adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
22 Sentyabr 2020 10:49
81469
MƏDƏNİYYƏT
A- A+

Kaloriti, sitatları ilə sevilən 65 illlik "Görüş" : Filmin əcnəbi aktrisası Lalanın yarımçıq taleyi

Əziz oxucular, Azərbaycan kinosunda müxtəlif dövr hadisələrini, insanların həyat tərzini əks etdirən müxtəlif janrlı ekran əsərləri var ki, həmin filmlər geniş tamaşaçı auditoriyası tərəfindən bu gün də sevilərək izlənilir. Siz də təsdiq edərsiniz ki, sovet dövrünün incəsənət və mədəniyyət sahəsində ən məhsuldar dövrü 1941-1945-ci illər - Böyük Vətən müharibəsindən sonra başlayıb. Məhz o dövrdə üstündən uzun illər keçməsinə baxmayaraq indi də maraqla tamaşa edilən. sevilən “Görüş” filmi həmin illərin uğurlu məhsuludur.

Adalet.az xəbər verir ki, bu il “Görüş” filminin tam metrajda çəkilməsindən düz 65 il ötür. Maraqlıdır ki, filmdə aktyorların dili ilə deyilən bir çox fikirlər neçə illərdir aforizm, misal, atalar sözü və lətifə kimi xalq arasında yayılıb. Məsələn, "Bu nə plovdur, plov bişirməyi də biacarmırsan, yağ gətir...”, "Yox, bir qaşdaldaq! ", "Ayroplanla gəlsələr, gərək hələ goydə olsunlar.." , " nə qəşəng qızdı" və sair...

Film haqqında danışmamışdan əvvəl qeyd edək ki, filmə seçilmiş aktyor truppasının üzvlərinin ilk yaradıcılıq işidir. Beləki, film quruluşçu rejissor Tofiq Tağızadənin kinoda ilk müstəqil işidir. Eyni zamanda,aktyor Əliağa Ağayevin aktrisa Barat Şəkinskayanın və aktyor Ceyhun Mirzəyevin kinoda ilk işidir.

Dövlət Film Fondunun bildirdiyinə görə, film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır və 1955-ci ildə “Görüş” filmi çəkilir.

Filmin maraqlı obrazları

Azərbaycan və Özbəkistan pambıqçılarının ənənəvi dostluğundan bəhs edən bu filmin əsas ideyasını əmək adamlarının qaynar iş rejimi təşkil edir. Filmdə kolxozun əmək qabaqcıllarının qayğısız həyat tərzi ilə yanaşı, tənbəl insanların da meşşan həyat tərzi tənqid hədəfinə çevrilir.

“Görüş” filmində hadisə bolluğu filmin koloritini və baxımlılığını artırır. Sosializm yarışının gedişini yoxlamaq məqsədi ilə özbək pambıqçılarının azərbaycanlı həmkarlarının pambıq sahələrini gəzmələri, bir-birlərinə planları yerinə yetirmələri barədə raport vermələri, Kamili qabaqcıl pambıqçı hesab edən Lalənin həm də ona vurulması, Kamilin bacısı Bilqeyisin traktorçu Musa ilə sevgi əhvalatları, kolxoz sədri Münəvvərin zəhmətkeş insanlarla olan xoş rəftarı, kolxozçuların əmək yarışmasının gedişatını maraq və həvəslə izləməsi, həmçinin maraqlı olduğu qədər də baməzə obrazlardan olan Şıxəlinin, suçu Əbülfəzin meşşan həyat tərzi , ictimai qınaqlarla rastlaşmaları, tənbəliklərinə görə ifşa olunmaları və başqa komik hadisələr tamaşaçılar tərəfindən böyük maraqla izlənilir.

Filmdə Azərbaycanın görkəmli sənətkarlarımızdan Münəvvər Kələntərli (Münəvvər), Leyla Bədirbəyli (Bilqeys), Həsənağa Salayev (Musa), Barat Şəkinskaya (Şövkət), Əzizə Məmmədova (Əzizə), Ağahüseyn Cavadov (Əbülfəz), Əliağa Ağayev(Şıxəli), Müxlis Cənizadə (Ənvər), Fateh Fətullayev (Quluzadə), Məmmədəli Vəlixanlı (çayçı) və başqaları çəkiliblər.

 

Filmin operatorları və musiqisi...

