adalet.az header logo
  • Bakı 19°C
02 Oktyabr 2020 14:30
57577
MƏDƏNİYYƏT
A- A+

“Fikrim tanınmaq deyildi” - MÜSAHİBƏ

““İgid əsgər, möhkəm dayan” mənim yaradıcılığımın təməl daşıdır. Mən bu mahnı ilə böyük musiqi dünyasına gəlmişəm. Hesab edirəm ki, “İgid əsgər, möhkəm dayan” mahnısı bu qədər populyar olmasaydı, bu qədər sevilməsəydi, o biri mahnıları yazmazdım”. “Ədalət” qəzetinin qonağı hərbi-vətənpərvərlik ruhunda olan mahnılar ilə milyonlarla insanın qəlbinə yol tapan həkim, şair, bəstəkar Şahin Musaoğludur.

“35 ilin bir saatı belə mənasız keçməyib”

-Söhbətə həkimlik fəaliyyətinizdən başlayaq...

-1980-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna (Hazırkı Azərbaycan Dövlət Tibb Universiteti) daxil olmuşam. 1986-ci ildə oranı əla qiymətlərlə bitirmişəm və o ildən bu günə qədər həkim kimi fəaliyyət göstərirəm. Artıq ömrümün 35-ci ilidir ki, həkimlik peşəsindəyəm. Bu 35 il həyatımın çox mənalı, şərəfli, qürurverici anları, saatları, günləri olub. Bu 35 ilin bir günü deyil, bir saatı belə mənim üçün boş, mənasız keçməyib. Təsəvvür edin, sənə müraciət edən insanların ağrılarını, acılarını azaltmaqdan, onların qəminə, kədərinə şərik olmaqdan, onlara yardım, qayğı göstərməkdən gözəl bir şey olarmı?! Əlbəttə, xeyr.

O vaxt belə bir qayda var idi, ali təhsil müəssisəsini bitirdikdən sonra hökmən rayonların birində 4 il müddətinə işləməli idin. 1986-ci ildə İnstitutu qurtardıqdan sonra mən də təcili yardım şöbəsinin həkimi kimi Puşkin rayonuna (İndiki Biləsuvar) təyinat aldım. Onu da deyim ki, 1986-ci ilədək hələ 4-cü kursdan başlayaraq mən feldşer kimi fəaliyyət göstərirdim. Xəstəxanalardan birində işlədiyim üçün də artıq xəstələrlə ünsiyyətim, tibb işçisi kimi münasibətim formalaşmışdı. Qısa bir müddət ərzində Biləsuvarda əvvəlcə təcili yardım şöbəsinin həkimi, ardınca bu şöbənin müdiri, sonra rayonun baş narkoloqu kimi çalışdım. Sonra tale elə gətirdi ki, şəhərə qayıtmalı oldum və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin nəzdində fəaliyyət göstərən Mərkəzi Dənizçilər xəstəxanasında poliklinika həkimi kimi fəaliyyət göstərdim. Bu 90-cı illərin əvvəllərinə təsadüf edirdi. Həmin dövr Azərbaycanda hərəkat başlamışdı, ölkəmiz öz müstəqilliyinə qovuşmaq üzrə idi və mənim də gənclik illərim həmin dövrə düşürdü. O illər, eyni zamanda, Ermənistan-Azərbaycan münaqişəsinin təzə-təzə başladığı vaxtlar idi və mən də həmin dövrdə proseslərin iştirakçısı oldum. Öz ərizəm əsasında orduya yazıldım, Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsinə müraciət etdim. Bundan sonra bir müddət Tibb İdarəsinin nəzdində Operativ Qərargaha rəhbərlik etdim. Ondan sonra Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasında, daha sonra Hərbi Hava Hücumlarından Müdafiə İdarəsinin Baş Poliklinikasında həkim kimi fəaliyyət göstərdim. 1998-ci ildən isə mülki həkim kimi çalışıram. Hazırda 2 özəl klinikada fəaliyyət göstərirəm. “MedServis” özəl tibb mərkəzində poliklinika müdiriyəm, “Modern” hospitalında isə diaqnostik şöbənin müdiriyəm. Fəxr edirəm ki, həkimlik peşəsini seçmişəm. Bu peşədə göstərdiyi dəstəyə görə ailəmə minnətdaram.

