adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
21 Sentyabr 2020 11:31
80516
ƏDƏBİYYAT
A- A+

Şeirlərinin tarixinə duyğularının müharibəsini köçürən Emin Piri....

Bəli, Emin Piri və müharibə şeirləri...Hər bir şairin yaradıcılığında öz dəsti-xətti olduğu kimi, Emin Pirinin də öz dəsti xətti var.Amma demək olar ki,fərqli dəsti-xətt...Çünki az-az şairlərdə belə dəsti-xəttə rast gəlmək olar.Onun özünəməxsus müharibə mövzusunda poetik üslubu təsvir etməsini daha yeni ənənənin novatorluğunun sintezi kimi qeyd etmək olar.

Düzü əvvəllər çox düşünərdim, niyə məhz demək olar ki,bütün şeirlərinə müharibə hisslərini köçürdür Emin Piri?Səbəb nədir görəsən?
Yaradıcılığı ilə daha yaxından tanış olduqdan sonra sualıma hardasa cavab tapa bildim.Haqqında verilmiş müsahibəsini dinlədikdən sonra tam olaraq səbəb öz yerini tapdı düşüncələrimdə.Emin Pirinin duyğularının müharibəsini şeirlərinə köçürtmə səbəbi öncə uşaqlığının müharibə dönəminə təsadüf edilməsiymiş və illər sonra əlbəttə ki,hərbi xidmət dönəmi də onu bu təsir altından çıxmağa imkan verməyib.Onun "Üç alma" şeiri minlərlə uşağın müharibə dönəmində çəkdiyi acınacaqlı həyat tərzinin bariz nümunəsidir deyərdim. Kasıb uşaqlarının əlçatmaz arzularına həsədlə baxması şeirin ahəngində "müharibə arzuları yarımçıq qoyar" missiyası kimi dolğun təsvir olunmusdur.Şairin bu şeirində uşaqların yeni ayaqqabı arzusuna görə ayaqları böyüməzdi....

ayaqqabım yırtılardı
böyüyəndə ayağım.
Ayağınız böyüməsin deyə
dua etmisinizmi heç?!


Uşaqların əlçatmaz arzuları sərhəd məftilləri kimi görünərdi bu şeirdə.İkili fikir daşıyan :


"Sərhəddin
tikanlı məftilləri kimi görünərdi
kasıb uşaqlarının gözündə
məktəb bufetinin qapısı"


misraları həm usaqlığın susub danışmağa cəsarəti olmayan arzusu, həm Emin Pirinin müharibəyə qarşı nifrəti açıq şəkildə təsvir olunmuşdur.Bütün şeirlərində qısa amma mətnaltı daha dərin müharibə mövzusuna toxunan Emin Piri müasir dövrun şairlərindən məhz bununla seçilir deyərdim.

Onun "Babamın əlləri", "Suriya","Şəhid oğlunun dedikləri" və .s şeirlərində nəinki öz dövrünün müharibəsi,tarixdə yaşanan müharibələrin acı həyat tarixçəsini dolğun şəkildə əks etdirmişdir.

Daha çox sərbəst vəznə üstünlük verən Emin Piri həmçinin qadın obrazlarına da şeirlərində müraciət etmişdir."Analar da ölür ","Boşanmış qadın","Abort stolunda yalvaran körpə","Təndir ətirli qız" məhz bu silsiləli şeirlərindəndir.


Qucaqlayıb yastığın
cansız ayı balası
gecəyarısı
soyuq tər içində oyadib səni
gözlərinin düz içinə pıçıldar:
analar da ölur,dostum......


Anadan məhrum olmuş bir uşağın anasız həyatının təsviri bu şeirdə rəsm olaraq çəkilmişdir.Anasının ölməyinə inanmayan bir yetim körpə obrazının heykəltaraşı,memarı olan Emin Piri məhz bu fərqliliyi ilə şeir sənətində özünəməxsusluğu ilə seçilir. Bu xüsusiyyətlərinə görə də şeirinin tarixinə duyğularının müharibəsini köçürən Emin Piri bu duyğularını rahatlıqla oxucularına çatdırmağı bacarıb.

 

Gülnar Ümid

Sumqayıt Mərkəzi Kitabxanasının əməkdaşı