 

Filmin quruluşçu operatorları Cahangir Məmmədov və Teyyub Axundovdur. Hər iki operatorun təbiət mənzərələrini, kənd həyatını heyranlıqla təsvir etmələri, mühitlə bağlı ab-habvanı yaratmaları, rejissor fikrini, üslubunu kompozisiya şəkilində təqdim etmələri, işıq effektindən, natura çəkilişlərindən məharətlə istifadə etmələri filmə uğur gətirən başlıca səbəblərdəndir. Filmdə əsasən natura çəkilişlərindən istifadə olunsa da, pavilyonda hazırlanmış dekorasiyalar, iş otaqları, mənzillər, otaqlardakı əşyalar, mebellərin yerləşdirilməsi, işıq effektlərindən düzgün istifadə film qəhrəmanlarının hər birinin ayrı-ayrılıqda əhval-ruhiyyəsini dəqiq ifadə edir.

Filmin musiqiləri görkəmli bəstəkar, respublikanın xalq artisti Tofiq Quliyevə məxsusdur. Hadisələri müşaiyət edən musiqi parçaları, mahnılar kinokomediyanın tamaşaçılar tərəfindən daha düzgün, emosional qarşılanmasına səbəb yaradır, filmin qəhrəmanlarının xarakterlərinin açılmasında hadisələrin inkişaf prosesində mühüm rol oynayır. Filmdə xalqımızın məişəti, adət-ənənələri, qonaqpərvərliyi, mənəvi-əxlaqi dəyərləri öz əksini tapmışdır.

 

"Nə qəşəng qızdı": “Görüş”ün əcnəbi aktrisası Lala

Filmin Lalası Nelli Ataullayeva 1931-ci ildə Daşkənddə dünyaya gəlib. 1953-cü ildə Daşkənd Teatr İnstitunu bitirib, “Şənlik”, “Görüş”, “Əmirliyin süqutu”, “Aşiqlər” kimi filmlərdə çəkilib kifayət qədər məşhurlaşan Nelli 1956-cı ildə Ümumittifaq Dövlət Kinomatoqrafiya İnstitutuna qəbul olub. 1962-ci ildə məzun olan gənc rejissor “Uzkinoxronika” studiyasında çalışmağa başlayıb, 20-dən çox sənədli filmə imza atıb. Son kursda Nelli moskvalı rejissor, gənc Vladimir Dyaçenko ilə ailə qursa da Vladimirin kübar ailəsi həmişə bu “qeyri-bərabər” nikaha qarşı çıxıb. Cütlük boşanır. Gənc aktrisa anası və bacılarının yanına köçür, 1963-cü ilin payızında oğlu Nikita doğulur.

1970-ci ildə aktrisa “Kinoxronika” jurnalının redaktoru Slava Yeremenkovla ailə həyatı qurur. Slava ilə Nellini sevgi, gənclik və işləmək eşqi birləşdirir... Nikita da Slavanı asanlıqla qəbul edir, Nelli nəhayət xoşbəxt olduğuna inanır...

1974-cü ilin mayında Nelli növbəti sənədli filmin çəkilişləri üçün Buxaraya yollanır. Gərgin və yorucu çəkilişlərdən sonra Nelli bərk xəstələnir, yüksək hərarət və öskürəkdən qurtula bilmir. Həkim bacısı Rənanın təkidi ilə həkimə gedən gənc Nellidə ağciyər xərçəngi aşkarlanır. 1974-cü il iyulun 27-si axşam saatlarında Nelli Ataullayevanın 42 illik ömür yolu qırıldı.

42 yaşında dünyasını dəyişən Nelli Ataullayeva "Görüş" filmində yaratdığı Lala roluna görə Azərbaycanda daim xatırlanır. Özbəkistanda isə ölümündən sonra unudulub. Onun nə yübileyi qeyd edilib, nə də barəsində kitab çxıb.

Nellinin ölümündən sonra oğlu Nikita bir müddət nənəsi Zöhrə ilə yaşayır. Bir müddət sonra atası Vladimir Dyaçenko (Nellinin birinci əri) Nikitanı Moskvaya aparıb. Şəxsiyyət vəsiqəsini alan Nikita öz təkidi ilə anasının soyadını götürüb. İndi Nikita tanınmış biznesmendir. Anasının soyadını daşıyır - Nikita Vladimiroviç Ataullayev...

 

Belə- belə işlər...

 

Əntiqə Rəşid