adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: KİŞİ MÜƏLLİMLƏR MƏKTƏBİ NİYƏ ATIB GETDİLƏR?

FAİQ QİSMƏTOĞLU
76197 | 2020-09-16 12:25

... Ötən yazımızda müəllimlik peşəsinin müqəddəs olduğunu dönə-dönə vurğulamışdıq. Vurğulamışdıq ki, bu peşənin sahibləri ömrünü şagirdlərinvə tələbələrin yollarında şam kimi əridiblər. Əgər dediyimiz və söylədiyimiz bu fikrə kiminsə iradı varsa, buyurub faktlarını və arqumentlərini ortaya qoya bilərlər. Ancaq ən böyük fakt ondan ibarətdir ki, bu gün yüz minlərlə insana elm öyrədən, təlim-tərbiyə verən Azərbaycan müəllimləri Milli Qəhrəman adına layiqdirlər. Və bu ifadə də mənə yox, istedadlı yazıçı-publisist, millət vəkili, qəzetimizin təsisçisi və baş məsləhətçisi hörmətli Aqil Abbasa məxsusdur. Aqil müəllim dəfələrlə bu mövzu ilə bağlı əks-səda yaradan yazılar qələmə alıb, az maaşla ömrünü-günü bizim övladlara xərcləyən müəllimləri Milli Qəhrəman adlandırıb. Və bu gün də böyük müəllim ordusu demək olar ki, o ənənələri davam etdirir, bu peşənin şərəfini, qürurunu qoruyurlar.

Mənim bu mövzuda ikinci  yazını qələmə almağımın elə ideyasını da dostumuz və qardaşımız Aqil Abbas verdi. Dedi ki, bu məsələni və mövzunu yenidən gündəmə gətir, müəllim peşəsinin müqəddəsliyini bir daha cəmiyyətin diqqətinə yönəlt. Üstəlik, onu da əlavə elədi  ki, son 15-20 ildə Azərbaycanda kişi müəllimlər  məktəbdən uzaqlaşıb, qadın müəllimələr daha da çoxalıb. Və Aqil müəllim bunun səbəblərin də izah elədi. Və yadıma orta məktəbdə oxuyanda bizə dərs demiş kişi müəllimlər düşdü.

Bəhmənlinin məktəb direktoru Əvəz müəllimin qeyri-adi və özünə məxsus iş metodunu bir daha xatırladım. Çünki Əvəz müəllimdən tək biz şagirdlər deyil, həm də bizə dərs deyən müəllimlər də çəkinirdilər. Bir müəllimin cürəti nə idi dərsə geciksin, yaxud da sinifə hazırlıqsız daxil olsun. Əvvəlcədən hər bir müəllim öz işini bilirdi və bütün məsələləri də vaxtında həll eləyirdi. Əvəz müəllim də heç bir müəllimə xəbərdarlıq eləmədən əlində bloknot qəfil qapını açıb sinifə girər, müəllimə, bizə salam verər və keçib arxada əyləşərdi. Arxada əyləşib öz qeydlərini aparar, dərs başa çatandan sonra təbii ki, həmin müəllimə müsbət və mənfi işlərini xatırladardı.

Məktəbin direktoru Əvəz müəllim ən yaxşı oxuyan şagirdə belə güzəşt eləməzdi. Məktəbimizin ən yaxşı şagirdlərindən olan və “əla” qiymət alan Şirxan Adıgözəlov bir dəfə səhv etdiyinə görə, Əvəz müəllim ona bir şillə vurmuşdu. Atası Yusif kişi də gözünün ağı-qarası bir oğlu olan Şirxana haqq qazandırmamışdı. Və Əvəz müəllimin vurduğu o şillə Şiraxnı Azərbaycanın ən savadlı və ən hörmətli prokuroru elədi. Və o şillə Şirxan Adıgözəlovu hüquq elmləri namizədi, hüquq elmləri doktoru səviyyəsinə qaldırdı. Əvəz müəllimin bizə vurduğu hər bir şillə bir işıq idi, bir nur idi. Özü də rəhmətliyin əli pambıq kimi yumyumuşaq idi. Bəzən biz o şillə üçün darıxırdıq. O şillə məktəbimizdə  çox uşaqları elmlər doktoru, prokuror, general, hakim, rəis, şair, yazıçı elədi. Bax, Əvəz müəllimin o şilləsi olmasaydı, heç mənim üzüm də gəlib jurnalistikada bu mövqeyə və nüfuza çata bilməzdim.

Amma indi bir müəllim yolunu azan, ipə-sapa yatmayan və bəzən də onların üzünə ağ olan şagirdinə bir çırtma vurur, aləm bir-birinə dəyir. Valideyn məktəbə müəllimin üstünə hücum çəkir, dişinin dibindən çıxanı ona deyir və uşağına haqq qazandırır. Hətta bəziləri müəllimi bir sülləyə, bir çırtmaya görə prokurorluğa, polisə verir. Təbii ki, sonradan bunu gözünün qabağına gətirən müəllim uşaq sinifi dağıtsa da, hətta müəllimin çiyninə çıxsa da, susub durur. Və deyir ki, altda qalanın canı çıxsın.

