adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 Oktyabr 2020 14:40
57881
MÜSAHİBƏ
A- A+

“Türkiyə ilə əməkdaşlığımız daha da sıx olacaq” - MÜSAHİBƏ

“Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın torpaqlarının işğaldan azad olunması müstəvisində həll olunandan sonra, sözsüz ki, Türkiyə Azərbaycanın yanında olacaqdır və Türkiyənin Cənubi Qafqazda iştirakı birmənalı şəkildə öz təsdiqini tapacaqdır. Çünki Türkiyə hazırda beynəlxalq aləmdə Azərbaycanın səsini dəstəkləyən bir dövlətdir”. “Ədalət” qəzetinin qonağı BDU-nun Beynəlxalq münasibətlər kafedrasının professoru Ramiz Sevdimalıyevdir.

“Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi”

-Ramiz müəllim, müharibə Dağlıq Qarabağ zonasında olsa da, ermənilər bizim Gəncə, Mingəçevir və digər ərazilərimizi də atəşə tuturlar. Bununla da iki dövlət arasında olan münaqişəni geniş miqyaslı müharibəyə çevirməyi düşünürlər...

-Hər zaman Ermənistan başqalarının əli ilə öz məqsədlərinə nail olmağa çalışıb. Bu gün Azərbaycan Respublikasının Ermənistan üzərində bütün sahələrdə üstünlüyü var. Həm hərbi, həm iqtisadi, həm insan resursları sahəsində, həm də diplomatik sahədə biz Ermənistandan güclüyük. Müharibə başlayandan bu günə qədər Azərbaycan ciddi uğurlara nail olub, çox ərazilərimizi işğaldan azad etmişik. Sözsüz ki, Ermənistan zəif bir durumdadır, ona görə də istəyir ki, kənar qüvvələri bu müharibəyə cəlb eləsin. Bununla da müharibəni beynəlmiləlləşdirmək istəyirlər. Əsası varmı buna? Deyim ki, Ermənistanla Rusiya arasında müqavilə imzalanıbdır. Həmin müqaviləyə görə, əgər Ermənistana digər dövlət tərəfindən silahlı hücum olarsa, Rusiya Ermənistanın təhlükəsizliyini təmin edəcək və həmin ölkə ilə müharibə aparacaq. Bundan əlavə Ermənistan Kollevtiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bilirik ki, ora da 6 ölkə üzvdür ki, onlardan da biri Ermənistandır. KTMT-nin Nizamnaməsinin 4-cü maddəsində də qeyd olunub ki, hər hansı üzv dövlətə silahlı hücum olarsa, bunu üzv dövlətlər özlərinə qarşı hücum kimi qəbul edəcəklər və hücum olunan dövlətin müdafiəsinə qalxacaqlar. Ona görə də Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonunun sərhədlərindən kənara çıxaraq Ermənistan ərazilərinə hücum etməsinə çalışır. Bu səbəbdən də Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər ərazilərində cinayətlər törədir və bununla da Azərbaycanı Ermənistanın ərazilərinə hücum etməyə təhrik edir. Bununla da loru dildə desəm, əlində əsas saxlayıb demək istəyir ki, Azərbaycan bizə hücum etdi və gəlib məni müdafiə edin. Bu, birmənalı şəkildə Ermənistanın riyakarlığıdır ki, müharibə arealını genişləndirsin, digər dövlətləri müharibəyə cəlb etsin və öz müdafiəsini təşkil etsin.

-Fransanın mövqeyini şərh etməzdən öncə Cənab Prezident İlham Əliyevin müsahibəsindən bir hissəni xatırladım: “Həmsədr bilmirmi ki, bu torpaqlarda qanunsuz olaraq ermənilər oturub bizim bütün tarixi abidələrimizi, məscidlərimizi, qəbirlərimizi, evlərimizi, yerlə-yeksan ediblər. Ağdamın, Fizulinin görüntülərinə baxın. Bizim yarıdağıdılmış məscidlərimizdə donuz, inək saxlayır. Bütün müsəlmanları təhqir edir. Görmürlərmi bunu? Ona görə “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” sözləri qəbuledilməzdir. Ona görə Fransa özü-özünü artıq bu bərabər üçlüyün xaricinə qoyur və biz buna səssiz qala bilmərik”.

-Birinci Minsk qrupu ilə bağlı fikirlər söyləmək istəyirəm. Müharibə başlanan andan Minsk qrupu dünyasını dəyişib. Artıq Minsk qrupu yoxdur. 30 il ərzində Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi ki, bunun da müxtəlif səbəbləri var. İstənilən halda tərəflər arasında fərq qoyulmadı, işğal faktı gündəmə gətirilmədi və faktiki olaraq Minsk qrupunun həmsədrləri münaqişənin tənzimlənməsində vasitəçiliklə məşğul olmadılar, bölgəyə səyahət edərək sadəcə görüntü yaratdılar. Müharibənin başlamasının səbəblərindən biri də bu oldu ki, Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi və o qrupun fəaliyyətinə ehtiyac qalmadı. Odur ki, Minsk qrupunun fəaliyyətindən danışmaq lazım deyil, o ki qaldı, Fransanın mövqeyindən.

