adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
05 Oktyabr 2020 12:30
46621
MƏDƏNİYYƏT
A- A+

“Yuxu gördüm qəlbi təlaş, Bir uşaqdı gözündə yaş” - MÜSAHİBƏ

Əvvəli burada

“Məni ən çox kövrəldən mahnı “Yurd həsrəti” adlanan bir mahnım var, odur. Daha çox o mahnını dinləyəndə kövrəlirəm. “Yurd həsrəti” mahnısının sözlərini yuxuda yazmışam. Bir dəfə yuxuda görmüşdüm ki, kürəyi mənə tərəf olan bir uşaq dağıdılmış bir kənddə sönmək üzrə olan bir ocağın başında diz çöküb və Allaha yalvarır. Yaxınlaşdım o uşağa, mənə tərəf dönmədi, qarşısına keçdim, uşaq yenə də mənə baxmadı. Yalnız Allaha dualarını edirdi. Həmin yuxumu şeirə çevirdim”. “Ədalət” qəzetinin qonağı hərbi-vətənpərvərlik ruhunda olan mahnılar ilə milyonlarla insanın qəlbinə yol tapan həkim, şair, bəstəkar Şahin Musaoğludur.

“Mahnılarımın əksəriyyəti bayatı-şiraz üstündədir”

-Sizi musiqi aləminə “İgid əsgər, möhkəm dayan” mahnısı gətirib. Bu mahnı haqqında nələri söyləyə bilərsiniz?

-Bu sualı mənə həmişə verirlər. Demək olar ki, bu suala çox cavab vermişəm. Hər dəfə də eyni sözü demişəm, “İgid əsgər, möhkəm dayan” mənim yaradıcılığımın təməl daşıdır. Mən bu mahnı ilə böyük musiqi dünyasına gəlmişəm. Hesab edirəm ki, “İgid əsgər, möhkəm dayan” mahnısı bu qədər populyar olmasaydı, bu qədər sevilməsəydi, o biri mahnıları yazmazdım. Mən “İgid əsgər, möhkəm dayan” mahnısını yazanda fikirləşmirdim ki, sevilim, tanınım. Heç ictimaiyyətə təqdim olunacağını da düşünmürdüm. Mən sadəcə məni narahat edən təəssüratlarımı, anlatmaq istədiklərimi nota köçürmüşdüm. Hər şey belə başladı.

Hərdən mənə elə gəlir ki, bu mahnı məndən də yaşlıdır, heç onu mən yazmamışam. Hərdən də bu mahnını dinləyəndə elə bilirəm ki, premyerasıdır, görəsən, insanlar bu mahnını necə qarşılayacaqlar?! Mahnının sözləri başqa vaxt, musiqisi isə tamam başqa bir vaxtda yazılıb. Sözlərlə musiqinin yazılması arasında təxminən 1 il yarım müddət var. Mahnının sözlərini Şəhidlər Xiyabanında ilk “Şıxov” batalyonu and içib yola düşəndə yazmışam. İndi onların əksəriyyəti həyatda yoxdur, Allah onlara rəhmət eləsin. Qalanlara isə can sağlığı arzulayıram. Onların hər biri Azərbaycan Ordusunun fəxridirlər. Çünki Azərbaycan Ordusu birinci batalyon ilə formalaşıb. Sonradan bu sözləri ki, özümdə götür-qoy edəndə gördüm ki, çox şeyləri yazmaq istəmişəm, amma onları anlada bilməmişəm. Odur ki, mətn üstündə hər gün işlədim, gah sözlərin birini dəyişdim, gah da o birini. Amma yenə də rahat deyildim. Günün birində dedim ki, bu mətnə bir musiqi bəstələyəcəm. Bəlkə, sözlə deyə bilmədiklərimi musiqi ilə çatdıraram. Beləcə musiqiyə müraciət elədim. Onu da deyim ki, mən kiçik yaşlarımda tar dərslərinə getmişdim, tarda Azərbaycan muğamlarını gözəl ifa edə bilirdim, odur ki, musiqi bəstələmək mənə çətin olmadı. Mahnılarımı dinləyənlər bilir ki, onların əksəriyyəti bayatı-şiraz üstündədir. Həmin dövrdə gitaram var idi, gitarda “İgid əsgər, möhkəm dayan” mahnısını bəstələməyə başladım və 4-5 saat ərzində mahnı ərsəyə gəldi. İlk variant ki, var, Şəmistan Əlizamanlı ifa edir, onu bax 4-5 saat içində hazırlamışam. Fikrim mahnını ictimaiyyətə təqdim etmək, tanınmaq deyildi. Özüm üçün üçün yazmışdım, ətrafdakılar da çox bəyəndilər. Sonrada qərara aldıq ki, mahnını Faiq Ağayevə verək. Zəng etdim,  Faiqlə danışdım, həmin dövrdə Faiq ezamiyyətdə idi. Dedi ki, dönəndən sonra bu mahnını ifa edərəm. Bu da 1 ay çəkəcəkdi. Sonra təsadüfən işlədiyim xəstəxanada köhnə dostuma rast gəldim. O dostuma ki, mən onu hərəkat dövründən tanıyırdım. O vaxt elə olmuşdu ki, sonradan mən rayona işləməyə getmişdim və bizim yollarımız ayrılmışdı. Yenidən onu xəstəxanada gördüm. O da heç bilmirdi ki, mən həmin xəstəxanada işləyirəm. Xeyli danışdıq, dərdləşdik, məlum oldu ki, o, Ağdərədə xidmət edir, briqada komandirinin arxa cəbhə üzrə müavinidir. Bir az səhhətində problemlər yaranıb və ona görə xəstəxanaya müraciət edib. O zaman 1992-ci il idi. Yenidən dostlaşdıq, sonradan tez-tez görüşməyə başladıq. Belə görüşlərin birində bu mahnıdan söz düşdü və mahnı da onun çox xoşuna gəldi. Bu elə bir dövr idi ki, “Dağlıq Qarabağ müharibəsi”  mövzusunda bəstəkarlarımızın yalnız bir əsəri vardı. O da ki, Cavanşir müəllimin “Marş irəli” əsəri. Düzdür, müharibə mövzusunda bəstəkarlamızın böyük əsərləri olub, amma o əsərlər Qarabağla əlaqədar qələmə alınmamışdı, 1991-1945-ci illəri özündə ehtiva edirdi. 90-cı illərdə Yusiflə görüşümüzün birində ki, bu mahnıdan söz düşdü, o, istədi ki, bu əsəri əsgərlərinə öyrətsin. İfanı isə Şəmistana verməyə qərara aldıq. O zaman Şəmistanın da səhhətində problemlər var idi və Yusiflə eyni palatada müalicə alırdı. Bir neçə gündən sonra söhbət açılanda Şəmistan razı olmadı ki, mən axı müğənni deyiləm. Nəysə, günlər keçdi, Şəmistan sağaldı, xəstəxanadan çıxdı, Yusif tək palatada müalicəsini davam etdirdi.

