adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Oktyabr 2020 14:17
44291
MƏDƏNİYYƏT
A- A+

“Torpaqlarımız uğrunda döyüşürük” - AÇIQLAMA

“Əsrlər boyu torpaqlarımızda gözü olan, əlinə fürsət düşdükcə torpaqlarımızı zəbt etməyə çalışan və zəbt edən işğalçı, terrorçu ermənilər öz çirkin əməllərini davam etdirməkdədir. Tarixə nəzər salsaq, görərik ki, Ermənistan adında bir dövlət olmayıb. Ermənilərin necə bir vandal, barbar millət olduğunu 1-ci Qarabağ müharibəsindən hamı bilir. 90-cı illərdə qadın, uşaq, yaşlı demədən süngüdən keçirdilər. Hamilə qadınları vəhşicəsinə öldürdülər. 1980-ci illərin axırlarından başlayaraq hələ ermənilər məkrli niyyətlərini həyata keçirməyə başlamışdılar. 1-ci Qarabağ müharibəsində işğalçı Ermənistan havadarlarının dəstəyi ilə 1 milyona yaxın soydaşlarımızı dədə-baba yurdlarından silah gücünə, zorla didərgin saldı. 30 ilə yaxındır ki, soydaşlarımız qaçqındırlar.

Bilirsiniz, mən Ermənistanla sərhəd rayonu olan Ağstafada doğulub boya başa çatmışam. Müharibənin nə olduğunu gözəl bilirəm. Qarabağ müharibəsi zamanı bibimoğlu şəhid olub. Sizə bir şey deyim, hələ 90-cı illərdə Ordumuz tam formalaşmamışdı. Ona görə də ermənilər havadarlarının köməyi ilə torpaqlarımızı işğal etdi. O vaxt insanlarımız əliyalın idi. İndi isə bizim nizamlı və güclü ordumuz var.

30 ilə yaxındır ki, danışıqlar gedir. Ölkə olaraq atəşkəs dövründə üzərimizə düşən öhdəlikləri yerinə yetirsək də, xain ermənilər öz çirkin əməllərindən əl çəkmədi. 30 il ərzində baş tutmuş danışıqlar zamanı ortaq məxrəcə gəlinməməsinin tək məsuliyyəti Ermənistanın üzərinə düşür. Bu illər ərzində ermənilər atəşkəs rejimini kobud şəkildə dəfələrlə pozaraq sərhədyanı ərazilərimizi atəşə məruz qoyublar. Hər kəsə məlumdur onların törətdiyi cinayətlər. Neçə dəfə dinc əhalini hədəfə alıblar və hələ də almaqdadırlar. Bu illər ərzində BMT Təhlükəsizlik Şurasının qərarlarına riayət edib torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq əvəzinə əksinə işğal etdikləri ərazilərdə möhkəmlənmək istəyiblər. Bütün bunlar azmış kimi yeni-yeni əraziləri də işğal etmək istəyiblər. Lakin bizim güclü Ordumuz var və Ordumuz hər dəfəsində işğalçı ermənilərin layiqli cavabını verib”.

Bu sözləri “Ədalət” qəzetinə açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru Cümşüd Zeynalov söyləyib:

“27 sentyabr tarixində ermənilər növbəti dəfə atəşkəs rejimini pozaraq hücum əməliyyatı həyata keçirdi. Buna cavab olaraq Ordumuz əks-hücum əməliyyatına başladı. Düşmən hücumunun qarşısı güclü Ordumuz tərəfindən peşəkarlıqla alındı və hələ də alınır. Bu gün Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə layiqli cavab verilir.

Bu gün Ermənistan döyüşmək üçün əsgər tapa bilmir. Orduya qadınları, yaşlı adamları zorla gətirirlər. Bizdə isə 10 minlərlə insan könüllü olaraq döyüşə yazılıb. O insanlardan biri də mənəm. Döyüşlərdə iştirak etmək, torpaqlarımızın azadlığı uğrunda canımdan, qanımdan keçməyə hazıram.

Bu gün vəzifəsindən, tutduğu mövqeyindən, kimliyindən asılı olmayaraq hamı Cənab Prezidentin ətrafında yumruq kimi birləşib. Əminəm ki, bu birlik bizi Qarabağımıza qovuşduracaq.

Bizim davamız haqq davasıdır. Biz öz torpaqlarımız uğrunda döyüşürük. Bizim heç kimin torpağında gözümüz yoxdur. Ermənistan rəhbərliyi istər hərbi, istərsə də diplomatik sahədə uduzduğunu gözəl  bilir. Lakin torpaqları vermək istəmir ki, istəmir. Cənab Prezident dəfələrlə deyib ki, öz xoşunuzla torpaqlarımızdan çıxın.

Paşinyan ona-buna yalvararaq humanitar atəşkəs istəyirdi. Noldu? Atəşkəs oldu. Lakin yenə də dinc oturmadılar. Atəşkəsin üstündən heç 1 gün keçməmiş erməni xisləti yenidən öz işini gördü. Gəncədə terror aktı törətdilər. Bu insanlığa sığmayan bir haldır ki, mülki əhalini yatdığı yerdə raket zərbəsinə məruz qoyasan. Dünya ictimaiyyəti bunu şiddətlə qınamalıdır. Dinc, günahsız insanlara qarşı bu vəhşilik heç bir əxlaqa sığmır.

İnşaAllah bu haqq savaşında haqlı olan Azərbaycan zəfər çalacaq! Allah hərbçilərimizi və əsgərlərimizi qorusun. Dualarımız onlarladır. Düzdür, şəhidlərimiz də olur. Müharibə varsa, şəhid də verəcəyik, təki Vətən sağ olsun! Şəhid analarının qarşısında baş əyirəm. Həmin analara deyirəm ki, övladlarının qanı yerdə qalmayacaq! Mütləq qisasları alınacaq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Rövşən Tahir