adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
07 Oktyabr 2020 12:17
66254
MƏDƏNİYYƏT
A- A+

“Şuşanın hər küçəsi, hər daşı bir abidədir” - MÜSAHİBƏ

“Mən bir yaşımda Şuşanı tərk etməyə məcbur olmuşam. Yaxşı xatırlayıram, dil açanda ilk kəlimələrim bunlar olub: “Atdılar, düşdü”. Ona görə də indiki vəziyyətdə Qarabağ ətrafındakı zonalarda olan insanlarımızı, xüsusən körpələrimizi çox gözəl başa düşürəm”. “Ədalət” qəzetinin qonağı xanəndə Günay xanım İmamverdiyevadır.

-Günay xanım, Şuşadansınız, amma Şuşanı görməmisiniz. Valideynləriniz Şuşa haqqında sizə nə söyləyiblər?

-İlk olaraq onu deyim ki, sözlərimi ifadə edə bilməyəcək qədər həyəcanlıyam. Çox həyəcanlı bir günlər yaşayırıq. İllərdir, arzusunda olduğumuz, hər saniyə, hər dəqiqə geri qayıtması dualarını etdiyimiz, istər həyatımızda, istər ifamızda heç bir zaman unutmadığımız Qarabağımızı işğaldan azad edirik. Bu günlər münasibətilə bütün xalqımızı təbrik edirəm. Allahdan tam şəkildə bütün Qarabağımızın işğaldan azad olunmağını arzulayıram.

Şuşa haqqında valideynlərim elə bir şeylər danışıblar ki, onları həyatı boyu yadımdan çıxara bilmərəm. Valideynlərimin danışdıqlarını xarakterizə etsəm, deyərəm ki, onları dinlədikcə Şuşada olmamağımın həsrətini çəkmişəm. Mən bir yaşımda Şuşanı tərk etməyə məcbur olmuşam. Yaxşı xatırlayıram, dil açanda ilk kəlimələrim bunlar olub: “Atdılar, düşdü”. Ona görə də indiki vəziyyətdə Qarabağ ətrafındakı zonalarda olan insanlarımızı, xüsusən körpələrimizi çox gözəl başa düşürəm. Allah xalqımızı qorusun.

“Şuşa Qafqazın konservatoriyası, mədəniyyət beşiyidir”

-Sizinlə müsahibə edəndə bir parça “Xarı bülbül” mahnısından ifa etmişdiniz, səsinizdəki o nisgil hələ də qulağımdadır…

-Bir neçə insandan bu sözü eşitmişəm ki, səsində nisgil var, gözlərində Şuşa həsrəti var. Həmişə Qarabağla bağlı mahnıları oxuyanda kədərlənirdim. Sanki ürəyimdə bir yara var idi, bax o qədər ürəyim göynəyirdi.

Şuşa mənim üçün, atam, anam üçün, doğmalarım üçün həsrət, nisgil, arzudur. 30 ildir ki, oranın həsrətindəyik. Valideynlərim hər zaman Cıdır düzündən, İsa bulağından söhbət açanda kövrəlirəm. Şuşanı qarış-qarış gəzmək istəyirəm. Şuşa mənim üçün doğmalarımın məzarını görməkdir, Şuşa mənim üçün hər şeydir. Bu günlərdə yenə də deyirəm, o qədər həyəcanlıyam ki. Həyəcanla sevinc arasında qalmışam. İnanıram ki, Allahın köməkliyi ilə Ordumuz tez bir zamanda Şuşanı da işğaldan azad edəcək. O zaman əlimi açıb Allaha söyləyəcəm ki, şükür sənə, Ya Rəbb. (səsi titrəyir)

-Şuşa həm də mədəniyyət mərkəzimizdir...

-Şuşanın mədəniyyəti haqqında tək mən yox, dahi insanlar belə danışıblar və danışırlar. Dramaturqlar, musiqişünaslar öz əsərlərində Şuşanın tarixi mədəniyyəti haqqında qeyd ediblər. Şuşa tək Azərbaycanın yox, bütövlükdə Qafqazın konservatoriyası, mədəniyyət beşiyidir. Şuşa Əbdürrəhman bəy Haqverdiyevdir, Şuşa Süleyman Sani Axundovdur, Şuşa Üzeyir bey Hacıbəyovdur, Şuşa Niyazidir, Şuşa Xan Şuşinskidir, Şuşa bütün Azərbaycan mədəniyyətinin inciləri deməkdir. Saysız-hesabsız incəsənət nümayəndəsinin adını qeyd etmək olar ki, Şuşanın mədəniyyətinin necə gözəl olduğunu görəsən. Şuşanın hər küçəsi, hər daşı bir abidədir. Bunu hər birimiz Şuşanın fotolarına baxanda sezə bilərik.