Dekabr ayının 31-i  idi. Həmin günü yaxşı xatırlayıram. Bir də gördüm ki, Yusifin xidməti maşını xəstəxananın qarşısındadır və o, cəbhəyə yola düşür. Baxmayaraq səhhəti imkan vermirdi, amma Yusif yenə də cəhbəyə getdi. Fevral ayında Yusifin şəhid olması xəbərini aldıq. Bu proseslər dövründə Şəmistanla qərara gəldik ki, “İgid əsgər, möhkəm dayan” mahnısını Yusif çox sevirdi, əsgərlərinə oxutdurmaq istəyirdi, ona görə də biz bu mahnını ona ithaf etməliyik. Şəmistan oxudu və mahnı zaman-zaman etibarilə qəlblərə yol tapdı.

“Zabitin hərb həyatının “leytenant” rütbəsindən başlaması məni bu mahnını yazmağa sövq etdi”

-“Cənab Leytenant”, bu mahnının tarixçəsi barəsində danışmanızı istərdim...

-Bu mahnı mənim xronoloji baxımdan ikinci mahnım deyil. “İgid əsgər, möhkəm dayan” mahnısının ardınca cəmiyyətdəki sevgini görəndən sonra Şəmistan ilə silsilə mahnıları ərsəyə gətirməyə başladıq. “Çağırır Vətən”, “Ağ ümid”, “Birinci batalyon”, “Əsgər Vətən əmanəti” mahnılarını yazdım. Bunların ardınca “Cənab Leytenant” mahnısını ərsəyə gətirdim. Hər bir mahnının öz hekayəsi var, digər mahnılarım kimi “Cənab Leytenant” mahnısı da konkret bir şəxsə ünvanlanmayıb. Həmişə ordumuzu fikirləşmişəm, orada hər hansısa bir əsgəri, zabiti deyil, bütün əsgərlərin, zabitlərin ümumiləşdirilmiş obrazını yaratmağa çalışmışam. Mənim özüm də zabit olmuşam. O zaman Tibb İnstitunu bitirənlər “leytenant” rütbəsi alırdı. Həmin dövrdə leytenant olmağım, bundan əlavə hər bir zabitin hərb həyatının “leytenant” rütbəsindən başlaması məni bu mahnını yazmağa sövq etdi. Məhz həmin o gənc zabitlərimizə xitabən bu mahnını ərsəyə gətirdim. O dövrdə bilməzdim ki, “Cənab Leytenant” mahnısı bu qədər seviləcək. Olur da, Müdafiə Nazirliyinin xətti ilə müxtəlif hərbi hissələrdə görüşlər keçirilir. Həmin görüşlərdə ən azı 2-3 zabit mənə yaxınlaşıb deyir ki, biz bu mahnıdan ilham alıb zabit peşəsini seçmişik. Bundan böyük qürur yoxdur. Düşünün, sənin əsərinin təsiri altında insan həyat yolunu müəyyən edir.