“İnsan gözəlliyə xidmət edən varlıqdır”

-İnsanlar sizi həm də hərbi-vətənpərvərlik ruhunda mahnıların söz və bəstəkar müəllifi kimi tanıyır. Həkimlik, şairlik, bəstəkarlıq...

-Bəli, ictimaiyyət həm də məni şair, bəstəkar kimi də tanıyır.  Vətənpərvərlik mahnılarının əksəriyyətinin söz və bəstəkar müəllifiyəm. Bu da mənə elə gəlir, həkimliyimdən irəli gəlir. Çünki incəsənətlə təbabətin ortaq nöqtəsi var. Hər ikisi, fikrimcə, bir mənbədən qaynaqlanır. Antik dövrlərə nəzər salsaq, görərik ki, həm incəsənətin, həm də təbabətin Allahı bir nəfər olub-Apallon. Zaman keçdikcə bu sahələr bir-birindən ayrılıb. Düzdür, təbabət yazıçı, şair, bəstəkar yetişdirmir, amma təbabətin mədəniyyətə, incəsənətə töhvələri əvəzsizdir. İbn Sinadan tutmuş fransız mütəffəkkiri Fransua Rableyə qədər, Fridrix Şillerdən tutmuş Rusiyada Anton Pavlov Çexov, Mixayel Bulqakov, Vikentiy Veresayevə qədər, Azərbaycanda Nəriman Nərimanovdan tutmuş Abbas Səhhət, Əlibəy Hüseynzadə və onların sələflərinə qədər olan şəxslərin timsalında görə bilərik ki, bəşəriyyət yarandığı vaxtdan incəsənətlə təbabət qarşılıqlı şəkildə inkişaf edib və bunlar bir-birlərinə əsaslı təsir göstəriblər. Səbəb isə insan faktorudur. İncəsənət və təbabətin subyekti birdir-insan. İnsan isə gözəlliyə, fədakarlığa, şəfqətə, xilaskarlığa xidmət edən varlıqdır. Beləcə, mədəniyyət və təbabət də sadaladıqlarıma xidmət edən sahələrdir. Biri insanın mənəvi məziyyətlərinin qorunub saxlanmasına, digəri isə insanın cismani məziyyətlərinin qorunub saxlanmasına xidmət edir. Bu yerdə Nikolay Aleksandroviç Dabralyubovun fikirlərini xatırlatmaq istərdim. O yazır ki, insan üçün heyvani sağlam bədən kifayət etməz, ona bəşəri sağlam bədən lazımdır. Bunların biri olmasa, insan da cəmiyyətə yararlı biri ola bilməz. İnsanın mənəvi və cismani aləmi mövcuddur. Odur ki, təbabətin qarşısında olan əsas məqsəd təkcə insanın cismanı deyil, həm də mənəvi sağlamlığını qoruyub saxlamaqdır. Ona görə deyirəm ki, təbabətlə incəsənətin ortaq nöqtəsi var. Amma bu, o demək deyil ki, yazıçıların, şairlərin hamısı ədəbiyyata, musiqiyə həkimlikdən gəlməlidirlər. Mən sadəcə nümunələr göstərdim. Lakin başqa nümunələr də var. Elə Şeksprin özü haqqında danışaq. Həmişə tələbələrimə də deyirəm, Şekspir “Romea və Cülyetta” əsərində Cülyettanın klinik ölüm keçirməsi anlarını elə gözəl təsvir edib ki. Əgər Şekspir təbabətin sirlərinə bələd olmasaydı, yəqin ki, onu xırdalığına qədər canlandıra bilməzdi. Üstündən neçə əsr keçib, amma hələ də bu əsər öz aktuallığını qoruyub saxlayır. Tələbələrimə deyirəm ki, yaxşı anestezioloq-reanimatoloq olmaq istəyirsinizsə, bu əsəri oxuyun. Çünki bu gün də Cülyettanın keçirdiyi o klinik əlamətləri biz insan üzərində görə bilirik. Yaxud da Məhəmməd Fizulinun “Səhhət və mərəz” əsərini oxuyanda görürsən ki, orada təbabətin incə məqamları öz əksini tapıb. Çoxdur belə yazıçılar. Kuprinin “Sirkdə” əsərini qeyd edə bilərik. Belə misalları çox çəkmək olar. Bu onu göstərir ki, yazıçılar da təbabətdən faydalanıblar, tibb elmlərindən faydalanıblar. Əgər onlar təbabətin sirlərinə bələd olmasaydılar, həmin əsərlər ortaya çıxa bilməzdi. Bu bir daha onu göstərir ki, təbabət və incəsənət hər zaman bir-birinə bağlı olub. Odur ki, mənim də fəaliyyətimdə təbabətlə incəsənət vəhdətdə çıxış edərək belə bir mahnıların ərsəyə gəlməsinə səbəb olub.

