adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

HAVALANSIN XANIN SƏSİ...

38542 | 2020-10-09 12:31

Qarabağ bizim əzəli və əbədi yurd yerimiz, ocağımız və torpağımızdır. Əzəli və əbədi yurd yerimiz olan bu ocağımızı düz 27 ildir ki, ermənilər işğal ediblər. Biz uzun müddət səbr elədik, dözdük və gözlədik. Ancaq nə beynəlxalq təşkilatlar, nə də digər qurumlar BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin heç birini  icra etmədi. ATƏT-in Minsk qrupunun üzvləri olan 3 ölkənin heç biri Ermənistana təyziq edib həmin qətnaməni yerinə yetirmədi. Əksinə, onlar günü, ayları, illəri arxada qoyaraq düz 30 il bizim başımızı qatdılar və çalışdılar ki, Qarabağ problemini dondursunlar.

Təbii ki, bu məsələlərlə Azərbaycan dövləti heç cürə barışa bilməzdi. 30 il səbrdən sonra Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev çox qətiyyətli addım atdı. Ermənistan cəbhə boyu yerləşən rayonlarımızı fasiləsiz olaraq atəşə tutur, mülki əhalini, dinc sakinləri qırıb çatırdı. Aydındır ki, buna dözmək mümkün deyildi. Ona görə də Azərbaycan cəbhə boyu rayonları və onların sakinlərini qorumaq üçün düşmənə əks zərbələr endirməyə başladı. Azərbaycan prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, Azərbaycan Ordusunun əks hücumu qıza zaman kəsiyində öz nəticəsini göstərdi.

Belə ki, Murov istiqamətində Kəlbəcərə gedən yol ordumuzun nəzarəti altına keçdi. Bu yüksəklikdən ermənilərin bütün hərəkətlərini nəzarətdə saxlamaq mümkündür. Bununla yanaşı, strateji əhəmiyyətli Tərtərin Suqovuşan yaşayış məntəqəsi ələ keçirildi. Bununla yanaş, Füzuli və Cəbrayıl istiqamətində çox uğurlu əməlıiyyat gerçəkləşdirldi. Füzulinin 7 kəndi, Cəbrayılın çoxlu sayda kəndləri ilə yanaşı, rayon mərkəzi də erməni işğalından azad olundu. İndi həmin yaşayış məntəqələrində Azərbaycan bayraqları dalğalanır. Və qısa zaman  kəsiyində qüdrətli Azərbaycan Ordusu öz sözünü deməyi bacardı.

Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Orduya xalq tərəfdən çox böyük dəstək gəldi. Çünki Azərbaycanı bu çətin durumdan prezident İlham Əliyev və Azərbaycan  Ordusu xilas eləyə bilər. Bu məqamda yadıma böyük Zəlimxan Yaqubun bir bənd şeiri düşür:

 

Çeşmə İlham, çay İlham,

Bir müqəddəs pay İlham.

De hardasan, ay İlham!

Gəl, gəl, bizi xoşbəxt elə!

Azərbaycan Prezidenti ayağa durdu, xalqa arxalandı və yumruğunu düyünləyərək ermənilərə və onların havadarlarına öz gücünü göstərdi. 30 il sevinməyən xalq bu günlərdə Prezident və Ordu tərəfindən sevindirildi. Çünki bu xalq hər şeyə, hər bir sevgiyə layiqdir. Hələ bu qələbələrin arxası gələcək... hələ Füzuli işğaldan azad ediləcək... hələ Qubadlı bu əsirlikdən qurtarılacaq... hələ Laçın, Zəngilan, Ağdam, Kəlbəcər, Şuşa əsgərlərimizi “görüb” sevinəcək...