-Daha çox hansı mahnınızı dinləyirsiniz?

-Qəribə səslənsə də deyəcəm, mən öz mahnılarıma qulaq asmıram. Çünki onları yazarkən o qədər həmin mahnıların içərisində oluram ki, mənə müəyyən bir müddət lazım olur ki, o mahnılardan uzaqlaşım. Bu mənə tənqidi fikirlərimin formalaşmasına köməklik göstərir, həm də musiqi təfəkkürümü zənginləşdirir. Sözsüz ki, Ordumuz hazırda əks-hücum əməliyyatları aparır və mən tez-tez bu mahnıları radiodan, televiziyalardan eşidirəm. Onları dinləyərkən qəribə bir həyəcan hissi məni bürüyür.

Yaradıcı adamlarda mahnıya münasibət iki yerə bölünür: mahnıyaqədərki dövr, mahnının ərsəyə gəlməsindən sonrakı dövr. Birinci dövrdə sən mahnının sahibisən, o dövrdə istədiyin düzəlişləri edə bilərsən, ikinci dövrdə isə artıq belə bir düzəlişi etmək imkanın yoxdur. Bu mərhələdə ictimaiyyət öz sözünü deyir. Birinci mərhələdə mahnıların üzərində o qədər məsuliyyətlə işləyirəm ki, ictimaiyyətə təqdim etdikdən sonra heç bir prosesə qatılmıram.

“Bu mahnını dinləyəndə Xocalıdakı həmin uşaq yadıma düşür və kövrəlirəm”

-Mahnılarınızı dinləyərkən kövrəlməmək qeyri-mümkündür. Bu mahnılarda qürur var, sevgi var, məhəbbət var. Onların içərisində hansı sizi kövrəldir?

-Məni ən çox kövrəldən mahnı “Yurd həsrəti” adlanan bir mahnım var, odur. Daha çox o mahnını dinləyəndə kövrəlirəm. “Yurd həsrəti” mahnısının sözlərini yuxuda yazmışam. Bir dəfə yuxuda görmüşdüm ki, kürəyi mənə tərəf olan bir uşaq dağıdılmış bir kənddə sönmək üzrə olan bir ocağın başında diz çöküb və Allaha yalvarır. Yaxınlaşdım o uşağa, mənə tərəf dönmədi, qarşısına keçdim, uşaq yenə də mənə baxmadı. Yalnız Allaha dualarını edirdi. Həmin yuxumu şeirə çevirdim:

“Yuxu gördüm qəlbi təlaş,

Bir uşaqdı gözündə yaş.

Diz çökərək ocaq üstə,

Haqq uğrunda dilər savaş”

Bu sözləri yazdım və sonradan bu sözlərə musiqi bəstələdim. Çox təsirli musiqidir.

O uşaq heç vaxt gözümdən getmirdi. Hər zaman o üzü axtarırdım ki, görüm, kimdir? Sadəcə bir şeyi bilirdim, tanış simadır. Günlərin bir günü o uşağı Seyidağanın çəkdiyi “Xocalı” ilə bağlı kadrlarda gördüm. Hansı ki, o uşağı bizim əsgər qaldırıb göstərir. Hər dəfə bu mahnını dinləyəndə Xocalıdakı həmin uşaq yadıma düşür və kövrəlirəm.

Ermənilər bilməli idilər ki, gün gələcək, zorla qovduqları insanlar geri qayıdacaqlar. Bəli, o gün gəldi, artıq o gün gəldi. Azərbaycan tarixi günlərini yaşayır. Bizə bu şərəfli, qürurlu günləri bəxş edən Ordumuza, əsgərlərimizə, zabitlərimizə təşəkkür edirəm. Bu Ordunun arxasında dayanan, ona dəstək verən xalqıma minnətdarlığımı bildirirəm. Bu Ordu ilə xalqı birləşdirən Dövlətimizə, Dövlət Başçımıza təşəkkürümü bildirirəm. Ordumuz torpaqlarımızı işğaldan azad edir. Allah Ordumuzu qorusun.

-“Amin” deyib sizinlə müsahibəmi yekunlaşdırıram. Çox sağ olun ki, dəvətimi qəbul etdiniz.

-Siz sağ olun.

Rövşən Tahir