“Mahnılarımın əksəriyyəti bayatı-şiraz üstündədir”

-Sizi musiqi aləminə “İgid əsgər, möhkəm dayan” mahnısı gətirib. Bu mahnı haqqında nələri söyləyə bilərsiniz?

-Bu sualı mənə həmişə verirlər. Demək olar ki, bu suala çox cavab vermişəm. Hər dəfə də eyni sözü demişəm, “İgid əsgər, möhkəm dayan” mənim yaradıcılığımın təməl daşıdır. Mən bu mahnı ilə böyük musiqi dünyasına gəlmişəm. Hesab edirəm ki, “İgid əsgər, möhkəm dayan” mahnısı bu qədər populyar olmasaydı, bu qədər sevilməsəydi, o biri mahnıları yazmazdım. Mən “İgid əsgər, möhkəm dayan” mahnısını yazanda fikirləşmirdim ki, sevilim, tanınım. Heç ictimaiyyətə təqdim olunacağını da düşünmürdüm. Mən sadəcə məni narahat edən təəssüratlarımı, anlatmaq istədiklərimi nota köçürmüşdüm. Hər şey belə başladı.

Hərdən mənə elə gəlir ki, bu mahnı məndən də yaşlıdır, heç onu mən yazmamışam. Hərdən də bu mahnını dinləyəndə elə bilirəm ki, premyerasıdır, görəsən, insanlar bu mahnını necə qarşılayacaqlar?! Mahnının sözləri başqa vaxt, musiqisi isə tamam başqa bir vaxtda yazılıb. Sözlərlə musiqinin yazılması arasında təxminən 1 il yarım müddət var. Mahnının sözlərini Şəhidlər Xiyabanında ilk “Şıxov” batalyonu and içib yola düşəndə yazmışam. İndi onların əksəriyyəti həyatda yoxdur, Allah onlara rəhmət eləsin. Qalanlara isə can sağlığı arzulayıram. Onların hər biri Azərbaycan Ordusunun fəxridirlər. Çünki Azərbaycan Ordusu birinci batalyon ilə formalaşıb. Sonradan bu sözləri ki, özümdə götür-qoy edəndə gördüm ki, çox şeyləri yazmaq istəmişəm, amma onları anlada bilməmişəm. Odur ki, mətn üstündə hər gün işlədim, gah sözlərin birini dəyişdim, gah da o birini. Amma yenə də rahat deyildim. Günün birində dedim ki, bu mətnə bir musiqi bəstələyəcəm. Bəlkə, sözlə deyə bilmədiklərimi musiqi ilə çatdıraram. Beləcə musiqiyə müraciət elədim. Onu da deyim ki, mən kiçik yaşlarımda tar dərslərinə getmişdim, tarda Azərbaycan muğamlarını gözəl ifa edə bilirdim, odur ki, musiqi bəstələmək mənə çətin olmadı. Mahnılarımı dinləyənlər bilir ki, onların əksəriyyəti bayatı-şiraz üstündədir. Həmin dövrdə gitaram var idi, gitarda “İgid əsgər, möhkəm dayan” mahnısını bəstələməyə başladım və 4-5 saat ərzində mahnı ərsəyə gəldi. İlk variant ki, var, Şəmistan Əlizamanlı ifa edir, onu bax 4-5 saat içində hazırlamışam. Fikrim mahnını ictimaiyyətə təqdim etmək, tanınmaq deyildi. Özüm üçün üçün yazmışdım, ətrafdakılar da çox bəyəndilər. Sonrada qərara aldıq ki, mahnını Faiq Ağayevə verək. Zəng etdim, Faiqlə danışdım...

Ardı növbəti sayımızda

Söhbətləşdi: Rövşən Tahir