adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
05 Oktyabr 2020 12:49
37237
MƏDƏNİYYƏT
A- A+

“Qarabağ torpağını əyilib öpəcəm" - AÇIQLAMA

“Hazırda qürur hissi keçirirəm. Fəxr edirəm ki, bizim belə ordumuz var. Fəxr edirəm ki, bizim belə xalqımız var. Fəxr edirəm ki, ordumuzu, xalqımızı bu cür ruha, bu cür əhval-ruhiyyəyə kökləyən Ali Baş Komandanımız, Prezidentimiz var. Bu gün 90-cı illər deyil, artıq 2020-ci ildir. Güclü ordumuz var, qüdrətli ordumuz var, güclü iqtisadiyyatımız var. Bizim arxamızda ən azından həqiqət və haqq durur. Buna rəğmən biz mütləq qələbə qazanacağıq. Ali Baş Komandan, Cənab Prezident İlham Əliyev dediyi kimi, biz öz bayrağımızı həm Şuşada, həm Xənkəndində, həm Laçında, bir sözlə, bütün Qarabağda dalğalandıracağıq.

90-ci illəri yadıma salıram, həmin dövrdə mənim 30-35 yaşım var idi, o zaman hakimiyyətdə olanların siyasi fəaliyyətinin qənaətbəxş olmaması səbəbindən biz torpaqlarımızı itirdik. Bu gün isə əminliklə deyirəm, biz o torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün bizim güclü Dövlətimiz, Ordumuz, Liderimiz var”.

Bu sözləri "Ədalət" qəzetinə açıqlamasında xalq artisti Fəxrəddin Manafov söyləyib:

“90-cı illərin əvvəllərində qardaşımın yolladığı humanitar yardımı təyyarə ilə Azərbaycana gətirmişdim. Yaxşı xatırlayıram, təyyarə Azərbaycana keçəndən sonra Binə Hava Limanında onu endirmək istəyəndə ekipajın komandiri mənə yaxınlaşıb dedi ki, Fəxrəddin Manafov, siz söyləyirdiniz ki, bəs bizi xalça falanla qarşılayacaqlar, noldu, heç bizə icazə vermirlər. Dedim, mən elə bir söz söyləməmişdim.

O zaman biz təyyarəni Binə Hava Limanına endirə bilmədik, buna icazə vermədilər. Məcbur olduq ki, Qalada qalaq. Həmin vaxt Qalada heç bir yoxlanış yox idi. O dövrdə Xalq Cəbhəsi hakimiyyətdə idi, onlar başqa bir təyyarəni Binədə gözləyirdilər, bizim deyil. Parlamentə müraciət etdikdən sonra, qanunla icazə aldıqdan sonra biz həmin o humanitar yardımı Binə Hava Limanına endirə bildik. Bundan sonra o yardımlar anbarlara yerləşdirildi.

Azərbaycan əsgərləri o zaman da heç kimdən qorxmurdu. Sadəcə o zaman Azərbaycan Ordusunun müasir texnikası yox idi. Bir də xalqın başında duranlar qeyri-peşəkarlar idi. Bu gün artıq həmin dövr deyil. O illəri xatırlayanda yadıma 90-cı illərin pərakəndə düşmüş, başında peşəkar yüksək rütbəli bir zabitləri olmayan ordusu düşür. Ona görə də həmin illəri xatırlamaq istəmirəm.

Bu gün Qarabağa qayıtmaq ümidiyləyəm. İnanıram ki, yaxın zamanda bütün xalqla əl-ələ tutub Qarabağa geri dönəcəyik. Bax o zaman mən Qarabağ torpağını əyilib öpəcəm. Mən buna inanıram.

Hər birimiz bu gün əsgərik və Ali Baş Komandanımızın rəhbərliyi altında işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq. Buna inanıram, bu ümidlə yaşayıram.

Bunları da qeyd etmənizi istəyirəm, başda Azərbaycan Dövlət Televiziyası olmaqla İctimai TV, CBC, ARB 24, Xəzər TV, ATV və digər kanallarımıza təşəkkür edirəm. Bu kanallara baxıb onların əməkdaşları ilə fəxr edirəm. Son illərdə bu günə qədər belə peşəkar aparıcılar görməmişdim, bunu tam səmimiyyətimlə söyləyirəm. Amma indi şahidi oluram ki, bizim peşəkar televiziya işçilərimiz var. Məlumatlar doğru-dürüst çatdırılır. Bu gün düşməndən qorxmayaraq cəbhə bölgələrimizdə olub insanları məlumatlandıran jurnalistlərimizlə fəxr edirəm. Allah onları qorusun. Allah Ordumuzu qorusun. Allah Azərbaycanımızı qorusun”.

Rövşən Tahir