adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Oktyabr 2020 12:49
82310
MÜSAHİBƏ
A- A+

Gizir Fərhad Məhərov: “Hərbçi olan hər iki oğlumun kumiri Allahverdi Bağırov və Əliyar Əliyevdi”- MÜSAHİBƏ

Bu gün ordumuz yeni tarix yazır: 30 ildir işğal edilmiş torpaqlarımızı düşməndən azad edir, xalqımızın qəlbini qürur hissiylə doldurur, gələcəyinə öz töhfəsini verir. Bu günki həmsöhbətim keçmiş döyüşçü, hərbi-feldşer, gizir Fərhad Məhərovla oldu:

 

-Doktor, yadınızda qalıbsa, ordumuzun I Qarabağ müharibəsindəki fəaliyyətindən qısaca danışardınız..

 

Həmin günləri heç unutmaq olarmı?Mən Ağdam rayon Baş Qərvənd kəndindən məcburi köçkünəm, bizim ailəmiz kimi minlərlə ailə, ümumlikdə isə bütün Azərbaycan xalqı 30 ilə yaxındır Qarabağ müharibəsinin ağrılarını, acılarını ürəyində, kürəyində daşıyır. Şəxsən mən ordumuza hər zaman güvəndim. 1989-cu ildən əliyalın, tək başına düşmən önünə çıxan Azərbaycan əsgəri qəhrəmanlıqla mübarizə apardı, torpağı uğrunda canından-qanından keçdi. O vaxt da əsgərlərimizdə böyük ruh yüksəkliyi və döyüş əzmi vardı. Təsəvvür edin ki, yeni yaranmış Azərbaycan Ordusu, dünyanın super gücü olan Rusiya dövlətinin ordusuyla (366 motoatıcı alay), eyni zamanda, bir çox Avropa ölkəsinin maddi və mənəvi dəstəyi ilə döyüşən Ermənistan Silahlı Qüvvələri və ermənilərə məxsus 20-yə yaxın dünyanın tanınmış terror dəstələri ilə döyüşürdü. Təbii ki, o vaxt ölkə daxilində olan siyasi çəkişmələrin, əks təbliğatın da savaşı uduzmağımızda böyük rolu oynadı. Ordu qalib olduğu, ordumuz rəşadətlə döyüşdüyü anda xarici qüvvələrin ermənilərə göstərdiyi dəstək səbəbindən torpaqlarımız işğal olundu.

-Özünüz orduya nə vaxt gəldiniz?

 

- Müharibə başlayanda könüllü kimi yerli batalyonlardan birində döyüşə atıldım. 1992-ci ildən isə Azərbaycan Milli Ordusunun tərkibində atəşkəs rejiminə qədər pulemyotçu olaraq döyüşün ən qaynar nöqtələrində vuruşdum. Dəfələrlə yaralandım, kontuziya aldım, amma yenidən döyüş meydanına qayıtdım. Atəşkəs rejimindən sonra tibbi təhsilimə əsasən orduda qalmaqda israrlıydım . Atəşkəs dövründə neşə dəfə savaş baş verdisə, orda oldum, ən qaynar yerlərdə ordunun yanında oldum. 1994-cü ildən 2017-ci ilə qədər əsgərlərimizin sağlamlığı keşiyində dayandım . Hazırda ehtyatda olan feldşerəm və peşəmi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirirəm. İndi də ən qaynar nöqtədəyəm.

- Azərbaycanda bəziləri elə düşünürdü ki, işğal müddəti uzandıqca, o torpaqlar unudulur, gənclərin yaddaşından uzaqlaşır. Sizcə, bu doğru fikir idimi?

 

