adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Sentyabr 2020 12:57
16053
MƏMLƏKƏT
A- A+

Faiq QİSMƏTOĞLU: MOTOSİKLETLƏR, MOPEDLƏR VƏ VELOSİPEDLƏR ÖLÜM SAÇIR

İndi bir çox insanlar motosikletlərdən, mopedlərdən və velosipedlərdən geniş istifadə etməyə başlayıb. Başqa sözlə demiş olsaq, bu nəqliyyat vasitələri ucuz olduğu üçün insanlar onlara daha böyük maraq göstərirlər. Və bir də adını çəkdiyimiz bu nəqliyyatları idarə edərkən sürücülər bir o qədər də çətinliklə üzləşmirlər. Amma onların da sürülməsinin müəyyən çətinlikləri və problemləri var. Ən azından ona görə ki, bu cür nəqliyyat vasitələri qoruyucu hissələri möhkəm olmadığına görə daha çox təhlükəlidir.

Çox təəssüf ki, bu təhlükəni onun sükanı arxasında olan sürücülərin əksəriyyəti hiss eləmirlər. Çünki onlar düşünürlər ki, bu nəqliyyat vasitələri balaca olduğuna görə, şəhərin istənilən yerində onu idarə etmək bir o qədər çətin olmayacaq. Ancaq hadisələr çox vaxt onların düşündüklərinin əksinə cərəyan eləyir.

Xüsusən də Bakı şəhərində hərəkətin sıx olduğu küçə və prospektlərdə motosikletlərin, mopedlərin və velosipedlərin idarə edilməsi bir çox halda ölüm təhlükəsi saçır. Belə ki, bir  çox şirkətlərin və ticarət mərkəzlərinin kuryerləri hər hansı  tapşırığı qısa zaman kəsiyində yerinə yetirmək üçün həmin nəqliyyat vasitələrini hərəkətin sıx olduğu yerlərdə idarə edərkən yol hərəkəti qaydalarına məhəl qoymur, hər hansı yeməyi çatdırmaq və tapşırılan işi tez icra etmək üçün nəqliyyat vasitələrinin arası ilə soldan, sağdan manevr edir, qarşıdakı və arxadakı avtomobillərə diqqət yetirmir və bir çox halda belə anlarda qəzalar qaçılmaz olur.

Özü də təcrübəsi olmayanlar və sürücülük kursu keçib vəsiqə əldə etməyənlər belə qəza şəraitlərini Bakı şəhərində tez-tez yaradırlar. Hətta bir çox sürücülər onları görəndə çox ehtiyatla davranır və çalışırlar ki, təhlükə ilə üzləşməsinlər. İmkan daxilində çalışırlar ki, bu təhlükədən xilas olmaq üçün gah sağdan, gah soldan hərəkət edən motosikletlərin, mopedlərin və velosipedlərin sürücülərinə yol versinlər. Bu,  bir çox halda mövcud təhlükənin və qəzanın qarşısını almağa şərait yaradır.

Təəssüflə qeyd etməliyik ki, ölüm saçan bu cür nəqliyyat vasitələrinin sürücüləri çox vaxt nə özlərinin, nə də digər sürücülərin həyatı haqqında dərindən düşünmürlər. Hər hansı bir sifarişi alan kimi küçəyə çıxır, avtomobil sıxlığına məhəl qoymur və ilan kimi o maşının, bu maşının arasından keçərək mənzil başına tez çatmaq istəyirlər. Hətta biz dəfələrlə səkidə yüksək sürətlə hərəkət edən və piyadaların həyatı üçün təhlükə törədən bu cür motosiklet, moped və velosiped sürücülərinin şahidi olmuşuq. Bir çox halda piyadalar onlara narazılıqlarını və iradlarını bildirsələr də, amma bundan o sürücülər qətiyyən nəticə  çıxarmayıb, yoluna davam edirlər. Və bu günün özündə də Bakı şəhərində səkidə hərəkət edən piyadaları qorxu içində saxlayan belə sürücülər az deyil.

Heç onların çoxunun sürücülük vəsiqəsi də yoxdur. Sadəcə olaraq, özəl iaşə müəssisələri, restoranlar və kafelər onları işə götürərək kuryer xidməti həyata keçirir. Və bu kuryer xidməti də təbii ki, qanun çərçivəsində gerçəkləşdirilməlidir. Başqa sözlə demiş olsaq, həmin nəqliyyat vasitələrinin sükanı arxasında əyləşən sürücülər sürücülük vəsiqəsi əldə etməli, təcrübə toplamalı və eyni zamanda məsuliyyət hiss eləməlidirlər. Əfsuslar olsun ki, böyük əksəriyyət bu deyilən qanunlara əməl etmir, bacardı-bacarmadı, motosikletin, mopedin və velosipedin sükanı arxasında əyləşərək kuryer xidməti göstərir. Bu isə bayaq dediyimiz kimi, bəzi hallarda ölümlə nəticələnir.

