adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
23 Sentyabr 2020 16:19
24007
MƏMLƏKƏT
A- A+

ASAN xidmət çimərliklərdəki monitorinqin nəticələrini açıqladı

Pandemiya dövründə çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb.

Agentliyin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumatda bildirilir ki, aparılmış təhlil nəticəsində sosial məsafə gözlənilməklə və COVID-19 pandemiyası dövründə təhlükəsizlik qaydaları nəzərə alınmaqla Bakı və Sumqayıt şəhərlərində istifadə üçün yararlı olan 120 çimərlik müəyyənləşdirilib: "Həmin çimərliklərdə 5 avqustdan 15 sentyabradək vətəndaşların istirahəti üçün bütün zəruri şəraitin yaradılması təşkil olunub.

Eyni zamanda, xüsusi proqram təminatı, interaktiv veb səhifə və mobil tətbiq hazırlanıb. Proqram təminatı istirahət edənlərin təhlükəsizliyi nəzərə alınmaqla çimərliyin tutumunu müəyyən etməyə xidmət edib. Həmin məlumatlar www.cimerlik.az xüsusi internet səhifəsində real vaxt rejimində əks etdirilib. Səhifəyə daxil olmaqla vətəndaşlar çimərliklərin siyahısı, doluluq səviyyəsi, infrastruktur və şərait, ünvan və yerləşmə yeri və s. məlumatları əldə edə biliblər. Eyni zamanda, yerlərdə vəziyyətin müəyyən edilməsi üçün xüsusi mobil tətbiq hazırlanıb ki, bu tətbiq vasitəsilə çimərlik ərazisinə daxil olan və çıxan şəxslərin sayı sistemə ötürülməsi təmin olunub. Çimərlik mövsümünün bitməsi ilə əlaqədar olaraq portal fəaliyyətini dayandırıb".

Məlumatda qeyd edilir ki, çimərliklərin fəaliyyətdə olduğu dövr üzrə (05.08-15.09) ümümi giriş sayı 724,266 nəfər olub, o cümlədən avqust ayı üzrə 578,395 nəfər və sentyabr ayı üzrə isə 145,871 nəfər təşkil edib.

Fəaliyyətin təşkil olunması zamanı "ASAN xidmət" tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi arasında koordinasiyalı fəaliyyət təmin edilib.