Əbülfət Mədətoğlu: Bacarsan...
"Bir qadına..." silsiləsindən
Gördüyüm bu qapı dərdə açılır
Əlim uzanıbdı qapıya doğru...
İçimdən qorxunc bir təlaş asılır -
Gəlibdi , elə bil , qapıya oğru...
Dodağım qanayıb, kirpiyim nəmdi
Ağzımda dilim də dönmür heç indi...
Bilmirəm nə xofdu, bu necə qəmdi -
Ürəyim bir dəfə keçindi indi!..
Gözümə görünən bu an O oldu
Başıma fırlanan yeri saxladı...
Qəlbimə bir ümid işığı doldu -
Gözümün dibində bir qız ağladı...
Oyandı mürgülü heyim , təpərim
Xeyli yüngülləşdi çiynimdəki yük...
Elə istədim ki, dinim, tərpənim -
Deyim göz yaşına ,sən ruhumu bük!
... Açıb bu qapını keçim içəri
Ardımca bir ovuc göz yaşı çilə...
Köçəri doğuldum, mən də köçəri -
Bacarsan dərdimə sən səbr dilə...