Aldığımız məlumata görə, son vaxtlar Bakı şəhərində bu nəqliyyat vasitələrinin  digər avtomobillərlə toqquşması nəticəsində bir neçə motosiklet, moped sürücüsü dünyasını dəyişib. Təbii ki, yol-nəqliyyat hadisələri baş verərkən qəzanın yaranma səbəbləri təhqiqat, araşdırma və istintaq zamanı bütün detalları ilə aydınlaşdırılır. Aparılan araşdırmalar da onu göstərir ki, bu nəqliyyat növlərinin iştirakı ilə baş verən qəzalar elə çox vaxt həmin sürücülərin öz səhlənkarlığı, laqeydliyi üzündən yaranır.

Üstəlik də, onların bu cür məsuliyyətsiz addımları digər nəqliyyat vasitələrinin sürücüləri üçün də təhlükə törədir. Hələ biz səkilərdə  necə gəldi idarə olunan belə nəqliyyat vasitələrinin piyadaların həyatı üçün böyük təhlükə törətdiyini demirik. Bunu da desək, onda görün motosikletləri, mopedləri və velosipedləri idarə edən insanlar  başqaları üçün nə qədər böyük təhlükə mənbəyidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bizim ölüm saçan bu nəqliyyat vasitələri ilə bağlı suallarımızı cavablandırarkən bildirdi ki, çox yaxşı bir mövzuya toxunmusunuz. Həqiqətən də bu gün Bakı şəhərində motosikletlərin, mopedlərin və velosipedlərin idarə olunmasında bir təhlükə mövcuddur. Və həmin təhlükəni aradan qaldırmaq üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, o sürücülərlə maarifləndirici söhbətlər aparır, onların daha ehtiyatlı olmağını tövsiyə edir. Düzdür, bizim bu apardığımız profilaktik tədbirlər öz müsbət nəticəsini göstərir. Amma  buna baxmayaraq, yol hərəkəti qaydasını pozaraq qanunlara əməl etməyən o cür nəqliyyat vasitələrinin sürücüləri də daha çoxdur.

Polis polkovniki Vaqif Əsədov fikrini davam etdirərək bildirdi ki, kuryer xidmətini icra edən motosiklet, moped və velosiped sürücüləri hamısı birmənalı olaraq yol hərəkəti qaydalarına əməl etməyə borcludurlar. Əgər kimsə yola çıxırsa, nəqliyyat vasitələrinin növündən asılı olmayaraq, digər hərəkət iştirakçıları üçün təhlükə törətməməli və qaydalara əməl etməlidir. Son vaxtlar yol hərəkəti qaydasını pozan 30-a yaxın bu cür sürücü barəsində əməkdaşlarımız tərəfindən qanuna müvafiq olaraq inzibati protokol tərtib edilib. Onu da qeyd edim ki, bir neçə motosikl, moped və velosiped sürücüsü yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişib. Həmin nəqliyyat vasitələrinin iştirakı ilə baş verən qəzalar və ölüm hadisələri bizi çox narahat edir. Ona görə də rəhbərlik bu məsələləri diqqət mərkəzində saxlayır, qəzaların qarşısının alınması üçün yol polisi əməkdaşlarına həmin nəqliyyat vasitələrinin sürücüləri ilə daha ciddi mübarizə aparmağı və işləməyi tövsiyə edir.

Vaqif Əsədov bir fikri də xüsusilə vurğuladı ki, yol polisi digər nəqliyyat növləri kimi həmin nəqliyyatların da “Yol hərəkəti haqqında” Qanuna ciddi riayət etməsini diqqət mərkəzində saxlayır və bundan sonra da diqqət mərkəzində saxlayacaq. Və həmin sürücülər də birmənalı olaraq anlamalıdırlar ki, qanun hamı üçündür; istər avtomobil olsun, istərsə də motosiklet, moped və velosipedlər! Ona görə də bir daha o sürücülərə tövsiyə edirik ki, yola çıxarkən diqqətli olsunlar, hərəkətin sıx olduğu yerlərdə tez-tez manevr edərək sola və sağa  hərəkət etməsinlər.

Göründüyü kimi, motosiklet, moped və velosiped sürücüləri bundan sonra da diqqətli olmalı, kuryer xidmətini yerinə yetirərkən yol hərəkəti qaydalarına əməl etməli, təhlükəli gedişləri ilə digər nəqliyyat vasitələrini idarə edən insanların həyatı üçün ölüm saçan hərəkətlərə yol verməməlidirlər. Öncə isə öz həyatlarını, ailələrini və övladlarını düşünməlidirlər. Hər hansı kuryer xidmətini bir anın içində gerçəkləşdirmək üçün kimsə həyatının tükdən asılı vəziyyətə salmamalıdır.