“Bir otaqlı daxmamız olsun, amma bilək ki, Şuşadadır”

-Artıq bir neçə ildir ki, Şuşa işğal altındadır. Müxtəlif KİV-lərdə Şuşanın son vəziyyəti ilə bağlı yayılan məlumatları, şəkilləri görəndə hansı hissləri keçirirsiniz?

-İllərdir, bu videoları görürük. “Youtube”dən Şuşanı axtarışa verib videosunu tapırdıq ki, görək, nəsə bir dəyişiklik var? Həqiqətən, Şuşa eyni Şuşadır. Bir şeyi deyim, evimizin şəkillərini də görmüşəm. Təsəvvür edin, o qədər acizdirlər ki, atamgilin yaşadığı binanı hotel ediblər. Bu dərəcədə acizdirlər. Bu videoları həmişə göz yaşı ilə izləyirdik. Bu gün müharibədir orada. Təbii ki, dağıntılar da olacaq. Allah o günü qismət etsin ki, Şuşamıza qayıdıb dişimizlə, dırnağımızla evlərimizi yenidən tikək. Eybi yox bir otaqlı daxmamız olsun, amma bilək ki, doğma torpağımızdadır, Şuşadadır.

-Tarixi bir zərurət yetişib ki, artıq torpaqlarımız azad olunur. Təsəvvür edin ki, “Şuşamız işğaldan azad olundu” xəbərini eşidirsiniz…

-Hər insanın ürəyində bir arzu var. İllərdir, mənim də ürəyimdəki arzu “Şuşa işğaldan azad olundu” xəbərini eşitməkdir. Bu xəbəri eşitdiyim gün bilmirəm, necə sevinərəm. Yəqin ki, diz çöküb ağlayaraq Allaha təşəkkür edərəm. Necə ki, işğaldan azad olunan torpaqlarımız üçün bunu edirəm, eynisini də Şuşanın azad olunması xəbərini eşitdiyim an edərəm (kövrəlir).

- Şuşa işğaldan azad olunduqdan sonra orada ilk görəcəyiniz iş nə ola bilər?

-Görəcəyim ilk iş isə Gövhər Ağa məscidinə gedib əhd etdiyim qurbanı kəsmək olacaq. İnşaAllah!

“Allah Ordumuzu qorusun”

-“Vətən bağı al-əlvandır, Yox içində Xarı bülbül”. Bir Şuşalı kimi soruşuram, nə düşünürsünüz, bu sözləri torpaqlarımız alınandan sonra “Var içində xarı bülbül” sözləri ilə əvəz edib oxuyaqmı? Bəlkə, o nisgili sevinclə əvəzləyək?

-“Vətən bağı al-əlvandır,

Var içində Xarı bülbül”

Çox gözəl səslənir. Sözlərlə ifadə etmək belə adama qürur verir. Elə bir gün yoxdur ki, atam, anam yuxudan durub deməsin ki, bu gecə Şuşadaydım. Allaha qurban olum, o günü qismət etsin. Bu 30 ildə olmayacaq qədər ürəyimizdə hazırda inam var. Göydə Allaha və yerdə Ali Baş Komandana, Azərbaycan Ordusuna inam var. İnşaAllah Şuşa azad olunsun, elə mən də bu mahnını orada ifa edim.

-Azərbaycan Ordusuna ürək sözləriniz varmı?

-Azərbaycan Ordusuna sözüm bu ola bilər ki, mən onların qarşısında baş əyirəm (“Baş əyirəm” ifadəsini  xüsusi vurğu və intonasiya ilə səsləndirir). Vətən uğrunda canından keçən igid oğlanlarımızın qarşısında baş əyirəm. Allah onlara rəhmət eləsin. Azərbaycanın əsgərlərinə, zabitlərinə təşəkkür edirəm ki, tarixi torpaqlarımıza qovuşmaq üçün vuruşurlar. Allah Ordumuzu qorusun (ağlayır).

Rövşən Tahir