“Qarabağdan Yaxın və Orta Şərqə mənzərə açılır”

-Müharibə başa çatdıqdan sonra regionun geosiyasi mənzərəsində əhəmiyyətli dəyişikliklər özünü göstərəcək. Bax bundan söhbət açaq...

-İlk olaraq onu deyim ki, Türkiyənin Azərbaycanla əməkdaşlığı ilə yanaşı Gürcüstanla da əməkdaşlığı var. Belə düşünürəm ki, indiyə qədər Rusiya hesab edirdi ki, Cənubi Qafqaz onun təsiri altındadır və Rusiyadan başqa heç bir böyük qüvvə orada ola bilməz. Amma Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın torpaqlarının işğaldan azad olunması müstəvisində həll olunandan sonra, sözsüz ki, Türkiyə Azərbaycanın yanında olacaqdır və Türkiyənin Cənubi Qafqazda iştirakı birmənalı şəkildə öz təsdiqini tapacaqdır. Çünki Türkiyə hazırda beynəlxalq aləmdə Azərbaycanın səsini dəstəkləyən bir dövlətdir. Cənab Prezidentin də qeyd etdiyi kimi, bizim ordumuz gələcəkdə Türkiyə ordusunun modeli şəklində qurulacaqdır. Bu, o deməkdir ki, Türkiyə ilə əməkdaşlığımız daha da sıx olacaq və Türkiyənin Cənubi Qafqazda mövcudluğu geosiyasi güc mərkəzi kimi labüdləşəcəkdir. Nəticə isə budur ki, Cənubi Qafqazda Rusiya və Türkiyənin iştirakı reallaşacaqdır. Türkiyənin geosiyasi güc mərkəzi olması məsələsi daha da geniş anlamda nəzərdən keçirilə bilər. Türkiyə NATO-nun da üzvüdür. Digər tərəfdən də Ermənistan hakimiyyətinin, kobud səslənsə də deyəcəm, “sürüşkənliyi”, yəni ermənilərin mövqelərini dəyişib yeni müttəfiq axtarmaq istəkləri də var. Əgər Rusiya müharibədən sonra Ermənistan üzərində öz təsir vasitəsi olmağını qoruyub saxlayacaqsa, onda Rusiyanın Cənubi Qafqazda qalması öz təsdiqini tapacaqdır. Yox, əgər Ermənistan qərbə arxalanacaqsa, o zaman Rusiya öz təsirini Cənubi Qafqazda faktiki olaraq itirmiş olacaqdır.

-Bir az da Dağlıq Qarabağın geeosiyasi əhəmiyyətindən söhbət açaq...

-İlk olaraq onu deyim ki, ermənilərin xislətindədir ki, başqalarının torpaqlarını özününküləşdirsinlər. Yəni onların gözləri hər zaman başqasının torpağında olub. Onu da qeyd edim, Dağlıq Qarabağ anlayışı qondarma anlayışdır ki, 20-ci əsrdə meydana gəlib. Söhbət Yuxarı Qarabağ və Aşağı Qarabağdan gedə bilər. Ümumən Qarabağ ifadəsindən istifadə etsək, deyə bilərəm ki, ermənilər ora 19-cu əsrdə köçürülüblər. Ermənilər istənilən saxtakarlığa yol verib həmin əraziləri özlərinin torpaqları hesab edirlər. Bu dəqiə Los-Angelesdə yaşayan erməniyə sual versən ki, bura haradır, deyəcək ki, Los-Angeles bizim tarixi torpaqlarımızdır. Yəni ermənilərin xisləti budur. İkincisi, Qarabağ zəngin bir ərazidir ki, orada təbiətin gözəlliyini əks etdirən hər şey var. Resurslarına görə nələr yoxdur? Digər tərəfdən Qarabağdan həm İran istiqamətində, Həm Türkiyə istiqamətində Yaxın və Orta Şərqə mənzərə açılır. Qarabağın strateji əhəmiyyəti bundan ibarətdir ki, bu ərazidən mənzərələr açılır. Bu həm hərbi baxımdan əhəmiyyətli ola bilər, həm siyasi baxımdan əhəmiyyətli ola bilər. Ermənistanın bu ərazilərdə gözünün olması bax bu məsələrdən irəli gəlir.

Rövşən Tahir