adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

BƏŞƏRİYYƏTİN MASKA MƏRHƏLƏSİ - İLQAR RƏSUL yazır

İLQAR RƏSUL
288772 | 2020-09-23 16:46

Mühəndislər zaman maşını düzəldirlər, birini oturdub 1980-ci ildən 2020-ci ilə yollayırlar ki, get gör oralarda vəziyyət necədi, nə yeniliklər var, bəşəriyyət hansı zəfərləri çalıb, insanlıq nə gözəlliklərə nail olub?

Adam gəlir düşür 2020-ci il Bakısına. Baxır görür hamı ağzında maska gəzir. Bir yaşlı xanımdan soruşur ki, ay ana, niyə hamınız ağzınızda maska gəzirsiniz?

Xanım birnəfəsə deyir ki: "Əməllərimizin ucbatından! Haqqı dandıq, harama əl uzatdıq. Kitab oxumadıq, elm öyrənmədik, səhərdən axşamacan başımızı mobil telefona soxub feysbuklarda, vatsaplarda süləndik, Allahın bizə bəxş elədiyi vaxtı boşuna öldürdük, ədalətsizliyə susub, şərə şərik olduq, yalana aludə olub, düz söz danışmadıq! Allah da gətirib ağzımıza maska bağladı, dedi di gedin!"
Xanım sözünü bitirib cavab gözləmədən gedir. Adam dilxor olur. Qanı qara vəziyyətdə ətrafa baxanda, görür ağzı maskasız bir cavan oğlan gəlir. Ürəyi açılır-demək vəziyyət tam da ümidsiz deyil, ağlını, imanını itirməyənlər qalır hələ də dünyada-düşünüb, həvəslə gəncə yaxınlaşır.

-Bağışlayın, siz niyə maska taxmamısınız?

-soruşur.

Gənc sanki bu sualı gözləyirmiş kimi əsəbi halda, ucadan -"ə get cəhənnəm ol burdan, bircə sən çatışmırdın yolumun üstündə, ilin-günün bu vaxtı!"- deyir, adamı sinəsindən vurub kənara itələyir, oradan uzaqlaşır.

Adam gəncin dalınca baxır, öz-özünə - "Allahım, özün bilən məsləhətdi, amma Sənin də işin asan deyil ta, hələ bunun maskasızı belədi, gör indi maskalılar nə oyunlardan çıxırlar!"-deyib kor-peşman qayıdır 1980-ə. Camaatı yığıb deyir ki, 2020-də adam qalmayıb. Mobil telefon hamını bivec edib. Ta Qurbanolduğumun maskası da işə yaramır...

TƏQVİM / ARXİV