adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
22 Sentyabr 2020 14:35
103173
ƏDƏBİYYAT
A- A+

Eyvan həmin eyvan idi

Harda bir kənd görsəm,

kəndimə oxşadıram

 

Xatirələr çatacağı məkana kimi işıq sürəti ilə irəliləyir. Elə ki, çatdı, yavaşıyır. Hadisələrin axarına düşür.

O gün kəndimizdəydim.

 

Eyvan həmin eyvan idi. Köhnə evimizdəki kimi. Məhəccəri də, arakəsmədəki fiqurlu dəmir məftilləri də. Buruqlu izolyasiyalı elektrik xəttləri, işığı yandırıb-söndürən qutusu da.

Dağ kəndinin gecə sakitliyinə cırcıramaların səsi xüsusi fon verirdi. Səhərə kimi yağan yağış bu romantikaya əlavə ahəng qatırdı.

Nə vaxt idi belə uzun müddətli gur yağış görməmişdim. Ağacın yarpaqları yağışın davamlığına tab gətirməyib, təbii nov kimi başını aşağı əymişdi.

İnsanın ruhunu oxşayan yağış dəydiyi səthdə Şopenin nöktürnlərini çalırdı. Adam bu ahəngi səsiylə pozmaq istəmir, ötən illərlə müqayisə üçün gözüylə yaddaşının sakit bir küncünə köçürmək istəyirdi.

Eyvandan əlim güllərə, çiçəklərə, budağını əymiş ağacların meyvələrinə çatırdı.

Bu gün hər şey məni ovsunlayıb, uşaqlığıma qaytarmışdı. Uşaqlığımı yaşayırdım. Saf, təmiz, qayğısız uşaqlığımı. Evimiz, atam, anam vardı. Hamı qonşuydu, qohumuydu. İçim, ruhum yuyulub təmizlənən güllər, çiçəklər, ağaclar, meyvələr kimi tərtəmiz idi.

Ayaqyalın yağışın altında oyan-bu yana qaçırdım. Anamın “A bala, gəl içəri. Soyuqlayarsan” səsini eşidirdim. Həyətdə heyvanlara ot qoyan atamın səsi gəlirdi. Bu gecə uşaqlığım üçün axıtdığım göz yaşımı xatırladan yağışa gülərüz Gözəl nənəm yenə “Bala, yağış bərəkətdi”, -söyləyirdi.

Bu gecə yağışdan çox tənhalıqdan üşüyən kəndim içinə qısılmış dağa sığınmışdı.

İlk dəfə idi ki, başqa bir kənd mənə kəndimizi bu qədər xatırladırdı. Hər şey uşaqlığımdakı kimi idi. Burada uşaqlığı keçən doğmalarının dediyi kimi, mən də bu baba evinin sahibinə “Bu evə dəymə, sökmə bu evi” dedim. Hər küncündə, divarında, daşında neçə xatirələr yatan, bizi özümüzə, o illərə qaytaran doğma evi. Çünki o xatirələrdə itirilən hər şey var. Hamı var…

Nə o gündən ayrılmaq istəyirdim, nə də mənə keçən günləri yaşadan insanlardan.

İnsan yaşa dolduqca, narahatlıqla qarşılaşdıqca uşaqlığına qayıtmaq istəyir. Qayğılardan uzaq uşaqlığına.

Rəssam fırçası ilə çəkilmiş lövhəni xatırladan dağı bürüyən sıx meşəni, dağa söykənmiş kəndi, həyəti, ağacları, evi, eyvana uzanan budaqları, ətrini otağa ötürən çiçəkləri, gülləri, çox sevdiyim iri damcılı yağışı və həsrətində olduğum sakitliyi qoyub gəlməli oldum.

Uşaqlığımla birlikdə…

 

Rəfail Tağızadə

Oğuz rayonu, Xaçmaz kəndi

24.08.2020