adalet.az header logo
  • Bakı 16°C
21 Sentyabr 2020 12:15
88535
ŞOU-BİZNES
A- A+

“Psixoloji problemlərim oldu” - Vəfa Şəbnəm ilə davasından danışdı - VİDEOMÜSAHİBƏ

“Müğənnilik sənətini sevirəm. Bu gün bütün müğənnilər toy arzulayır. Pula görə deyil. Bax mənim yoldaşım məni pulla təmin edir, evdə də otura bilərəm, heç toya da getmərəm. Amma toyda aldığım o ləzzəti, insanların sevgisini heç bir pul əvəz edə bilməz”. “Ədalət” qəzetinin qonağı müğənni Vəfa Şərifovadır.

-Vəfa xanım, gündəmdə necə qalırsınız?

-Gündəmdə mahnılarımla qalıram. Efirlərə az çıxıram, müsahibələrim az olur, açığı çox yerə getmirəm. Jurnalistlər dəvət edirlər, çox sağ olsunlar, amma hər yerə getmirəm, həmişə getmirəm. Əsasən mahnılarım və kliplərimlə gündəmdə qalıram. Bu Allahın mənə verdiyi ən gözəl nemətdir. Hər kəs tanına bilər. Amma sevilmək hər kəsə qismət olmur. Çox şükür ki, mən insanlar tərəfindən sevilirəm. Dəyər verən bütün tamaşaçılara təşəkkür edirəm.

-Qalmaqala meyilli insansınız?

-Xeyr, təbiətcə davakar biri deyiləm. Qalmaqaldan, söz-söhbətdən, davadan uzaq qaçan insanam. İstər həyatda olsun, istər işimdə.

“Yanımda toya apara biləcəyim insanla ailə qurmazdım”

-Amma qalmaqallar sizdən yan keçmir...

-Təəssüf ki. Söz atanlar çox olur, adımı çəkib danışanlar belə olur, amma mən heç birinə cavab verməmişəm bu günə qədər. Bir dəfə olub, onu da hamı bilir. Artıq söhbət bağlanıb, hər şey yaxşıdır. Yəni mən tərəfdən münasibət hər kəsə yaxşıdır, qarşı tərəflərdən necədir, onu bilmirəm.

-Qarşı tərəf deyərkən Şəbnəm xanım Tovuzlunu nəzərdə tutursunuz?

-Şəbnəm xanımla barışmışıq. Bunu hər kəs bilir. Lakin başqa insanlar da var ki, yolumu kəsirlər, söz atırlar. Mənim bir ziyanım dəyməməsinə baxmayaraq düşmənçilik edirlər. Səbəbini bilmirəm, amma edirlər.

-Bu gün bəziləri sizin ifanızı bayağı adlandırır. Nədən qaynaqlanır bu?

-Eşitməmişəm, mənim ifama bayağı desinlər. Rəhman Əliyevlə, Elvin Musayevlə işləyirəm. Aranjimanlarım səviyyəli şəkildə olur. Mənim çalışdığım insanlar savadlı insanlardır. Mahnı seçimim insanlara daha yaxındır. Bəstəkar mahnıları hazırda oxumuram. Əvvəllər oxumuşam, onun üçün mənim illərim gedib. Bəstəkar mahnılarına neçə ilimi sərf etmişəm. Bütün klassikanı bilirəm. Amma insanlar başqa cür mahnılar istəyirlər. Bu biznesdir. İnsanlar bunu istəyirsə, bunu da satmalısan. Mən özüm üçün oxumuram axı. Mənə xalqın sevgisi lazımdır. Xalq bunu sevirsə, mən də oxumalıyam.

-Mahnılarınızı mən də dinləyirəm. Amma bəlli bir insanlar ifalarınıza bayağı damğası vururlar. Bəlkə, irəlidəsiniz, ona görə belə edirlər?

-Mənim yaşımda bu janrda mənim qədər tanınan yoxdur. Digər tanınanlar məndən yaşca böyükdürlər. Mənim yaşımda tək mənəm ki, bu cür ifa edirəm. Yaşıdlarımdan bu qədər sevilən sənətçi də tək mənəm. Həmişə irəli gedən insanlara hansısa bir sözləri deyirlər. Ya bayağı deyəcəklər, ya da başqa-başqa ifadələr ki, onları dilimə alıb səsləndirmək istəmirəm.

-Həyat yoldaşınız sizi qısqanır? Yəqin ki, evə gec gələndə bu hallar özünü göstərir...

-Qısqanmağı normaldır. Ümumiyyətlə, mən evə gec gəlmirəm, işim bitən kimi evdə oluram. Deyim ki, dostlarla gedim, oturum, yaxud gəzim, bu xarakterdə insan deyiləm. Evimə bağlı biriyəm. Odur ki, bu cəhətdən söz-söhbətlərimiz az olur.

-Bəzi xanım ifaçılar da var ki, toylarda həyat yoldaşları yanlarında olur. Sizdə necə?

-Heç vaxt olmur. Yanımda toya apara biləcəyim insanla ailə qurmazdım.

“Bu günə qədər aldanmayan xanımam”

-Sevgi dolu mahnılar oxuyursunuz? Ünvanlandığı şəxs həyat yoldaşınızdır, ya ünvansızdır?

