclıq onu tamam üzmüşdü. Amma hər necə olsa hərəkət etmək lazım idi. O, sürünüb yenidən kanala girdi, axar suyun əksinə irəliləmək çətin olsa da qız var gücünü toplayıb topuğunu güclə örtən suyu mümkün qədər şappıltadmadan gedirdi. Bir xeyli gedəndən sonra dayanıb nəfəsini dərdi, kanalın tirəsindən ətrafa boylandı, gözə dəyən yox idi. Qız kanaldan çıxdı. Evləri yüksəkdə təpənin döşündə oldugundan toranlıqda uzaqlaşan iki qaraltını görə bilirdi. Elə bil get-gedə qorxu-ürkü qızın canından çıxırdı. Zəminin içiylə sürünərək evlərinə lap yaxınlaşdı, tut bağına girdi. Ətrafa diqqətlə göz gəzdirdi. İns-cins yoxdu. Bir qədər əvvəlki atəş səsini xatırladı, Saymazı, vəfalı köpəyini düşündü. Binamuslar yazıq heyvanı öldürmüş olmasınlar, acı-acı düşünüb duruxdu, boğazının içini qəhər acısı tutdu. Ani xışıltıdan diksindi, ürəyi az qala yerindən çıxacaqdı. Yüngül meh kökü torpağı sarıb-sarmalayan, nəhəng gövdəli, qollu-budaqlı tut ağacının yarpaqlarını astaca yellədirdi. Evlərinə tərəf sürünməyə davam elədi. Qorxu, aclıq və yuxusuzluqdan başı gicəllənir, ürəyi bulanır, kol-kosun qanatdığı yaraları gör-gör göynəyirdi.

Hava isə anbaan qaralmaqdaydı, O, qatı qaranlığın düşməsini gözləməliydi. Tut ağacının altını gəbə kimi bürüyən otluqda uzandı ki, hərəkət eləməyə güc toplasın. Güc hardaydı, dünya gözündə qaraldı, uzandığı yerdəcə huşunu itirib lam-süst qaldı.

Zeynəb özünə gələndə gecə yarıdan keçmişdi. Əvvəlcə harada olduğunu anışdıra bilmədi. Key-key ətafına baxdı, tutduğu işi, indi belə bir çıxılmazlığa düşdüyünü yadına salanda vahimələndi. Yarıyuxulu, yarıoyaq qız başının üstünü kəsdirən kölgəni görüncə, bu da son, düşüncəsiylə əlini dünyadan üzdü.

Kölgə Saymazdan düşürdü, köpək sanki qızın fikrini oxudu, onun əllərini, ayaqlarını yalamağa başladı.

Qız elə bil yenidən doğuldu, heysiz qollarıyla Saymaza sarıldı. Dilsiz heyvan sanki gözləriylə ona yalvarır, "gəl buralardan uzaqlaşaq” , deyirdi.

Qız cəhd eləsə də ayağa qalxa bilmədi, başı yenə gicəllənirdi, yenə yıxılıb huşunu itirdi. Aradan nə qədər zaman keçdiyinin fərqində ola bilməzdi o. Ayılanda yenə Saymazı baş ucunda gördü. İt zingildəyə-zigildəyə onun araqlarını dartışdırır, nə isə anlatmağa çalışırdı. Başı sanki ağır daş parçası idi, zorla qəddini düzəltdi, oturdu, Ay işığında qarşısında düşüb qalan ölü quşu, kəkliyi görəndə dönüb itə sarı baxdı. Saymaz quyruğunu bulayır, gözlərini Zeynəbdən ayırmırdı, sanki "acsan ye, qüvvən olsun, səni sağ-salamat aparım”, demək istəyirdi.

Heyvanın davranışlarından təsirlənən Zeynəb göz yaşlarını saxlaya bilmədi, elə bu vaxt sanki ilahidən ona güc gəldi, ayağa qalxıb Saymaza yaxınlaşdı, onun başını tumarladı, kəkliyi yerdən götürüb itin qarşısına qoydu, pıçıldadı:

- Sən ye, Saymaz, sənin qismətindi, mən çiy əti necə yeyim?

Heyvan sahibini yedirtmək üçün çox güman ki, çəkillikdən tutub gətirdiyi kəkliyi ayağı ilə kənara itələdi, yəni, " sən acsansa, mən də yemərəm” - dedi.

Saymaz onu dartışdırmağa başlayanda Zeynəb anladı ki, vaxt itirmək zamanı deyi, təhlükə hər an təkrarlana bilər. Son gücünü toplayıb irəlilədi. Ay işığında ağaran cığırı tutub gedirdi. Sahilə az qalırdı, Arazın şırıltısı eşidilirdi, amma daha yeriyə bilmirdi, bir-iki dəfə səndirlədi, anasından ayrılıb dogma ata yurduna gedən, oradan üzügeri, köçkün qafiləsinə qoşulmaq üçün qayıtdığı yolda üçüncü dəfə huşunu itirdi…

xxx

…ancaq Saymazın onu hara isə sürüdüyünü hiss edirdi…

Qızını itin ağzından al-qan içində alan Fəzli kişi ciyərparəsinin başını dizinin üstünə qoyub göz yaşı içərisində çağırırdı:

- Aç gözünü, qızım, şükr nəfəsin gedib-gəlir, sağsan, niyə axı özünü odun-alovun içinə atırdın, ay bala? Vəhşilərin əlinə keçsəydin, nə edərdik? Atan qurban, gözümün nuru, oyan, anana rəmin gəlsin. Dünəndən bəri ağlamaqdan həlak olub.

- At..aaa…

- Can, bala!

- …

Sözünü bitirməyə gücü çatmadı.