Atəşkəs dövründə müxtəlif illərdə azmüddətli müharibələr baş verdi: Avqust, fevral, aprel müharibələri, Tovuz hadisələri... Bunların hər birində rəşadət göstərən, ermənini geri oturmağa vadar edən gənclərimiz olub. Yadınızda olar, Aprel döyüşlərində düşmənə qan udduran xüsusi təyinatlılarımızın bir çoxu Qarabağ müharibəsi dövründə bəlkə də anadan da olmamışdı, amma Azərbaycan xalqının əzəli və əbədi düşməninə - onun nümayəndələrini qətl yetirən işgəncələr verən ermənilərə qarşı nifrət hissi ilə dolu idilər və qələbə əzmi ilə döyüşdülər. Ermənilərin başına 1 milyard (dramla) pul qoyduğu kəşfiyyatçı Pəncəli Teymurov heç qarabağlı deyildi, 1981-ci ildə Astarada anadan olub. Qarabağ müharibəsi başlayanda onun cəmi 8-9 yaşı olub. Amma baxın, onun qəhrəmanlıqlarından düşmən ordusunda da danışılırdı. Onun haqqında bir faktı deyim: Pəncəli Teymurov hələ uşaq ikən, 1992-ci ildə baş vermiş Xocalı soyqırımının kadrlarını izləyəndə hərbçi olacağına və düşməndən intiqam alacağına söz verir. O, illər sonra sözünü tutur. Xocalı faciəsi zamanı azərbaycanlıları öldürən erməni hərbçi general rütbəsi almağa gedərkən Pəncəli Teymurov onu izləyir və əlverişli məqamda məhv edir. Bu olay erməni ordusunu lərzəyə salır, böyük çaxnaşma yaradır. Sonra, 2015-ci ildə kəşfiyyat qrupu ilə Kəlbəcərə keçən Pəncəli 4 erməni zabitin və 20 əsgərin olduğu “Ural” markalı maşını partladaraq onların hamısını məhv edir. Daha bir nüansı sosial şəbəkələrdə izləmişdim: Pəncəli Teymurov öz toyunda düşməndən intiqam alıb şəhid olmağı və üçrəngli bayrağımıza bükülüb dəfn olunmağı arzulamışdı. Bu gün Azərbaycan Ordusunda Pəncəli Teymurov kimi yüzlərlə qəhrəman var. Bunu biz də, işğalçı düşmən də yaxşı bilir. İndi kim deyə bilər ki, Azərbaycan gənci Azərbaycan xalqının düşmənini unudar, qisası qiyamətə saxlayar? Bu sözü ancaq erməni dəyirmanına su tökənlər deyə bilər...

 

-Bayaq söhbətimizdə söylədiniz ki, sizin evdən də əsgər var...

 

- İki oğul övladım var Onlara hələ kiçik yaşlarında çiyin-çiyinə döyüşdüyüm silahdaşlarımın qəhrəmanlıqlarından o qədər danışırdım ki,.. Az yaşlı olmalarına baxmayaraq Ağdamın milli qəhrəmanlarının, eləcə də Baş Qərvənd kəndinin şəhidlərinin adlarını əzbərdən bilirdilər. Hətta orta məktəbdə oxuyarkən ictimaiyyətin tanımadığı şəhidlərimizi sinif yoldaşlarına tanıdır, tədbirlərdə adlarını çəkirdilər. Bir hərbçi olaraq övladlarımı hərbi vətənpərvərlik ruhunda böyütdüm. Hazırda böyük oğlum 26 yaşlı Sərhad Məhərov Azərbaycan Ordusunda leytenant olaraq ön cəbhədə gedən döyüşlərdədir. Kiçik oğlum Təbriz də ordu sıralarındadır və o, tam başqa bir istiqamətdədir. (Dəqiqliklə deməsəm daha uyğun olar). Hər iki oğlumun kumiri Allahverdi Bağırov və Əliyar Əliyevdi. Allah ordumuzu, gənc övladlarımızı, vətənpərvər gənclərimizi hifz eləsin! Bir hərbçi kimi, bir hərbçi atası kimi gəncliyimizə çox ümidliyəm.Əminəm ki, gənclərimiz düşmənləri torpağımızdan, Prezidentimiz demişkən, iti qovan kimi qovduqdan sonra da dağılmış kənd və şəhərlərimizin abadlaşdırılmasında xalqımıza hər zaman qürur və fəxarət duyğusu yaşadacaqlar.

-Biz soruşmadığımız, siz söyləmədiyiniz hansı söz qaldı?

 

- Azərbaycan xalqı heç bir zaman işğal edilən torpaqlarından əlini üzmədi, bu işğalla barışmadı. Hazırda ömrünün ixtiyar çağını yaşayan ata-anam hər gün, yox ee, bir gündə 2-3 dəfə mənə zəng edirlər,Ağdamın işğaldan azad olub olmamasını soruşurlar. Mən də Azərbaycan Ordusunun əzmli qələbələrindən, azad etdiyi kənd və şəhərlərimizdən danışıram. İnanırsınız, o yaşda insanların uşaq kimi sevinməsi məni elə kövrəldir...Bütün yaşlı nəsli qarabağlıların yatanda da yuxusunda evlərinı, yurdlarını görməsini, oyananda isə yurdunun gözəlliklərini dillərindən düşürməməsi mənə o inamı vermişdi ki, bu xalq yenilməzdi, bu xalq qəhrəmandı, bu xalq ən böyük düşməni, super gücü öz iradəsi və əzmi ilə sındırmağa qadirdi. Azərbaycan Ordusuna qalibiyyəti, Azərbaycan Xalqına məğrurluğu Uca Yaradanımız yaranışdan verib. Allah bayraqlar içərisində bayrağımızı hər zaman uca eləsin! Sərgilədiyiniz yenilməz siyasi iradənizə görə, Sizi Allah qorusun, cənab Ali Baş Komandan!

 

- Maraqlı müsahibəyə görə, sizə dərin təşəkkürümüzü bildirirk! Arzu edirəm, leytenant Sərhad Məhərov və əsgər Təbriz Məhərov qələbə xəbərini nənə və babasına şəxsən özləri xəbər versin ! İnşallah!

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri