adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: O MAVİ GÖZLÜ...

FAİQ QİSMƏTOĞLU
105071 | 2020-10-08 12:47

... Heç yatsaq yuxumuza girməzdi ki, günlərin bir günündə o mavi gözlü, o bal kimi şirin, o Vətənini və torpağını hər şeydən üstün tutan Elçin Tehran oğlu Süleymanov bir gün şəhid olacaq. Və bir gün biz o şəhid tabutunun altına girərək onu Bəhmənlidəki dədə-baba qəbiristanlığına yola salacağıq. Bizim yuxumuza girməyən və ağlımıza gətirmədiyimiz bu günü Elçin özü həmişə gözləyirdi...

... O gözləyirdi ki, bir gün gələcək böyük savaş başlayacaq və o böyük savaşda işğal altında olan torpaqlarımızın azad olunmasında öz sözünü deyəcək. Torpağa, Vətənə, Füzuliyə o qədər bağlı idi ki, hərbi xidməti başa vurandan sonra özü könüllü olaraq Füzulidəki “N” hərbi  hissəsində yenidən xidmət edirdi. Əlbəttə, müddətdən artıq xidmət etmək üçün insanın özündə qeyri-adi bir Vətən sevgisi, Vətən məhəbbəti olmalıdır. Elçin onu da yaxşı bilirdi ki, Füzuli cəbhə bölgəsidir, hər an, hər dəqiqə döyüşə atılacaqdı. Və o hər an, hər dəqiqə o döyüşə atılmağa, o savaşa qoşulmağa hazır idi...

... İndiyə qədər yadımdan çıxmır. 3 il bundan əvvəl “dördyol”dakı şadlıq sarayında onun toyu  oldu. Və o toyda bir qohum olaraq, bir ziyalı olaraq mənə söz verdilər. Mən də  sözümü deyib qurtardım və Elçinin başına yığışmış oğlanlara üzümü tutaraq dedim ki, gün o gün olsun ki, siz hamınız savaşa atılasınız və torpaqlarımızı yağılardan azad edəsiniz! Elçinin silahdaşları onu dövrəyə elə almışdılar ki, sanki bugünkü döyüşə və savaşa gedirdilər. O gənclər, o uşaqlar elə hayqırırdılar ki, o hayqırtıda bugünkü qələbənin səsi hiss edilirdi. Və məni ən çox sevindirən o idi ki, Elçinin silahdaşları  heç vaxt, heç zaman savaşdan çəkinmirdilər. Və o savaşı, o cəngini hər gün gözləyirdilər...

... O gün gəldi. Elçin və dostları Füzulinin bir neçə kəndinin işğaldan azad edilməsində mərdliklə döyüşdülər. Elçin tankda atıcı idi və üzərinə düşən vəzifəni də şərəflə yerinə yetirirdi. Ermənilərin bir neçə mövqeyini dağıdıb qayıdandan sonra o, Şəhidlik zirvəsinə yüksəldi. O mavi gözlü, o şir ürəkli, o polad biləkli oğlan torpağımızın azadlığı və bütövlüyü yolunda Şəhid oldu və Allahın dərgahında özünə əbədi bir sevgi tapdı! Elçin Süleymanov tək mənim bibim nəvəsi deyildi. Onu oğlum Emin qədər çox istəyirdim. Elə bibim oğlu Tehrangilə gedəndə də çox nadir halda Elçini görərdim. O qədər şirin, o qədər istiqanlı, o qədər səmimi oğlan idi ki, ürəyini adama çıxarıb vermək istəyirdi.

... Bir dəfə elə oldu ki, qış ayında onlara getmişdim. Ata evinə qayıtmaq istəsəm də bibim oğlu Tehran, həyat yoldaşı Xalidə xanım və Elçin məni qoymadı. Dedilər ki, ora soyuq olar, adam da qalmır, elə Elçinin yatdığı otaqda qalarsan. Qohumlarım bilir ki, mən isti sevən adamam və Elçinin də yatdığı otaq çox isti  idi. Axşam rahat yatdım, səhər qalxanda gördüm ki, Elçin hərbi hissəyə gedib. Bibim oğlu Tehrana da deyib ki, Faiq əmi məni bağışlasın, tələsdiyimə görə tez çıxdım, onunla görüşə bilmədim...

Şəhidliyindən bir gün qabaq bibim oğlu Tehranla danışdım. Çünki axşam Elçini yuxumda görmüşdüm. Tehran da dedi ki, yarım saat bundan qabaq danışmışıq, salamatlıqdı. Bir az sakitləşdim. Bir gündən sonra isə bu ağır xəbəri eşitdik...

Elçin əvvəllər Tehranın oğlu idi. Uzaqbaşı Bəhmənlinin oğlu idi. Şəhid olandan sonra isə o, Azərbaycanın, bu xalqın, bu millətin oğlu oldu. Bu xalqın, bu millətin övladını da bu xalq, bu millət, bu dövlət yaşadır. Ölkə prezidenti İlham Əliyev şəhid ailələrinə müraciət edərək dedi ki, mən hər bir Şəhidin, hər bir şəhid ailəsinin qarşısında baş əyirəm! Və bu gün Azərbaycan xalqı özü də hər bir şəhid ailəsinin qarşısında baş əyir...

Deyirlər ki, Allah-Təala ancaq sevdiyi adamlara şəhidlik qismət eləyir. Və Allah-Təala sevdiyi, seçdiyi şəhidlərini öz cənnətinə sorğu-sualsız daxil eləyir. Elçin  Tehran oğlu Süleymanov da o Cənnətdədir... o məkandadır... o müqəddəs yerdədir...

Son mənzilə yola salanda cənazəsini maşına qoymağa imkan verməyiblər. Bütün kənd, bütün el-oba onu çiynində və əllərinin üstündə Bəhmənli qəbiristanlığına aparıblar. Çiynində və əllərinin üstündə son mənzilə yola salınanlar ancaq Şəhidlər olurlar. O şəhidlər ki, həmişə bizim çiynimizdə və əllərimizdə son mənzilə yollanırlar. Heç bilmirəm bibim oğlu Tehrana necə təsəlli verim... heç bilmirəm bibim oğlu Təbrizə nə deyim... heç bilmirəm bibim oğlu Əhmədə hansı təsəllini verim ki, ürəyi sakitləşsin... heç bilmirəm bibim oğlu Rəhimə nə deyim... heç bilmirəm bibim qızları Qənirəyə, Məleykəyə, Sahiləyə hansı təsəllini verim... heç bilmirəm qohumum olan və məni hamıdan çox istəyən Elçinin anası, sinif yoldaşım Xalidəyə nə deyim... O dərdli günlərdə, o ağır anlarda qabaqlarına çıxıb boyunlarını qucaqlayıb ağlaya bilmədim. Utandığımdam çəkilib durdum boynubükük halda Tehran bibioğlunun qapısında. Boynunu qucaqlayıb ağladığım Tehran oldu... Təbiz oldu... Rəhim oldu... Hələ indiyə qədər heç vaxt belə hönkürüb ağlamamışdım. Elçinin o balaca qız mələyi, nənəsinin adını daşıyan Xalidəni qucağıma ala bilmədim....

Bütün bəhmənlilər o qapıda idi... bütün el-oba Tehran bibim oğluna təsəlli verməyə gəlmişdi... bütün qonşu kəndlərin adamları da bu dərdə çiyin verirdilər. Ha istəyirdim ki, özümü toparlayım, ələ alım, bacarmırdım. Bacardığım o idi ki, bibim oğlu Tehranın boynunu qucaqlayırdım, göz yaşlarını silirdim və onu tək buraxmaq istəmirdim. Onsuz da Tehran heç vaxt tək olmayacaq. Bütün el-oba, bütün kənd onun yanındadır...

Bəxtiyar Vahabzadə yazır ki, “Şəhidlər millətin azadlıq toxumudur. Onlar Yer üzünə səpiliblər və bir-bir də yenidən göyərəcəklər”. Yer üzündə, Azərbaycanımızda Elçin kimi şəhidlər yenidən dünyaya gələcəklər... Yenidən silaha sarılıb yağılara dərs verəcəklər. O şəhidlərin qanı tökülən yerdə torpaq bir daha müqəddəs vətənə çevrilir. Çünki belə bir deyim var “Torpaq suya qarışır, palçıq olur, qana qarışır Vətən olur”. Və bir də bizim gənc, istedadlı yazarımız Rövşən Tahirin dəyərli bir fikri yadıma düşür: “Vətən şəhid məzarlarından başlayır”...

... O mavi gözlü, o 28 yaşlı, o Vətən qeyrətli Elçin Tehran oğlu Süleymanov bu gün Füzulinin, Bəhmənlinin, Azərbaycanın iftixarla fəxr ediləsi bir oğluna, Şəhid övladına çevrilib. Bibim oğlu Tehran, bibim oğlu Təbriz, bibim oğlu Əhməd, bibim oğlu Rəhim, şəhid anası Xalidə, şəhid bibiləri, başınızı dik tutun! Sizin əziziniz, mənim doğma bibim nəvəsi Elçin Vətən uğrunda şəhid olub. Mənim özüm də fəxr edirəm ki, bibim nəvəsi Elçin Şəhiddir! Bu ad hər bir addan yüksəkdir. Başını uca tut, Bəhmənli! Başını uca tut, Füzuli! Başını uca tut, Azərbaycan! Sənin Elçin kimi  şəhidlərin var. Və sənin Elçinm kimi torpaqlarını azad edən, yağılardan qurtaran minlərlə əsgərin var. Allah o əsgərləri qorusun, o şəhidlərin ruhunu hifz eləsin! Və biz tezliklə şəhidlərimizin və əsgərlərimizin qanı hesabına Füzuliyə, Şuşaya, Kəlbəcərə, Laçına, Zəngilana, Qubadlıya qələbə bayrağını taxacağıq. Necə ki, Cəbrayıl şəhərinə qələbə bayrağımızı sancdıq!!!

 

TƏQVİM / ARXİV