Mən uzun müddət məktəb direktoru işləmişəm. Və düşünürəm ki, 42 il pedaqoji fəaliyyətimiz boş-boşuna keçməyib.Çünki məktəb təkcə təhsil vermir, həm də vətəndaş yetişdirir. Mən sevinirəm ki, bu 42 ildə çoxlu sayda məzunlarımız savadlı olmaqla yanaşı, həm də vətənpərvər kimi yetişiblər. Xəbər alıram ki, məktəbimizin neçə-neçə məzunu bu gün Tərtərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Goranboyda cəbhə xəttindədir. Hətta onların bir neçəsi mənə zəng edərək torpaqlarımızın azad edilməsi barəsində xəbər də çatdırıblar. Bax, o xəbəri, o sevinci eşidəndə gözlərim dolub. Qürur duymuşam ki, biz cəmiyyət, dövlət və millət üçün nə yaxşı belə vətənpərvər oğullar yetişdirmişik. O oğullar Azərbaycan ordusuna, Azərbaycan Prezidentinə çox böyük arxadılar. Və mən inanıram ki, bu cür vətənpərvər oğullar Azərbaycanda minlərlə yox, on minlərlədi...

Cənab Prezidentin Azərbaycan Televiziyası ilə xalqa son müraciəti bir yazıçı, bir ziyalı kimi məni də çox sevindirdi. Çünki cənab Prezident bu xalqa və bu orduya güvəndiyini səsləndirdi. Və bir daha dünya əmin olmalıdır ki, Azərbaycan bir qarış torpağını da heç kəsə güzəştə getməyəcək. Onu demək istəyirəm ki, bu müraciətdən sonra mənim neçə-neçə yaxın qohumum könüllü olaraq səfərbərlik şöbələrinə gedib və döyüşmək istədiklərini bildiriblər. Eləsi var cəbhəyə yollanıb, eləsi də var növbə gözləyir ki, vətən onları nə vaxt çağıracaq.

Bu gün Azərbaycanın taleyüklü məsələsi həll edilir. Vətən savaşında kimliyindən asılı olmayaraq, hamı cənab Prezidentin və Azərbaycan Ordusunun ətrafında sıx birləşməli, yağı düşmənə qarşı mübarizənin önündə getməlidir. 67 yaşım olmasına baxmayaraq, mən də bir azərbaycanlı kimi cəbhəyə gedib döyüşməyə, cənab Prezidentimizə və ordumuza dəstək olmağa hər an hazıram. İnsan o vaxt azad və rahat yaşayır ki, ölkəsi azad olur və torpaqları bütöv formada qalır. Bizim də ölkənin 20 faiz işğal olunmuş ərazinin bir hissəsi artıq ordumuz tərəfindən azad olunub. Qalan torpaqlarımızı da qısa zaman kəsiyində erməni işğalçılarından azad edəcək və onları iti qovan kimi torpaqlarımızdan qovacağıq.

Məni sevindirən bir də odur ki, hələ indiyə kimi xalqımızda belə yüksək ruh, birlik və mütəşəkkillik görməmişik. Bu ruhu bizə göydə Allah, yerdə Azərbaycan Prezidenti və ordumuz bəxş edib. Deməli, bu millətin, bu xalqın, bu ordunun qarşısında nəinki ermənilər, heç onların havadarları da duruş tapa bilməyəcəklər. Necə ki, artıq erməni ordusu silahlarını, tanklarını, ağır yük maşınlarını və digər texnikaları döyüş yerində qoyub qaçırlar. Hələ biz bundan sonra onların çox belə acizliyini və fərariliyini görəcəyik. Yazımı “Havalansın Xanın səsi” şeirimlə bitirmək istəyirəm.

 

Yenə bilməz kimsə bizi,

Hər bəladan çıxmalıyıq.

Çətinliyə sinə gərib,

İldırım tək çaxmalıyıq.

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

Torpağının hər daşında,

Mamır olub bitməliyik.

Çağır gəlsin igidləri,

Bir ağızdan deməliyik:

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

Tab gətirməz qarı düşmən,

Millətimin qabağında.

Bir olarıq yumruq kimi,

Nərə çəkər qavalım da,

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

“Misri”m  haray, “Cəngi”m haray,

Qoy qan qussun iblis, ilan.

“Dünyamıza günəş kimi,

İşıq saçsın Azərbaycan!”

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi.

 

Səməndər MƏMMƏDOV

AYB-nin üzvü, Prezident təqaüdçüsü, yazıçı-publisist

 

TƏQVİM / ARXİV