adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
22 Sentyabr 2020 15:11
63202
MƏDƏNİYYƏT
A- A+

“Film sahəsində PR bərbad vəziyyətdədir” - AÇIQLAMA

Hər zaman belə bir sual diqqət mərkəzində dayanıb: “Axı niyə köhnə filmlər müasir filmlərdən daha çox sevilir?” Adalet.az saytı olaraq mədəniyyət nümayəndələrinin fikirlərini öyrəndik və onların dediklərini olduğu kimi təqdim edirik.

Aktyor Kamran Ağabalayev: “Gərək, məsələyə bir neçə aspektdən baxaq. Niyə o kinolara baxılırdı, bunlara baxılmır, deyə bir şey yoxdur. Sizə sual verim. “Daxildəki ada”, “Biləsuvar”, “Nabat”, “Üçüncü günün adamı” filmlərindən xəbəriniz varmı? İlk olaraq bu suala cavab verin, sonra mən də müqayisə edəcəm. Söyləyirsiniz ki, adlarını qeyd etdiyiniz filmlərlə rastlaşmamışam. Bu kimin günahıdır? Gəlib dayanırıq marketinq və PR-ın üzərində. Bu günləri film sahəsində markentinq və PR bərbad vəziyyətdədir. Sadaladığım filmlər müxtəlif festivalların əsas proqramlarında olan filmlərdir. Bu bir aspekt. İkinci aspekti qeyd edim. Bu gün tamaşaçı köhnə filmlərə baxan tamaşaçılarımızdan fərqlənir. “Şərikli çörək” filmi ilə böyüyən insanlarla “Transformer”, “Marvel”ə baxanların düşüncəsi eyni deyil. “Transformer”, “Marvel”ə baxanlardan eyni şeyi gözləmək olmaz. “Whatsapp” olmayan dövr var, olan dövr var. Adi bu müqayisəni apara bilərik. Bir də bu gün kinoteatrlarda olan kinolara gəlin kinolar deməyək. Onlar insanları güldürmək üçün yığılan videoçarxlardır. Müasir kinoların sevilməməsinin başlıca məqsədi PR və marketinqin zəif olmasıdır”.

Əməkdar incəsənət xadimi Ramin Hacıyev: “Sovet dövründə kinomatoqrafiyaya olan münasibət indikindən fərqli idi. Hər hansı bir kinonun ərsəyə gəlməsi üçün o kino ələkdən keçirdi, senzuralar olurdu. İstər komediya, istər dram janrında olsun, ildə iki-üç film çəkilirdisə, bütün hər kəs onların üzərində işləyirdi. Aktyor seçimindən tutmuş ssenariyə qədər hər bir şey ciddi nəzarətdə idi. Odur ki, həmin filmlər daha dəyərli olurdu. Bir də, 50-100 aktyor var idi və onların da 90 faizi sevilənlər idi. İndi filmlərimiz kommersiyaya yönəlib və hazırda TV-lərdə göstərilənlər başqadır. Yəni o zaman Azərbaycan ilə 3-4 film istehsal edirdisə, indi həftəyə 8-9, hətta 12-13 serial efirə gedir. Bu o deməkdir ki, fərq böyükdür və senzura bir o qədər də güclü deyil. Təbii ki, burada seçimlər fərqlənəcək. İndi 100 deyil, 1000 aktyor varsa, onların yarısı sevilir, yarısı yox. Nəticə etibarilə film tamaşaçı tərəfindən qəbul olunmur”.

Aktyor Vüsal Murtuzalıyev: “Əslində səbəb o qədər çoxdur ki, mənim özüm də bəzən anlaya bilmirəm, nə üçün? Konkret hansısa bir səbəbi özüm üçün dəlil gətirə bilmirəm ki, niyə? Amma azdan-çoxdan kino sahəsində olan bir adam kimi mənim də öz baxış bucağım var. Bu, tək mənim də baxışım deyil, yəqin ki, bir çox adam məsələyə mənim düşündüyüm kimi yanaşır. Səbəb odur ki, dövr fərqi var. Kino sahəsində də bu fərqə uyğun olaraq dəyişikliklər özünü göstərir. Bu dəyişikliklərə uyğun olaraq isə təlabatlar formalaşır. Sovet dövründə mən uşaq olmuşam, amma eşidib bildiklərimizə görə illik normativ var idi, kinoda sistem qurulmuşdu və böyük rejissor işləri özünü göstərirdi. Adlı-sanlı rejissorlar var idi ki, onlar aktyorları üzə çıxarırdılar. Fikrimcə, tələb və təklif məsələdə önəmli əhəmiyyət daşıyır. Nəzərdən keçirsək, görərik ki, hazırda komediya janrında olan filmlər daha çox çəkilir. Bir məsələ də var, indi kinolarımıza diqqət, qayğı bir o qədər də ürəkaçan deyil.  Söhbət təbii ki, ciddi və yaradıcılıq məhsulu olan filmlərdən gedir.  Düzdür, istedadlı rejissorlarımız var, amma onların imkanları yoxdur ki, potensiallarını nümayiş etdirsinlər. Bir şeyi də qeyd edim, o dövrdə televiziya insanların evlərinə yenicə gəlmişdi, onlara nə göstərirdinsə, baxırdılar, onu qəbul edirdilər. Amma bu gün bütün sahələrdə o qədər inkişaf var ki, tamaşaçını inandırmaq çətindir”.

Rövşən Tahir