- Sən hara getmişdin, niyə bu genə düşmüsən, ay qızım? Nə yaxşı ki, bu heyvan yanındaymış, yoxsa… dilim, ağzım qurusun. Gecə o taya keçib məni çəkə-çəkə bura gətirdi.

Zeynəb qırıq-qırıq, nəfəs dərə-dərə güclə eşidilən xırıltılı bir səslə üzürxahlıq elədi:

- Bağışla, ata, düşüncəsiz iş tutdum, sizi pis vəziyyətə qoydum.

- Nəyi bağışlayım, qızım, şükr salamatsan. Səni itirsək, anan dözməz, bağrı partlayar, ya da başına hava gələr!..

xxx

Arazın o tayı səsli-küylü idi. Çayı keçən kişilər sahildə toplaşıb nə edəcəklərini, ailəni, uşağı bu fəlakətdən necə qurtaracaqlarını düşünür, götür-qoy edirdilər. İki dəhşətli günün basqısının əldən saldığı qadınlar quru yerə çöküb ailə böyüklərinin qərarını gözləyir, onlara qısılan uşaqlar yetim quzu balaları kimi mələşirdilər.

Fəzli kişi heç vaxt yaxından görmədiyi çayın o tayına ağır yüklə keçməliydi, yəni qızını İran ərazisinə addatmalıydı. O yerə ki, nəinki bütün kənd, hətta ordan-burdan qaçıb onlara qoşulan qonşu rayonların, kəndlərin əhalisi dərininə-dayazına baxmadan özünü çaya vurub ölüm-zülüm ora keçmişdilər. Orda bəlkə də ən girgin adam Fəzlinin arvadı, Zeynəbin anası Pəri idi. O, Zeynəbi sahilə yaxın, yulğun ağacının böyründə oturdub ətrafa boylandı. Araz gözünə bir ayrı cür dəydi, sanki çay baş verənləri, adamların halını duyurdu. Bir az əvvəlkinə baxanda sakitdi Araz. Fəzliyə elə gəldi ki, çayın bulanıq suyu bir az durulub, sanki çarəsiz adamlara canlarını qurtarmaq üçün yol verirdi Araz. Fəzli ayaqüstə zorla duran qızını çiyninə alıb üzə-üzə o taya keçirməliydi. Hündürboylu, enlikürəkli, hünəri, qoçaqlığı ilə yaxın obalarda hörmət-izzət sahibi olan, hər çıxılmaz yoldan, çətinlikdən çıxmağı bacaran adam indi aciz qalmışdı. Kişi qızını sağ-salamat sərhəddin o tayına necə keçirəcəyini düşünür, Allahdan mədəd diləyirdi.

Zeynəbi bir əli ilə möhkəm tutan ata, o biri əliylə kol-kosu aralayaraq çaya endi. Tək qolla üzmək imkansızdı, amma ürəyi qovrulan kişi qızını xilas eləmək üçün hər çətinliyi gözü önünə almışdı. Məhlənin vəfalı heyvanı Saymaz da Fəzli kişi ilə yana-yana üzürdü.

Bu da ora… Arazın İran sahili… Fəzlinin canında hey nə gəzir… Sudan qırağa ayaq basar-basmaz kökündən qopan ağac kimi yerə sərələndi. Daha canında Zeynəbi tutub saxlamağa qüvvə yox idi. Qız sürüşüb yenidən suya düşdü. Vəziyyəti it ağlıyla duyan köpək qızın dalınca çaya cumdu. Ata son gücünü toplayıb qıjov dalğaların sürükləməkdə olduğu Zeynəbin qolundan tuta bildi. Su hopmuş palaz kimi heysiz-hərəkətsiz vücudu oradan dartıb çıxarmaq güc istəyirdi. Dogma balasını fəlakətin pəncəsindən xilas etmək üçün elə bil qeybdən güc alırdı… Qızı qırağa şıxardıqdan sonra özü də çayın qırağına çıxmağa taqət tapdı.

Qız ağır-ağır nəfəs alırdı. Atası onu göy otluğun üstünə uzatmışdı. Bir azdan özünə gələr, qoy uzansın, tam bir sutkanın can çəkişməsi əldən salıb yazığı. Ata bilirdi ki, qızı burdan o yana aparmağa qüvvəsi qalmayıb. Ona görə də zindan kimi ağır addımlarını çəkib təkbaşına camaatın toplaşdığı tərəfə getdi ki, kimisə köməyə çağırsın.

Valideynləri bərabər döndülər. Kənddən də bir neçə adam onlarla birlikdə gəlmişdi. Anası Zeynəbi taqətsiz, əyni başı didik-didik, üz-gözü qançır, otluğa uzanmış halda görüb vaysındı:

- Gör nə haldasan, Zeynəb? Səni kim bu günə qoyub? Oooy, mənim başıma daş düşsün, bəs sən dedin atanın yanına gedirsən? Deməli, evə getmisən, o dəftərlərin dalınca? Yaxşı ki, onlar səni əsir almayıblar. İlahi, biz neyləyərdik onda. Günah məndədi, gərək səni buraxmayaydım tək başına. Bilmirəm ki, bu qarageymiş gündə sən hardan gəlib çıxdın kəndə, oturmuşdun dana isti yerdə, Bakıda…

Həyat yoldaşı onu sakitləşdirməyə çalışdı:

- Pəri, qara-qışqırıq salma. Onsuz da səni eşitməyə halı qalmayıb. Qan itirib, huşu üstündə deyildi. Şükür salamatdı.

Qızın qoluna girib ayağa qaldırdılar. Adamlar komalaşan yerə qədər iki yüz, üç yüz metrlik yolu başa çatmaq üçün yarım saatdan çox vaxt axıb getdi.