adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Oktyabr 2020 16:04
88211
ƏDƏBİYYAT
A- A+

GƏL VURUŞAQ TƏKBƏTƏK

Əjdər Qiyaslı

İqtisadçı alim, şair

 

GƏL VURUŞAQ TƏKBƏTƏK

 

Çox gəlirsən hədə sən,

Özgədən umma ətək.

Mən mən olum, sən də sən;

Gəl vuruşaq təkbətək.

 

Düz olanı əyirsən,

Özünü çox öyürsən.

Mənəm-mənəm deyirsən,

Gəl vuruşaq təkbətək.

 

Bi indiki zamanda,

Kimin vardır yanında.

Qeyrət varsa canında,

Gəl vuruşaq təkbətək.

 

Az olsa da qınağın,

Çıxarmısan lap ağın.

Dolubdur qan çanağın,

Gəl vuruşaq təkbətək.

 

Yolu əyri gedirsən,

Özgədən güc güdürsən.

Özün məcbur edirsən,

Gəl vuruşaq təkbətək.

 

Zəhər qatma aşına,

Çox iş gələr başına.

Sığınma başqasına,

Gəl vuruşaq təkbətək.

 

Seçmisən pis niyyəti,

Hiyləni, xəyanəti...

Sözün sözdürsə qəti,

Gəl vuruşaq təkbətək.

 

Hərə yesin öz aşın,

Sənə qoşmasın başın.

Qoy İblis qarışmasın,

Gəl vuruşaq təkbətək.

 

Xəyanətkar olma sən,

Bəd xəyala dolma sən.

Düşmənçilik salma sən,

Gəl vuruşaq təkbətək.

 

Tülkü girəndə qına,

Nadan inanır ona.

Xalqı salma qırğına,

Gəl vuruşaq təkbətək.

 

Özgə qabın yalama,

Qan ocağı qalama.

Dünyanı çalxalama,

Gəl vuruşaq təkbətək.

 

Salma işi dərinə,

Qan axar su yerinə.

Güvən öz hünərinə,

Gəl vuruşaq təkbətək.

 

Böyük fəlakət qopar,

Kim bundan xeyir tapar?!

Quduz özünü qapar,

Gəl vuruşaq təkbətək.

 

 

 

 

HAMI BİR NƏFƏR KİMİ

 

Hami bir nəfər kimi,

Bu gün qalxsın ayağa!

Gözlərindən intiqam,

Od-alov yağa-yağa!

 

Hamı bir nəfər kimi,

Çətinliyə qatlansın!

Koroğlutək sıçrayıb,

At belinə atlansın.

 

Hamı bir nəfər kimi,

Qeyrətini göstərsin!

Hər sərrast zərbəsiylə,

Düşməni yerə sərsin!

 

Hamı bir nəfər kimi,

Şirə, pələngə dönsün!

Sinəsində Babəkin,

İntiqamı döyünsün!

 

Hamı bir nəfər kimi,

Dönsün qılınc-qalxana!

Güclü zərbə vurulsun,

Üstümüzə qalxana!

 

Hamı ildırım kimi,

Çaxsın düşmən başında!

Gücü, eşqi qovuşsun,

Torpağın da, daşın da

 

Hamı bir nəfər kimi,

Şahin olsun səmada!

Son qoyulsun savaşa,

Nə qan olsun, nə qada!

 

Hamı bir nəfər kimi,

Elə, obaya yansın.

Öz Ana torpağının,

Keşiyində dayansın!

 

Hamı bir nəfər kimi,

Bir ocağa qalansın.

Vətəninin başına,

Pərvanətək dolansın.

 

Hamı bir nəfər kimi,

İgid xilaskar olsun!

Körpələr də anadan,

Bu amalla doğulsun!

 

Hamı ildırım kimi,

Güc toplasın özündə,

Bu xalqın kimliyini,

Tanıtsın yer üzündə!

 

Hamı bir nəfər kimi,

Dönsün coşan gur selə!

Qələbə sorağını,

Tez gətirsin bu elə!