adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Evliliyin qul bazarı - Emin Piri yazır

Emin Piri
95443 | 2020-09-22 10:24

Qəddarca səslənə bilər, bəlkə də şeytani hiss içimdə bu qadın ölümlərinə sevinc də qatır. Üzülürəm, yalnız həmin qadınların övladlarının ana sevgisindən məhrum olmasına, travmalarına və cəmiyyətdə bu cür hallarının mənfi nümunə olaraq insanlar arasında etibarsızlıq, güvənsizlik yaratmasına...

Əslində, yalan danışıram, üzülürəm, özü də lap çox. Amma bunu belə kəskin demədən olmur... 
Bax, günah özünüzdədir. Elə lap başdan kiçik istisnaları çıxsaq, çünki insan kimi bildiyimiz birinin içindən də şeytan boylana bilər və o, qatilə çevrilər. Amma siz kimləri seçirsiniz?

Düşüncə, ruh uyğunluğumu? Xeyr! Yaxşı ailənin uşağıdır, qızıma və ya mənə yaxşı şərait vəd edir, yaxşı baxacaq deyilən kimlərəsə. Yəni, mənəvi deyil, maddi dünyanı əsas tutursunuz. Halbuki, qızınızı yaşadacaq şəraitin hansı mənbəylə gəldiyi sizi maraqlandırmır. Heç analiz də etmirsiniz. Əlsində, analiz də edirsiniz. Sadəcə sizə sərf edir, nə olsun özgələrin haqqını yeməklə, qan batırmaqla qızınıza, elə ay qız, sənə şərait quracaq, vecinizə də deyil, əsas odur, sənə xoş olsun.

Amma unudursunuz ki, bir gün başqalarının haqqı yeyilməklə qızınıza gün ağlayan şeylər bir gün öz qızınızın qanı bahasına oturacaq. Qətllə olmasa da həyatını məhv etməklə, qadınığını, mənəvi dünyasını yaşamamaqla.

“Papa şotuna” sizin ailənizin, qızınız gələcəyini alan biri mütləq kiminsə “şotuna” başqa nələrsə edə bilmək şansı çoxdur. Sizə də...
Haram yolla qazanılan pullara siz hə deyirsinizsə, o mənşəyi məlum olmayan uşağınıza yedirilən pulların hesabını sorumursunuzsa, elə o evdəcə qalırsınızsa, o pullar sizin özünüzü bir gün boğacaq.

Əmin olun ki, kiçik istisnaları, məişət davalarından yaranan uğursuz halları çıxsaq saf, halal biri heç zaman elə qətlə qol qoymur. Kasıbından varlısına kimi.

Lap aşağı təbəqədən də belə şeylər yaşanır, nə olsun, deyirsiniz. Elə o lap aşağı təbəqə də o təbəqədən müqayisə ilə seçilir. Yenə də qızınızla düşüncə, ruh uyğunluğu, həyata baxış tərzi ilə deyil.

Şeytana göz yuman dilsiz şeytandır. Bax, siz sevinclə qızınızı belə yaxşı ailələrə(vəzifəli, imkanlı ailələr-oxu) verəndə şeytana göz yummuş olmaqla qalmır, hətta o şeytanla qohumluğa sevinirsiniz. Sonra da “ah, bu dərd niyə bizim başımıza gəldi”-deyirsiniz.

Zəngin ailələrdə azdır bu hallar? Əmin olun, daha çoxdur. Sadəcə o ailələrdə yaşananlar mediaya bağlıdır deyə siz sadə vətəndaşlar arasındakı qətlləri görürürsünüz. Orda yaşananlarsa sizin ağlınıza gətirə bilmədiyinizdən belə daha çoxdur. Hətta qətldən daha amansız şeylər.

Siz evliliyi gələcəyin alış-verişinə çevirin, bir növ bazara, qumara. Qumarın da öz qaydaları var, hər şeyini uduza da bilərsən.
Bu cür evliliklər bazardı, kapitalizmin qul-quldar alış verişi, nikah kağızınızsa alış verişin sənədi. Quldarın isə qulla davranmaq qaydaları var, istər yaşadar, istər öldürər.

Sizinsə ay qadına şiddətə son, ay kişilər şərqdə məhv edir səsləriniz bətnində həmişə boğulacaq. O zaman o səs yerinə çatacaq ki, siz qəlbinizdəki qul bazarını bağlayasınız.

Qətli törədənlər? Mən onlara qarışa bilmərəm, quldarın öz əmlakı, qulu ilə davranması məni ilgiləndirmir və belə qumarlara özü qol atmışlara görə Spartak olmaq fikrim yoxdur. Bu məsələlərdə seçərkən özünüz öz içinizdəki spartakı yaratmalısınız.

 

TƏQVİM / ARXİV