adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2020 12:21
19360
MƏMLƏKƏT
A- A+

"Sürücülər komendant saatının rejiminə əməl etməlidirlər" - MÜSAHİBƏ

Bu sözləri bizimlə söhbətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli dedi

-Sirr deyil ki, ölkəmizdə sentyabrın 28-dən hərbi vəziyyət elan olunub, Bakıda və cəbhə bölgələrində komendant saatı elan edilib. Sizcə, bu komendant saatında sürücülərə hansı tövsiyyə və müraciət olunmalıdır ki, onlar mövcud qaydalara əməl etsinlər?

-Digər şəhərlərdə və rayonlarda olduğu kimi Bakıda da komendant saatı tətbiq edilib. Və bu komendant saatına uyğun da iş rejimi mövcuddur. Yol polisi olaraq sürücülərə bu barədə müraciət etmişik, həmin müraciətdə əsas fikir bundan ibarətdir ki, onlar komendant saatına uyğun olaraq Bakı şəhərində mövcud qaydalara əməl etməlidirlər. Yəni hər bir sürücü və hərəkət iştirakçısı bir həqiqəti anlamalıdır ki, Bakıda komendant rejimi tətbiq edilirsə, axşam saat 9-dan sonra hər bir sürücü bu qanunlara ciddi riayət etməyə borcludur. Başqa sözlə demiş olsaq, hətta onların özlərinin icazəsi olsa belə, mütləq qaydada nəqliyyat vasitələrinə də icazə alınmalıdır. Üstəlik də bütün sürücülər sükan arxasında əyləşərkən yol hərəkəti qaydalarına əməl etməli, şəhərdə hərəkət edən xüsusi təyinatlı avtomobillərin hərəkətinə şərait yaratmalıdırlar. Bununla yanaşı birmənalı olaraq yol hərəkəti qaydalarına kimliyindən asılı olmayaraq hamı riayət etməlidir. 

-Cənab baş leytenant, sizə elə gəlmirmi ki, bizim bəzi sürücülər nəinki komendant saatında, hətta adi günlərdə belə yol hərəkəti qaydalarını kobud sürətdə pozur, digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaradırlar...

-Təbii ki, göstərdiyiniz bu faktlar şəhərimizdə həmişə olub və bu gün də var. Sadəcə olaraq bir çox sürücülər yol hərəkəti qaydalarını pozmaqda israrlıdırlar. Onlara qarşı da davamlı olaraq yol polisi qabaqlayıcı tədbirlər görür. Yəni yol hərəkəti qaydasını pozmuş hər bir sürücü məsuliyyətdən yaxasını kənara çəkə bilmir. Bir çox halda bəziləri hərəkət iştirakçılarını məsuliyyətə cəlb etdiyinə görə yol polisini qınayır. Amma burada qınanmalı yol polisi deyil, yol hərəkəti qaydasını pozan sürücüdür...

-"Qaydaların pozulması" dediniz, yadımıza piyadalarla bağlı Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisələri düşdü. Aldığımız məlumata görə, Bakıda baş vermiş yol-nəqliyyat hadisələrinin 56 faizi piyadalarla bağlıdır. Yəni piyadaların ölüm faktının artması istər-istəməz yol polisini narahat etməyə bilməz. Bu barədə nə deyə bilərsiniz?

-Əlbəttə, piyadalarla bağlı baş vermiş ölüm hadisələri Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəhbərliyini və bizi çox narahat edir. Ona görə də rəhbərlik piyadaların təhlükəsizliyi ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsini əsas vəzifə kimi bütün əməkdaşlar qarşısında qoyur. Hər gün demək olar ki, Bakı Şəhər Yol Polisi İdarəsi bu məsələləri gündəmdə saxlayır, piyadaların təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görür...

-Siz "qabaqlayıcı tədbirlər" dedikdə, yəqin ki, piyadaların maarifləndirilməsi işini nəzərdə tutursunuz...

-Təbii ki, hərəkət iştirakçılarının və piyadaların maarifləndirilməsi bizim əsas vəzifələrimizdəndir. Çünki bir çox halda piyadaları cərimə etməklə bu problemi həll etmək mümkün deyil. Və biz də heç çalışmırıq ki, piyadalar cərimə edilsinlər. Yol polisi ona çalışır ki, piyadalar qaydalara əməl etsinlər, yeraltı və yerüstü keçidlərdən istifadə etsinlər və həyatlarını təhlükəyə atmasınlar. Çox təəssüf ki, bəzi piyadalar həyatlarını təhlükə qarşısında qoyaraq hətta hava limanına gedən yolda-hərəkətin yüksək sürətli olduğu yerdə yolu keçmək istəyirlər. Bax neçə-neçə piyada yolüstü keçidi qoyub hərəkətin intensiv olduğu yerdən keçərkən nəqliyyat vasitəsi ilə vurulub. Bizim də əsas məqsədimiz budur ki, belə hadisələrin qarşısını alaq və piyadaların təhlükəsizliyini təmin edək. Bu məqsədlə bizim müxtəlif televiziya kanallarında maarifləndirici çarxlarımız olub. Bax bu cür təbliğat vasitələri istər-istəməz piyadaları daha intizamlı olmağa səsləyir. 

-Bir fikri də bildirmək istəyirik, havaların yağışlı və yağmurlu günlərində bəzən işıqforlar işləmir, sürücülər çıxılmaz vəziyyətdə qalırlar. Harada ki, işıqfor işləməyən yerdə yol polisi olur, orada hərəkət tənzimlənir. Yol polisi olmayan yerdə isə vəziyyət çətinləşir. Bax bu cür mövcud nöqsanları aradan qaldırmaq üçün hansı çıxış yolları axtarılır?

-Yağışlı-yağmurlu havalarda şəhərimizdə bəzən işıqforlar işləmir. Həmin anda yol polisi nasazlıq yaranan küçə və prospektdə hərəkətin təhlükəsizliyini tənzimləyir. Belə bir şəraitdə şürücülər çıxılmaz vəziyyətə düşür və hətta hərəkət üstünlüyü olan yerdə belə digər nəqliyyat vasitəsinə şərait yaradılmır. Gərək sürücülər də bu cür mürəkkəb hava şəraitində yüksək mədəniyyət göstərsinlər, bir-birinə hörmətlə yanaşsınlar. Çox təəssüf ki, bəzi sürücülər bir-birinə hörmət eləmir, elə tez həmin yerdən keçməyə can atırlar. Bu isə yağışlı havada yol-nəqliyyat hadisələrinin baş verməsinə münbit şərait yaradır. 

-Toğrul müəllim, sonda bir daha sürücülərə nə tövsiyyə edərdiniz?

-Tövsiyyəmiz bundan ibarətdir ki, hər bir hərəkət iştirakçısı və sürücülər bizim müraciətimizə məsuliyyətlə yanaşsın və diqqətli olsunlar. İnanın, sürücülər və piyadalar diqqətli və məsuliyyətli olsalar, bu qədər ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələri baş verməz. Ona görə də bir daha tövsiyyə edirik ki, sükan arxasında olan sürücü, yolu keçən piyada qaydalara əməl etsinlər və bir-birinə hörmətlə yanaşsınlar, belə olarsa, sonradan heç kəs peşimançılıq hissi yaşamaz...

Söhbətləşdi: Faiq Qismətoğlu