adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

"Vətən sənin kimi şəhidlərin məzarından başlayır" - Rövşən Tahir yazır

Rövşən Tahir
71815 | 2020-09-17 11:25

Məzarına gəldim. Gəldim ki, yenidən səninlə baş-başa qalıb fikirlərimi bölüşə bilim. Gəldim ki, gözlərinə baxıb səni sezə bilim. Gədim ki, helikopterdə yanarkən keçirdiyin duyğuları hiss edə bilim. İsti nəfəsini, zabit qürurunu, parad formasında mənə baxan simanı...Susuram...

Xatırlayırsan? Axırıncı dəfə səndən yazı yazarkən belə bir cümlələr qeyd etmişdim: “Sənin bədənin helikopterdə yanan gün mən də yandım, Şəhidim. Həm də elə yandım ki”. Elə yandım ki, bu gün belə o ağrı, o acını hiss edirəm. Amma nə edə bilərəm?

Deyirlər, insan üçün Vətən onun doğulduğu yerdən başlayır, mənim üçünsə Vətən sən və sənin kimi şəhidlərin məzarından başlayır. Qürur mənbəyim olan məzarınızdan başlayır.

Bu an gözlərim məzarın üzərində yazılan və əzbərdən bildiyim şeir parçasına sataşır:

“Hər bəşər övladının arzusu varkən,

Tərk etdin dünyanı nə yaman erkən?”

Misraları oxuyuram, oxuyub doluram, amma sənin qarşında ağlamıram. Çünki bilirəm ki, sağ olsaydın, zərrə qədər də olsun, nə məni göz yaşı içərisində görmək istərdin, nə də ki, fəryad qoparan halda. Elə pıçıltı ilə misraları oxuyuram. Gözümün önündə hər bir şey canlanır. Almaq istədiyin və ala bilməyə qadir olacağın daha yüksək rütbələrin, hərb və şəxsi həyatındakı arzuların, həyata keçirmədiklərin və daha nələr və nələr...

Ani pauzadan sonra yenidən sənə boylanıram. Bu dəfə pıçıltıdan adi səs tonuna keçib yanımda olan iş yoldaşıma sənin son dəqiqələrini təsvir edirəm. Eminquey Akifə: “Emin, bir düşün, sən bilirsən ki, çıxış yolun yoxdur, təyyarə yanır və sən də yanırsan. Necə dəhşətli hisslərdir bu? Yarımçıq qalan arzuların göz önündə canlanır və ölüm-qalım savaşı da deyil. Sadəcə ölüm savaşıdır. Bax Əbu Bəkirin qəhrəmanlığı budur”.

İndi belə bu cümlələri yazarkən gözlərim dolur, həmin an nə hisslər keçirdiyini anlayıram. Dünən məzarının yanında çəkdirdiyim fotoya baxıb hayqırıb demək istəyirəm: “Hay ver mənə, Cənab Baş Leytenant”. Amma imkansız. Bilirəm ki, hay verməyəcəksən.

Onu da deyim ki, sənin ölümünə qədər mən “mümkün olmayan heç nə yoxdur” qənaətində olmuşam. Amma sənin ölümündən sonra anladım ki, “mümkünsüz” deyilən bir anlamın özü elə mümkün imiş. Səsini duymamaqla, yanına gələrkən mənə cavab verməməyinlə bilmişəm, ki mümkünsüz nədir.

Səninlə sağollaşıb getmək vaxtıdır. Əlimi uzadıb əlindən tutaraq sağollaşmaq istərdim, amma bu da mümkünsüz. Odur ki, məzarından öpür və səninlə sağollaşıram.

Sonda bir daha vurğulayım, məzarına gəldim.Gəldim ki, yenidən səninlə baş-başa qalıb fikirlərimi bölüşə bilim. Gəldim ki, gözlərinə baxıb səni sezə bilim. Gədim ki, helikopterdə yanarkən keçirdiyin duyğularını hiss edə bilim. İsti nəfəsini, zabit qürurunu, parad formasında mənə baxan simanı...

Sənin zabit yoldaşının qardaşı Rövşən Tahir

TƏQVİM / ARXİV