Əbülfət Mədətoğlu: Xəyal kimi bir istək
"Bir qadına..." silsiləsindən
Mənim əllərimə toxunmadan sən
Könül atəşimi duya bilməzsən...
Gözümün yazısı oxunmadan, sən -
Gözünü gözümdə yuya bilməzsən...
Xəyal adamıyam, ya da ki, dərviş
Fərqi nə - təpədən dırnağa eşqəm.
Həsrətin ovcunda meyvəsi dəymiş -
Vüsalam, atılan qarmağa keçsəm!..
Yaddaşı oyaqdı barmaqlarımın
Sevgi , kipriyimə şeh də çiləyib...
Mənim ümid adlı yarpaqlarımın -
Üstünə son bahar ahı ələyib...
Sənin kənar durub, yad olmaq cəhtin
Önündə dayanan varlığa qəsddi...
Bilirəm, içində cənnətdi əhdin -
Verdiyin əzabla, bu cəhd əbəsdi!
Demə bir yuxudu sevgi hekayəm
Atılıb daş kimi dəniz dibinə...
Pastament üstündə qolsuz heykələm -
Bir gül qoy, heykəlin sən döş cibinə...