adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Sentyabr 2020 15:53
51605
MƏDƏNİYYƏT
A- A+

“Sənətçinin əlavə gəliri olmalıdır”  - AÇIQLAMA

Karonavirus pandemiyası digər sahələr kimi incəsənətə də təsirsiz ötüşməyib. Təbii ki, gənc xanəndələrimizin böyük miqdarda gəlir yerləri toylar olduğu üçün onlar bu aylar ərzində çoxsaylı işlər həyata keçirə bilməyiblər. Adalet.az saytı olaraq “Pandemiya büdcənizə necə təsir edib?” mövzusunda gənc xanəndələrimizin fikirlərini öyrəndik və onların dediklərini olduğu kimi təqdim edirik.

Günay İmamverdiyeva: “Karantin dövründə büdcəm pedoqoji fəaliyyətimdən oldu. Digər vaxtlarda toylardan gəlir əldə edirdik. Amma karantin dövründə toylar olmadı və gəlirim aldığım maaşla formalaşdı. Karantin, sözsüz ki, bizə də təsir elədi. Sırf maaşla nisbətən dolanmaq mümkündür. Sənətdə xərclər çoxdur, bunun geyimi var, səs yazması var, klipi var ki, maaş bunlara bəs etmir. Odur ki, sənətçinin əlavə gəliri olmalıdır”.

Almaxanım Əhmədli: “Bir neçə aylıq karantin dönəmində toylara, konsertlərə qadağalar qoyulduğuna görə bizim üçün də çətinliklər oldu. Amma çox şükür ki, məndə bir o qədər də sıxıntılar olmadı. Bəlli ki, mənim işlədiyim daimi bir iş yeri var ki, solistəm  və aldığım maaşa görə normal dolana bildim. Bildiyiniz kimi, Azərbaycan Dövlət Televiziyasında və Beynəlxalq Muğam Mərkəzində solist kimi çalışıram. Hər iki yerdən də maaşımı almışam. Düzdür, maddi gəlir əvvəlki kimi olmasa da, amma maaşla özümü saxlaya bildim”.

Kamilə Nəbiyeva: “Təbii ki, bütün müğənnilərin, xanəndələrin gəlir yerləri toylardır. Bizim ən böyük biznesimiz toydur. Mart ayının 15-dən bəri heç bir toy olmadığına görə qazancım da yoxdur. Beynəlxalq Muğam Mərkəzinin solistiyəm, bir tək ordan aldğım maaşla dolanıram. Pandemiya dövründə gördüyüm işlər də oldu, lakin o da çox olmadı. Çünki büdcəm imkan vermədi ki, böyük işlər görüm. İnşaAllah toylar başlayar və gəlir əldə edərik. Əldə etdiklərimizlə də yenidən mahnılar yazdırarıq, kliplər çəkdirərik”.

Rövşən Tahir