adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
17 Sentyabr 2020 11:09
57160
ŞOU-BİZNES
A- A+

"Xərçəng"lə mübarizəyə başlayan sarı saçlı ""Alman qızı": "Ailə qurmadığıma, dünyaya övlad gətirmədiyimə görə..."

Yəqin ki, hamınız "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları dəfələrlə dinləmisiniz və sevmisiniz!

Bəli, Azərbaycan musiqisinin əfsanəvi nümayəndəsi Nisə Fətulla qızı Qasımova 1954-cü ilin 13 fevralında Bakı şəhərində anadan olmuşdur. Hələ uşaqlıqdan sarı saçları, yaşıl gözləri və qeyri-adi gözəlliyi ilə yaxınlarından seçilən müğənni musiqiyə maraq göstərir və daim diqqət mərkəzində olurdu. Geniş səs diapazonu, musiqiyə marağı balaca Nisənin taleyini çox erkən yaşlarından ömürlük səhnəyə bağlayır. Atası Fətulla kişinin tam fərqli sahədə yəni dövlət xidmətində çalışmasına baxmayaraq, milli musiqi və muğamların bilicisi və savadlı xanəndə olması Nisə xanımın elə ilk olaraq ailədən musiqi ilə tərbiyələnməsinə şərait yaradır. Anası Xalidə xanım da onun müğənni olmasına etiraz etmir.

Sarı saçlı "Alman qızı"

Beləcə 8 yaşında Əfsər Cavanşirovun rəhbərlik etdiyi "Bənövşə" uşaq xorunun heyətinə qəbul olan Nisə Qasımova çox keçmir ki, bütün peşəkar musiqi heyətinin diqqətini özünə cəlb edib 9 yaşında olarkən xorun gənc solisti olur. "Günəş adlı yaxın dostum var mənim" məxsusi olaraq onun üçün yazılan bu mahnı ilə ən müxtəlif konsert proqramlarında çıxış edən bu sarışın, gülərüzlü qız tez bir müddətdə müəllimlərinin sevimlisinə, kolleqalarının isə paxıllıq obyektinə çevrilir. Çox keçmir ki, gənc Nisə 1971-ci ilin əvvəlində Müslüm Maqomayev adına Dövlət Filarmoniyası nəznindəki " Lalə qızlar ansamblı"na solist kimi dəvət olunur. Hələ yeniyetmə yaşlarından milli musiqimizdən qaynaqlanıb dünya səhnəsi ulduzlarından ilham alan müğənni ansambldakı konsertlərdə çoxdilli repertuarı, fərqli səs imkanları və ən nəhayət o zaman üçün böyük yenilik olan dinamik səhnə rəqsləri ilə diqqəti cəlb edirdi. Konsertlərin birində Nisə xanımın çıxışına valeh olan tanınmış bəstəkar və impressario Ələkbər Tağıyev elə həmin ərəfələrdə gənc sənətçiyə iş birliyi təklif edir. Bundan əvvəl SSRİ xalq artisti Zeynəb Xanlarovanı Azərbaycan səhnəsinə təqdim etmiş Ələkbər Tağıyev 1972-ci ildən Nisə Qasımova ilə yaradıcılıq birliyinə başlayır. Bəlkə də bu olay gələcəkdə hər iki xanım müğənni arasında yaranan və uzun müddət davam edəcək soyuq müharibəyə səbəb olur.

1972-1973 illərdə biri birinin ardınca "Ay ellər", " Sənsən Həyatım", "Eşqimi sönməyə qoymaram", "Gözləyəcəyəm", "Qəşəngdir" kimi mahnıları xalq tərəfindən sevilir gənc müğənni tez bir zamanda möhtəşəm uğurlar əldə edir. Elə həmin ildə Azərbaycanda çıxan plastinkalarla yanaşı Tiflisdə Nisə xanımın ilk kasetləri də işıq üzü görür. Hər çıxışında dinləyicilər tərəfindən nəhəng sevgi və izdahamlı alqışlarla qarşılanan sarışın müğənninin xarici görkəminin və səhnə hərəkətlərinin avropasayağı olması onun haqqında ağlasığmaz şaiyələrin yayılmasına səbəb olur. Kimi onu "Alman Gəlinciyi" adlandırır, kimi isə anasının alman və ya ukrain olması haqda fikirlər irəli sürürdü. Elə bütün bunlara cavab olaraq Nisə Qasımova dillər əzbərinə çevrilən "Azərbaycan qızıyam" mahnisını ifa edir. 1975 ci ildə isə 21 yaşında olarkən Azərbaycan musiqisinin qızıl fonduna ifa etdiyi " Laylay" (Şəfiqə Axundova), "Sədaqətim var" (Ələkbər Tağıyev), "Bayatı Şiraz təsnifi" ilə daxil olan Nisə xanım artıq Azərbaycan Dövlət televiziyasının solisti kimi çalışmağa başlayır.

