adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
08 Oktyabr 2020 13:17
34675
MƏDƏNİYYƏT
A- A+

“Əsgərlərimizin simalarında qürur görürəm” - AÇIQLAMA

“Fikirlərimi söyləməzdən öncə möhtərəm Prezidentin bu cümləsini nəzərə çatdırmaq istəyirəm: “Əgər erməni əsgəri ölmək istəmirsə, rədd olsun Azərbaycan torpağından”. Bəllidir ki, Dağlıq Qarabağ və ona bitişik 7 rayon beynəlxalq qurumlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınır. Erməni sillahlı qüvvələrinin işğal edilmiş ərazilərdən qeyd-şərtsiz çıxardılması barədə Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi Ermənistan rəhbərliyi tərəfindən yerinə yetirilməyib. Azərbaycan rəhbərliyinin məsələnin sülh yolu ilə həll edilməsi cəhdləri isə Ermənistanın keçmiş rəhbərlərinin vaxt uzatmaları, hazırkı baş nazir Paşinyanın isə sərsəm bəyanatları ilə mümkünsüz olmuşdur. 27 sentyabr tarixində Ermənistan qoşunlarının Azərbayan ərazisinə hücum etməsi Azərbaycanın əks-hücum əməliyyatını həyata keçirməsinə səbəb oldu. Ali Baş Komandanın rəhbərliyi ilə hazırda bütün cəbhə boyu keçirilən əməliyyatlar uğurla davam etdirilir. Əminəm ki, yaxın vaxtlarda qələbəmizi qeyd edəcəyik. Eşq olsun Azərbaycan Ordusuna, eşq olsun Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevə”.

Bu sözləri “Ədalət” qəzetinə açıqlamasında Xalq artisti Nübar xanım Novruzova deyib:

“90-cı illərlə bu günlər arasında böyük bir fərq hiss edirəm. Bu gün Ordumuz müasir texnikalarla təhciz edilib, 90-cı illərdə belə silahlar yox idi. Televiziyaya baxıram da, əsgərlərimizin simalarında elə bir qürur hissi görürəm ki, heç elə bil, onlar vuruşmurlar, döyüşmürlər. Bunu sözlə ifadə etmək olmur. Üzlərində cəsurluq, arxayınlıq, mərdlik var. Üzlərində qəribə bir ifadə var ki, o, məni çox, çox, həddən çox düşündürür. Bu yaşımda onları elə görəndə deyirəm ki, kaş mən də cəbhədə olardım, kaş mən də onlarla çiyin-çiyinə vuruşardım. Əfsuslar olsun ki, yaşım o yaş deyil. Heç gənc yaşlarımda məni aparmadılar, qaldı ki, indi.

Bir az öncə qeyd etdim, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində inanıram ki, qalib gələcəyik. Ali Baş Komandanın rəhbərliyi altında biz qələbələrə nail oluruq.

Bilirsiniz, 90-cı illərdə yenə də deyirəm ki, belə müasir silahlarla təchiz olunmamışdıq. Bir də o vaxt nizami ordumuz yox idi, bunun da fonunda orduda pərakəndəlik özünü göstərirdi. Amma indi həmin illər deyil. İndi bizim güclü Ordumuz var. Mən Namaz qılıram da, inanın, səmimiyyətimə hər Namazda əsgərlərimizə, hərbçilərimizə dualar edirəm. Dualar edirəm ki, Allah Ordumuzu qorusun. Allah analarımızı gözü yaşlı qoymasın. Övladları qələbə dolu xəbərlərlə sağ-salamat evlərinə geri dönsünlər.

Bu günlərdə ard-arda qələbə xəbərlərini eşidirik, ailəlikcə hər qələbə xəbərini eşidəndə kövrəlirik, sevinc göz yaşlarıdır bu. Nəhayət ki, işğal olunmuş torpaqlarımıza gedə biləcəyik. Həyatda ən böyük iki arzum var ki, onlardan birini indi səsləndirəcəm. Mən Naxçıvandan Bakıya qatarla gəlmişdim. Arzumdur ki, o qatar işləsin və mən Naxçıvana həmin yolla gedim. Bunu çox arzulayıram. İnşaAllah ki, həmin arzum yerinə yetəcək. Həmişə ümid edirdim ki, torpaqlarımız işğaldan azad olunacaq. Nəhayət ki, azad olunur. Allah Cənab Prezidentimizə can sağlığı versin. Bilirdim ki, o, bir gün torpaqlarımızı geri qaytaracaq. Çünki O, Ulu Öndər Heydər Əliyevin oğludur, çünki O da atası kimi böyük, dahi şəxsiyyətdir. Allah Azərbaycanımızı qorusun. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Rövşən Tahir