adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
30 Sentyabr 2020 11:08
155952
MƏDƏNİYYƏT
A- A+

O zaman söyləyəcəyik: "Vətən bağı al-əlvandır, Var içində Xarı bülbül"

Bu gün sizə Qarabağın dilbər güşəsi sayılan Şuşada bitən Xarı Bülbüldən bəhs edəcəm. Bülbülə bənzədiyinə görə “Xarı bülbül” adlanan bu gülün maraqlı hekayəsi var. Haqqında danışmazdan öncə deyim ki, “Xar” sözü “tikan” mənasını verir. Bu isə o deməkdir ki, Xarı bülbülü “tikanlı bülbül” də adlandıra bilərik. Bu gülün üzərində sanki bülbül var və donub gülün üzərində qalıb.

Xarıbülbül yalnız Şuşada bitir. Haqqında rəvayətlər dolaşan bu güllə bağlı maraqlı məqamlardan biri də onun yalnız Şuşada bitməsi ilə bağlıdır.

Hələ keçmiş zamanlarda Fətəli şah Şuşa üçün darıxan həyat yoldaşı, Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağabəyim ağa üçün İranda bir bağ saldırır. Bu bağda Qarabağda bitən bütün gülləri, ağacları əkdirir, lakin bircə gül bitmir, o da ki, Xarı bülbül. Fətəli şah nə qədər etsə də, Xarı bülbülü yetişdirtdirə bilmir ki, bilmir.

Şuşanın milli simvolu hesab edilən, “Sülh və məhəbbət gülü” adlandırılan Xarı bülbül əsl möcüzədir. O, Səhləbkimilər (lat.Orxidacea) fəsiləsinin Ofris (Ophrys lat.) cinsinə aiddir. Bu cinsin 50-dən çox növü var və onların da bir qismi Azərbaycanın müxtəlif ərazilərində bitir. Xarı bülbülün məskəni isə yalnız və yalnız Şuşanın Cıdır düzüdür. Haqqında bəstələnən məşhur mahnının sözlərində də Xarı bülbül kədəri öz əksini tapıb:

Vətən bağı al-əlvandır,

Yox içində Xarı bülbül...

Bu gül barədə başqa bir rəvayətdə var: “Bir bülbül var imiş. Həmin bülbül bir gülə aşiq olubmuş. Bülbül gülü sevir, başına dolaşır və gülü qoruyurmuş. Günlərin bir günündə bir arı bu güldən şirə çəkmək istəyir. Gülə olan sevgisindən dolayısıyla bülbül gülü qorumaq üçün sinəsini qabağa verib arını həmin gülə yaxınlaşmağa qoymur. Beləcə onlar havada toqquşurlar və arı bülbülü sancır, lakin bülbül ölmür. Sevgisi, gülə olan məhəbbəti onu arı ilə birlikdə elə gülə-Xarıbülbülə döndərir”.

Bu gül haqqında digər bir rəvayət isə belədir: “Bir gün bülbül öz sevgilisi gülün görüşünə getmək istədiyi vaxt bərk külək əsir. Nəhəng çinarlar, uca sərvlər, salxım söyüdlər onun qarşısında dönə-dönə əyilirlər. Yalnız zərif, gözəl, ətirli gül küləyə ram olmur. Onun dimdik durduğunu görən külək heyrətə gəlir:

- Ay zərif, ay zəif gül, sən hansı cəsarətlə mənə baş əymirsən? Sən bu gücü haradan alırsan?

Gül cavab verir:

- Məhəbbətdən! Məhəbbətin gücü yenilməz olur. Sevən vüqarlı olur, heç kəsə baş əymir. Mən bülbülü sevirəm. Mənə güc-qüvvət verən onun saf məhəbbətidir. 

- Baxarıq! Sən məhəbbətini sına, mən də gücümü…

Külək bunu deyib kükrəyir. Külək qələbəsindən sevinərək daha bərkdən uğuldayır. Bülbül özünü gülün harayına çatdırır. O, sinəsini yavaş-yavaş əyilən gülün köksünə söykəyib, əyilən qamətini düzəldir. Bu vaxt gülün tikanı onun sinəsinə sancılır. Bülbül məhv olur, amma gülü əyilməyə qoymur. Gül həmin vaxtdan bülbül görkəmində çiçəklər açır. Adı da olur, Xarı bülbül. 

Bədnam ermənilər tərəfindən torpaqlarımız işğal edilən zaman qədim mədəniyyət və musiqi məskənimiz olan Şuşa da zəbt edildi. Bu separatçıların aqressiyası nəticəsində böyük itkilərə məruz qaldıq. Bu itkilərdən biri də Xarı bülbül oldu. Bu gün xalq olaraq biz həm də Xarı bülbülün həsrətindəyik. Azərbaycan Ordusunun rəşadəti sayəsində əminik ki, qısa vaxt ərzində dilbər güşəmiz olan Şuşa da alınacaq və o zaman biz “Bütöv Azərbaycan” olaraq söyləyəcəyik:

Vətən bağı al-əlvandır,

Var içində Xarı Bülbül...

Rövşən Tahir