adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Sentyabr 2020 11:47
84790
ŞOU-BİZNES
A- A+

"Kasıblara kömək edən müğənnilər oldu" - Onlar dilə gəldilər

Sosial şəbəkələrdə müğənnilərin fotolarına yazılan rəylər sırasında tez-tez rast gəlinir ki, siz xalqa örnəksiniz, bu kimi hərəkətləri etməyin. Müğənni örnək olmalıdırmı? Adalet.az saytı olaraq bu suala cavab tapmaq üçün şou-biznes nümayəndələrindən Səidə Sultanı, Roza Zərgərlini və Şəbnəm Tovuzlunu sorğuya çəkdik.

Səidə Sultan: “Müğənni niyə örnək olmalıdır ki? Hər kəsə örnək evindəki valideyni olmalıdır, hərə özünə cavabdehdir. Bu gün Azərbaycanda müğənniləri qabağa veriblər, örnək də onlardan alırlar. Əslində isə örnək götürüləcək başqa şəxslər var. Onları göstərib təbliğ etmək lazımdır ki, insanlar da onlardan örnək alsınlar. Müğənni sənət adamıdır. Sənət adamından nə örnək götürmək olar? Bu oxuyandır, səhnə adamıdır. Həyatda istər müğənni, istər başqa şəxslər olsun, onların yaxşı şeylərindən örnək götürmək lazımdır. Pis şeyi örnək götürmək olmaz. Fikrimcə, Azərbaycanın qəhrəmanlarından, milləti üçün calarından keçən şəxslərdən örnək almaq lazımdır. Müğənni şou adamıdır”.

Roza Zərgərli: “Tək müğənni yox, göz önündə olan hər kəs örnək olmalıdır. Amma bu o demək deyil ki, müğənninin səhvi ola bilməz. O da insandır. Onun da yanlışı ola bilər. O zaman müğənni daş-qalaq edilməməlidir. “Niyə hər şeyi müğənni gözlənilir” sualına isə cavab verə bilmərəm, buna tamaşaçılar cavab versə, daha yaxşı olar. Bu suala cavabı heç özüm də bilmirəm. Mən də sual vermək istəyirəm ki, niyə məhz müğənni?”.

Şəbnəm Tovuzlu: “Müğənni öz sənətində sənətçi dostlarına örnək olsa, daha yaxşı olar. Adi insanlara örnəyimiz o ola bilər ki, onların gözündə yaxşı görünək, yaxşı musiqilər təqdim edək. Allaha çox şükür, normal insanlar kimi ailələrimiz var, övladlarımız var, yeri gələndə tərbiyəmiz öz yerində, davranışımız öz yerində. Hər kəs kimiyik, sadəcə fərqimiz odur ki, sənət adamıyıq, ifaçıyıq, gündəmdə olan insanlarıq. Ev xanımlarından bizim heç bir fərqimiz yoxdur. İnsanlar artıq belə formalaşıblar, müğənnilərdən hər bir şey gözləyirlər. Məsələn, karantin dövrü oldu. Karantində ancaq müğənniləri qınadılar ki, siz etməlisiniz. Sanki müğənnilərdən başqa imkanlı şəxs yoxdur. Nədənsə müğənnilərdən yardım istənildi. Onsuz biz bacardığımız qədər edirik. Mən etdiklərimi deyən insan deyiləm. Amma mənə hansısa şərh yazanlara qarşılıq olaraq cavab verməliyəm. Mənə yazırlar ki, maşınla şəkil çəkdirməkdənsə, get, kasıba kömək ol. Karantin dövründə etdiklərimi paylaşmamışdım. Amma mənə “Get, kasıbın qarnını doyur” dedikləri üçün etdiklərimi çəkib “instagram” hesabımda yerləşdirdim. Karantində kasıblara ən çox kömək edən müğənnilər oldu. Karantin dövründə insanlara yardım etdik, zamanında qazanıb saxladıqlarımızı xərclədik. Elə mənim özüm ən azından 150 ailəyə yardım etdim. Hər ay isə 5 ailə var ki, 1 ildir, onlara da köməklik edirəm. Bunları da qoydum kənara. İndi tələbimiz oldur ki, toylara icazə verilsin və çörəyimizi qazanaq”.

Rövşən Tahir