adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Oktyabr 2020 13:15
152732
MÜSAHİBƏ
A- A+

“BMT qətnamələrinin arxasında dövlətlərin siyasi iradəsi durmalıdır” - MÜSAHİBƏ

“Türkiyə də, Pakistan da bəzi dövlətlərin ikili standartlarına çox zaman məruz qalan dövlətlər siyahısındadır. Amma onların Ermənistanla bağlı mövqeləri üzrə hazırda bu iki dövlətə hüquqi təziq üçün əsas yoxdur. Bilirsiniz, nəyə görə? Çünki bu dövlətlərin özlərinin hərəkətlərinin ədalətli hüquqi əsası, beynəlxalq hüquqi əsası var. 41-ci maddənin tələbini onlar həyata keçirirlər ki, bax BMT 4 qətnamə qəbul edib və biz, dövlət olaraq bunları realizə edirik”. “Ədalət” qəzetinin qonağı BDU-nun Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə dokturu Samirə xanım Eyvazovadır.

Azərbaycanın şansızlığı ondan ibarətdir ki, düşməni özü kimi mərd deyil

-Samirə xanım, BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul edilib. Bax bu qətnamələrdən söhbət açaq...

-Bildiyiniz kimi, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə ard-arda 4 qətnamə qəbul edib. Birinci (822 saylı) 30 aprel 1993-cü il, ikinci (853 saylı) 29 iyul 1993-cü il, üçüncü (874 saylı) 14 oktyabr 1993-cü il və sonuncu (884 saylı) 12 noyabr 1993-cü ildə qəbul olunub. Bu qətnamələrin qəbul edilməsi təqdirəlayiq haldır, heç kim bunu istisna etmir. 822 saylı qətnamə Kəlbəcərin, 853 saylı qətnamə Ağdamın, 874 saylı qətnamə Fizuli, Cəbrayılın, Qubadlının, 884 saylı qətnamə isə Zəngilan rayonlarının işğallarından sonra qəbul olunub.

BMT Təhlükəsizlik Şurası qətnamələrinin icra olunmaması səbəbini izah etmək üçün kökə qayıtmaq istərdim. Ki, dövlətlər niyə bu halda beynəlxalq hüquqa əməl etmirlər və ya əməl etməyə səy göstərmirlər? Məsələ burasındadır ki, beynəlxalq hüquq və BMT qətnamələrinin arxasında dövlətlərin siyasi iradəsi durmalıdır. Xırda bir nümunə deyim, dövlət öz daxilində hər hansı bir qərar qəbul etdikdə onun icrasını dövlətin iradəsi və güc stukturları təmin edir və qərarın yönləndiyi subyektlərə bu qərarları icra etməyə vadar edir. Beynəlxalq hüquqda, o cümlədən, ən böyük universal siyasi təşkilat olan BMT-nin qətnamələrinin arxasında o güc strukturu yoxdur. Bu güc strukturunun tamamilə realizə olunması üçün məsələ NATO-ya kimi, yaxud BMT-nin Sülhməramlı Qüvvələrinə kimi gedib çıxmalıdır. Burada isə bütün dövlətlərin iradəsinin ortaya qoyulması lazımdır. Yəni beynəlxalq hüquq sferasında mərkəzi hakimiyyətin olmaması, bu aspektdən də onun çıxartdığı qərarların qeyri-effektlivliyini ortaya qoymuş olur. Bu 4 qətnamənin icrası üçün kollektiv siyasi iradə ortaya qoyulmalı idi və indi də qoyulmalıdır. Məsələ yalnız Azərbaycanın və Türkiyənin siyası iradəsi ilə kifayətlənmir. Burada kollektiv şəkildə digər dövlətlərin də, loru dildə desəm, daşın altına əllərini qoymaqları lazımdır.