-Ona ünvanladığım mahnım da var. Amma əsasən kütlə üçün oxuyuram, insanlarda əsas problem nədirsə, ondan oxuyuram. Məsələn, payız aylarında ayrılıqlar çox olur, bax o zaman ayrılıqdan oxuyuram. Yazda sevgidən ifa edirəm.

-Ana olmaq hissi... Ana olmaq nəyi dəyişdi?

-Mən həmişə digər insanlara qayğı göstərən biri olmuşam. Elə bilmişəm ki, bacı-qardaşımın məsuliyyəti mənim üzərimdədir. Əslində deyim ki, həyatımda dəhşətli dərəcədə nəsə dəyişmədi. Çünki analığı əvvəldən hiss edirdim. Düşünürdüm, ana olandan sonra heç nə dəyişməyəcək, necə var, həyatım elə də olacaq. Amma müəyyən şeylər var ki, dəyişilir. Doğrudan da, insan o qədər uşağa qarşı həssas olur ki. Bir balaca harasısa ağrıyanda canın sızıldayır. Bunu yaşadım və gördüm. Bu yaxınlarda bir az xəstələndi və mən sözlə ifadə olunmayacaq hisslər yaşadım.

-Müsahibələrinizdən birində demisiniz ki, ana olmağa hazırlaşarkən streslərim çox oldu. Bunlar Şəbnəm xanımla aranızda yaşananlar idi?

-Problemlərim çox oldu. İşlə bağlı problemlərim oldu, elə o dava da. Ümumiyyətlə, hamiləlik zamanı yaşanan dava, söz-söhbət insanın yaddaşından silinmir. Mən həmişə pis şeyləri unudan insan olmuşam. Uşaqlığımda belə ola bilər ki, mənə qarşı kimsə pis davranıb, yaxud gəncliyimdə, onları unutmuşam. Amma nədəndir, bilmirəm, hamiləlikdə kimlə söz-söhbətim olubsa, unuda bilmirəm. Yaddaşımdan silinmir. O davalara görə psixoloji problemlərim də oldu. Şükür Allaha, indi yaxşıyam.

-Həm də biznes leydisiniz. Müğənni olmaq, ya biznes leydi?

-Müğənni, təbii ki. Müğənnilik sənətini sevirəm. Bu gün bütün müğənnilər toy arzulayır. Pula görə deyil. Bax mənim yoldaşım məni pulla təmin edir, evdə də otura bilərəm, heç toya da getmərəm. Amma toyda aldığım o ləzzəti, insanların sevgisini heç bir pul əvəz edə bilməz. Karantin bitsin, Allahın izni ilə toylarımız olsun.

-Hər bir müğənninin toy qiyməti var. Açıqlamaq istəyərsiniz məbləği?

-Onu açıqlamaq istəmirəm. Nömrəmiz var. Hər kəs zəng vurub öyrənə bilər.

-Heç olub ki, imkansız bir insan üçün pulsuz toy aparasınız?

-Belə zənglə olmayıb. Çünki çox vaxt istifadə edirlər. Amma bacım deyib ki, filankəs imkansızdır, səni çox istəyirlər, gedə bilərsənmi? Demişəm, baş üstə. Yaxud hansısa tanıdığım bir insan deyirsə ki, get, gedirəm.

-“Ailə qurmaq istəmirəm” söyləmisiniz. Səbəb nə idi?

-Açığı özümü ailəyə hazırlıqlı hiss etmirdim. Düşünürdüm ki, hələ zamanım var. Ancaq oxuyaram və kariyera quraram. Fikirləşirdim ki, birdən ailə quraram və sənətdən uzaqlaşaram. Buna görə ailəni istəmirdim. Açığı kişilərə güvənim də yox idi. Xanımların çoxu həyatda aldanır. Mən bu günə qədər aldanmayan xanımam. Barmaqla sayıla biləcək xanımlar var ki, bir bəy tərəfindən aldanmıyıb. Onlardan biri də mənəm. Bir dəfə seçim elədim və düzgün seçim elədim. Çox şükür Allaha ki, qarşıma yaxşı insan çıxardı.

-Yoldaşınızın sizə qadağaları varmı?

-Çoxdur. Məsələn, heç bir sənətçi ilə dostluq edə bilmərəm, gedib otura bilmərəm. Açıq-saçıq özüm də geyinmərəm, amma o da qoymur. Çoxdur, saydıqca bitməz.

-Bəs sizin qadağalarınız varmı?

-Məndə də çoxdur. O, əməl edirmi? Bax orası müəmmalıdır. Amma elə şeylər var ki, mən də qəbul etmərəm.

-Sizə xəyanət etsə, bağışlayarsınız?

-Xəyanət kişilərdə iki cür olur, qadınlarda isə bir. Kiməsə könül bağlayarsa, kiməsə vurularsa, mən unudularamsa, ikinci plana atılaramsa, heç vaxt bağışlamaram. Bunu qadınlığıma sığışdıra bilmərəm.

-Özünüzə rəqib kimi görürsünüz?

-Mən öz yolumla gedirəm. Kimisə özümə rəqib görmürəm. Onsuz hərəkətlərimdən izləyicilər görürlər. Öz yolumla gedib kimisə təkrarlamıram.

-Çox sağ olun ki, dəyərli vaxtınızı ayırdınız.

-Siz sağ olun.

Rövşən Tahir