"Ulduzlar görüşəndə"

Yaradıcılığında Alla Puqacova, İrina Alleqrova, Filipp Kirkorov kimi rus estrada ulduzlarına mahnı bəstələyən Nikolay məxsusi olaraq Nisə xanım üçün Azərbaycanda sonralar çox seviləcək "Xaxatunya", "Kaspiyskiy vals"və s. kimi mahnılar yazır. 1977-ci ildə ali təhsilini davam etdirmək üçün valideynlərinin təkidi ilə Bakıya dönən müğənni İncəsənət İnstitutuna daxil olub. Çox keçmirki o, Azərbaycan televiziya məkanında daha bir yeniliyə imza atır. Bu dəfə isə sənətkar xanım dövlət televiziyasında ilk dəfə olaraq özünün aparıcılıq etdiyi " Ulduzlar görüşəndə" televiziya layihəsini gerçəkləşdirir. Onun daha bir uğuru isə 4 dildə ifa etdiyi Bakı mahnısına çəkilən uğurla bağlı idi. Nəinki yerli televiziyada eləcə də Türkiyə və Rusiya televiziyalarında da yayımlanan musiqi nömrəsi o qədər sevildi ki, sənətçiyə Moskvada yeni silsilə konsert proqramları ilə çıxış etmək təklifi gəldi.

Verilişin dayandırılması və qeyri müəyyən səbəbdən qoyulan qadağalardan inciyən sənətkar xanım 1997-ci ildə Bakıda son konsertini gerçəkləşdirir və Moskvaya köçür. Moskvanın "Varşava", "Arion" kimi böyük konsert zallarında çıxış edən müğənni 3 il müddətində vətəndən uzaq düşür.

Yenidən vətənə döndükdən sonra fəaliyyətini davam etdirir.

Mediadan seçmələr:

- Nisə xanım, eşitdiyimə görə, siz bu sənəti atanızın arzusu ilə seçmisiniz...

- Atam rəhmətliyin gözəl səsi vardı. Xüsusilə də, muğamlarımızı gözəl bilirdi. Amma onun müğənni olmaq arzusu həyata keçməmişdi. Ona görə də həmişə arzulayırdı ki, heç olmasa, övladı müğənni olsun. Biz dağlı olduğumuz üçün daha çox Şirvan zonasına yaxınıq və ən çox Şirvan muğamlarına üstünlük veririk. Bu, məndə də belədir. Genetikdir. Həmişə deyirəm ki, müğənni nəyi yaxşı bilirsə, nəyi bacarırsa, onu ifa eləməlidir.

- Sizi sevən, yolunuzda fəda olmaq istəyən kişilər çox olub. Bəs siz necə, ürəkdən sevdiyiniz biri olubmu?

- Mən hələ gənc yaşlarımda bir qohumumu sevmişdim. Amma alınmadı. Taleyimiz ayrıydı. Bəzi oxuduğum mahnılarda onun ünvanına sevgi mesajları göndərmişəm. Sonradan isə uzaqdan-uzağa sevdiyim, simpatiya bəslədiyim insan olub. Ümumiyyətlə, sevgi, ailə qurmaq haqqında düşünəndə həmişə məyus oluram. Ailə qurmadığıma, dünyaya övlad gətirmədiyimə görə çox peşmanam...

Xərçəng?

Xalq artisti Nisə Qasımovadan kədərləndirici bir xəbər var: Sevilən müğənni xərçəng xəstəliyinə tutulub. O, bir müddət öncə Milli Onkologiya Mərkəzinin Mamologiya şöbəsində süd vəzisi xərçəngindən əməliyyat olunub.

Nisə Qasımova mətbuata açıqlamasında səhhətinin yaxşı olduğunu deyib: "Hər şey yaxşıdır və Allaha çox inanıram. Səhhətim yaxşıdır və heç nə yoxdur".

Qeyd edək ki,66 yaşlı müğənni xəstəxanada müayinə və müalicə aldıqdan sonra evinə buraxılıb.

Allah şəfa versin...

 

Əntiqə Rəşid