Ümumiyyətlə, beynəlxalq hüququn hər hansı dövlət tərəfindən realizəsi üçün 3 əsas prinsip mövcuddur. Burada “3 R” prinsipindən söhbət gedir. “3 R” prinsipinin birincisi “reputation”, yəni dövlətin özünün xarakteristikası önəmli olmalıdır. İkinci “reciprocity”, yəni beynəlxalq hüquq normalarının yerinə yetirilməsi qarşılıqlı olmalıdır. Birdə “retaliation”, yəni əvəzin ödənilməsini qeyd edə bilərik. Ermənistan bir dövlət olaraq öz fəaliyyətində daha çox propoqandaya üstünlük verən dövlətdir. Azərbaycanın şansızlığı ondan ibarətdir ki, düşməni özü kimi mərd deyil. Müəyyən münaqişədə mərd düşmənlə mübarizə aparmaq qarşı tərəf üçün, doğrudan da, şansdır. Ermənistan özünün xarakteristikasına fikir verməyən dövlətdir. Ermənilər üçün bu gün yalan deyib sabah onu təkzib etmək adi bir şeydir. Sadə dildə desəm, özünə hörmət edən dövlət beynəlxalq hüquqdan irəli gələn məsələləri yerinə yetirməlidir ki, beynəlxalq ictimai nüfuzuna xələl gəlməsin. Bu Ermənistan üçün önəmli deyil. İkinci qarşılıqlı şəkildə olmalıdır. 30 il gözlədiyimizə və heç bir qarşılıq görmədiyimizə görə 27 sentyabr hadisələri baş verdi. Çünki kifayət qədər hüquqlarımız pozulmuşdu. Üçüncü məsələ isə əvəzin ödənilməsidir ki, burada hüquq pozuntusuna uyğun olaraq müəyyən cəza tədbirlərinin yerinə yetirilməsi göstərilir. BMT qətnamələrində kollektiv şəkildə əvəzin ödənilməsi prinsipi öz əksini tapmalı idi. 30 il gözlədik və Ermənistana qarşı kollektiv şəkildə heç bir cavab, məcburiyyət tədbiri tətbiq edilməsini görmədik və buna görə də BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun özünümüdafiə hüqumuzu realizə etdik.

30 ildir, Təhlükəsizlik Şurası heç bir tədbir görmür

-“51-ci maddə” dediniz, bu maddə barəsində danışaq...

-Bu maddə haqqında danışmazdan öncə onu qeyd edim ki, 51-ci maddə BMT Nizamnaməsinin 7-ci fəslində “Sülhə təhlükə, sülhün pozulması və təcavüz aktı ilə bağlı tədbirlər” bölməsində yerləşir. 51-ci maddənin özünü şərh etməzdən əvvəl deyim ki, 4 qətnamə və ondan sonra qəbul edilmiş bəyanatların hər birinin hüquqi əsası elə 7-ci fəsildədir. 7 fəslin 39-cu maddəsi əsas verir ki, Təhlükəsizlik Şurası barışıq üçün təhdid, sülhün pozulması, təcavüz aktının mövcudluğu halında məhz BMT Nizamnaməsinin 41 və 42-ci maddələrinə uyğun olaraq tövsiyələr verir və qərar qəbul edir. 39-cu maddədə qeyd olunur ki, Təhlükəsizlik Şurası təcavüz aktı, sülhə təhlükə olduqda qərarlar qəbul edir. Hansı ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bir az öncə dediyim kimi 4 qətnamə qəbul olunub. Qətnamələr qəbul olunduqdan sonra BMT nə etməli idi? BMT 41 və 42-ci maddələrin tələblərini yerinə yetirməli idi. Ki, 30 il boyunca bunu görmədik. 41-ci maddə nəyi deyir? Vurğulanır ki, tədbirlər görülməlidir və bu tədbirlər dedikdə hərbi tədbirlər nəzərdə tutulmur. Təcavüz və ya aqressiya göstərən, beynəxalq sülhə təhlükə törətmək istiqamətində hərəkət və ya hərəkətsizlik etmiş dövlətə qarşı qeyri-hərbi tədbirlərin görülməsini nəzərdə tutur. Burada tədbirlər nədir? İqtisadi əlaqələrin, dəmir yolu, dəniz, poçt, teleqraf, hava, rabitə vasitələrinin tam və ya qismən kəsilməsini, diplomatik münasibətlərin qismən kəsilməsini özündə ehtiva edir ki, Türkiyə Respublikası birmənalı şəkildə 41-ci maddənin tələblərini yerinə yetirmiş oldu, Ermənistan Respublikasını təcavüzkar dövlət kimi tanıdı və bu dövlətə qarşı BMT Nizamnaməsinin 41-ci maddəsindən irəli gələn öhdəliyini yerinə yetirmiş oldu. Biz bunu eyni zamanda Pakistanın da timsalında görmüş olduq. Pakistan Ermənistanı, ümumiyyətlə, dövlət kimi tanımadı və əsas kimi işğal faktorunu götürdü. Məsələ burasındadır ki, əksər hallarda Türkiyə də, Pakistan da bəzi dövlətlərin ikili standartlarına çox zaman məruz qalan dövlətlər siyahısındadır. Amma onların Ermənistanla bağlı mövqeləri üzrə hazırda bu iki dövlətə hüquqi təziq üçün əsas yoxdur. Bilirsiniz, nəyə görə? Çünki bu dövlətlərin özlərinin hərəkətlərinin ədalətli hüquqi əsası, beynəlxalq hüquqi əsası var. 41-ci maddənin tələbini onlar həyata keçirirlər ki, bax BMT 4 qətnamə qəbul edib və biz, dövlət olaraq bunları realizə edirik. Qətnamələrin tam effektli realizəsi üçün BMT Nizamnaməsinin 41-ci maddəsi və daha sonra 42-ci maddəsi tətbiq edilə bilərdi. 42-ci maddənin həyata keçirilməsi üçün kollektiv iradə lazım idi. Deyəcəksiniz, 42-ci maddə nədir, izah edim. 42-ci maddə deyir ki, sülhə təhlükə, sülhün pozulması və təcavüz aktları ilə əlaqədar olaraq görülən tədbirlər (41-ci maddədə sadaladıqlarımız) effektli olmadıqda hərbi tədbirlərin həyata keçirilməsi üçün hüquqi zəmin yaranır. 42-ci maddə əsas verir ki, Təşkilat üzvləri hava, dəniz, quru qoşunları və digər vasitələrlə hüquq pozuntusu törətmiş dövlətə açıqcasına müdaxilə etsinlər. Amma bu günə kimi nə 41-ci, nə də 42-ci maddənin kollektiv şəkildə realizəsinin şahidi olmadıq.

7-ci bölmənin son maddəsi 51-ci maddədir. Elə maddələrin düzülüşündə də bir məntiqi ardıcıllıq var. Azərbaycan Respublikası 30 ildir, bu məntiqi ardıcıllığa tam riayət etdi və nəhayət, BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunan, ayrılmaz hüququ olan özünümüdafiə hüququndan (Nizamnamədə bu hüquq elə bu cür formulə edilib) istifadə etdi. 51-ci maddə nə deyir? Bu maddədə qeyd olunur ki, dövlətə silahlı hücum, təcavüz olunarsa Təhlükəsizlik Şurası beynəlxalq sülhün, təhlükəsizliyin qorunması üçün tədbirlər görənə qədər hər bir dövlətin ayrılmaz özünümüdafiə hüququ var. 30 ildir, Təhlükəsizlik Şurası heç bir tədbir görmür.

Beynəlxalq hüquqda önəmli faktor nədir? Təcavüz aktının müəyyən olunmasında əsas faktor ilkinlikdir. Yəni loru dildə desəm, ilk gülləni kim atdı. İlk gülləni kim atdısa, buna uyğun olaraq da həmin tərəfin özünümüdafiə hüququ yaranır. Yəni dövlət beynəxalq təşkilatları birinci növbədə məlumatlandırmalıdır ki, o, təcavüzə məruz qalır. Ona görə, 51-ci maddə deyir ki, vaxtında, lazimi qaydada məsələ ilə bağlı məlumatlandırmalısınız və bundan sonra tədbirlər görə bilərsiniz.

1907-ci il Haaqa Nizamnaməsinin  42-ci maddəsində hərbi işğal aşağıdakı qaydada müəyyən edilir: “Ərazi düşmən ordusunun hakimiyyəti altında həqiqətən olduqda işğal edilmiş hesab edilir. İşğal yalnız belə hakimiyyətin yaradıldığı və yerinə yetirildiyi əraziyə şamil olunur”. Göründüyü kimi, Azərbaycan Respublikası həm silahlı hücuma, təcavüzə məruz qalıb, həm də torpaqları 30 ildir, işğal altındadır.

BMT Nizamnaməsinin 51-ci maddəsi hər bir halda özünümüdafiə hüququnu özündə ehtiva edir. Özünümüdafiə hüququ isə hər bir vasitə ilə istər hərbi, istər iqtisadi və digər məsələləri nəzərdə tutur. Təbii ki, burada Cenevrə və Haaqa konvensiyalarının müddəlarına riayət olunmalıdır.

Dağlıq Qarabağ və ətraf 7 rayon həm beynəlxalq hüquqi, həm tarixi, həm əxlaqi, həm ədalət baxımından Azərbaycanındır! Beləcə, Cənab Prezidentin dediyi kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Haaqa və Cenevrə konvensiyaları, bu konvensiyalardan irəli gələn məsələlərlə bağlı növbəti sayımızda digər ekpertlə fikir mübadiləsi edəcəyik.

Söhbətləşdi: Rövşən Tahir