Altda da qalan və sonradan şikəst olan bizim övladlarımız, nəvələrimizdi. Müəllim ona “gözün üstündə qaşın var” deyə bilmir və o uşaq da yolunu azır, dərsdən qaçır, siqaret çəkir və bəzən də narkomaniyaya qurşanır. Heç kimə gizli deyil ki, bu gün narkomanlıq faktı orta məktəblərdə də mövcuddur. Kim nə deyir desin, qorxu olmayan yerdə həmişə xaos, özbaşınalıq, dərəbəylik hökm sürür. Çünki müəllim o dəcəl uşağa deyə bilmir ki, sən niyə siqaret çəkirsən? Sən niyə dərsdən qaçırsan? Sən niyə pis vərdişlərə qurşanırsan? Deyən kimi də uşaq qaçır valideynlərinin yanına, valideynləri də səsini atır başına, hücum çəkir məktəbə. Məktəbdə direktor,  müavinləri və müəllimlər onun qarşısına çıxıb onu necə sakitləşdirəcəklər? Bax, əsas məsələ də elə burdan qaynaqlanır. Yəni bəzi valideynlər müəllimə haqq qazandırmaq əvəzinə övladlarının yamını əldən vermirlər.

Kişi müəllimlərinin məktəbdən uzaqlaşması heç də elə-belə baş vermədi. Çünki kişi müəllimlər bir çox halda gördülər ki, az məvaciblə ailəni dolandıra bilmirlər. Ona görə də bir çox kişi müəllimlər məktəbdən gedib ya təsərrüfatla məşğul oldular, ya da alverlə! Məsələn, mənim tanıdığım çox savadlı kişi müəllim özünə biznes qurdu və bu biznesin hesabına da ağ günə çıxdı. Amma hər müəllim də axı biznesi bacarmır. Digərləri isə çox çətinliklə üzləşdilər, ağır anlar və mürəkkəb durumda yaşamağa məcbur oldular.

Məktəbdən gedən kişilərin yerini isə qadınlar tutdular. İndi heç kimə sirr deyil ki, Azərbaycan təhsil sistemində çalışan müəllimlərin 80 faizə yaxını qadınlardı. Düzdür, onların da arasında çox ciddi, sərt nizam-intizam yaradan direktorlar, müəllimlər var. Amma vallah, bunlar heç biri kişi müəllimlərin zəhminin, ciddiliyinin yerini verə bilmir. Bəlkə də verə bilir, mən bunu hiss etmirəm. Amma hiss etdiyim odur ki, bu gün məktəblərdə kişi müəllimlərə daha çox ehtiyac duyulur. Çünki onlar dava-dalaş salan, haqsız yerə məktəbə hücum eləyən və öz dəcəl uşaqlarına haqq qazandıran valideynlərin qarşısına çıxmağı bacarırlar. Və kişi müəllimlər ipə-sapa yatmayan və hətta qadın müəllimələri saya salmayan, onlara təpki göstərən o dəcəl uşaqların “dilini tapmağı” bacarır və onları çətinliklə də olsa tərbiyə, islah eləyə bilir. Və kişi müəllimlərdən sözün açığı, o dəcəl uşaqlar da, onların harınlamış valideynləri də bir çox halda çəkinirlər. Ən azından ona görə ki, kişi kişidir, qadın da qadındı. Mən bunula heç də Azərbaycan təhsil sistemində ömrünü-gününü şagirdlərə həsr eləmiş qadın müəllimələrin fəaliyyətinə kölgə salmaq istəmirəm. Sadəcə, onu demək istəyirəm ki, Azərbaycan məktəblərində intizamın daha da möhkəmləndirilməsinə və tədrisin səviyyəsinin yüksəldilməsinə ehtiyac duyulur. Gənc və təcrübəsi olmayan 30-35 yaşında bir qızı məktəbə direktor təyin edirlər. Biri var həmin direktor 30-35 yaşlı oğlan olsun, biri də var qız. Bax, hansının işi effektli olar? Bunu təbii ki, təhsil işçiləri daha yaxşı bilərlər.

Son bir neçə ildə Azərbaycanda təhsil sahəsində çox uğurlu islahatlar aparılıb. Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib və ayrı-ayrı təcrübəli müəllimlərin zəhməti yüksək qiymətləndirilib. Və bir də diaqnostik qiymətləndirmədən sonra yüksək nəticə əldə edən müəllimlərin hamısının əmək haqqı artırılıb. Müəllim var ki, rayon yerində min manata yaxın əmək haqqı alır. Təbii ki, müəllimin nüfuzunun artması və bu peşəyə dövlət səviyyəsində diqqət göstərilməsi istər-istəməz bu istiqamətə axını son vaxtlar daha da artırır. İndi demək olar ki, gənc oğlanlar da müəllim olmaq və məktəbdə işləməyə çalışırlar. Buna görə də müəllimlik peşəsinin arxasınca gedənlərin sayı son illər bir xeyli çoxalıb. Bütün bunlar hamısı müsbət tendensiyadır.

Cəmiyyətdə isə heç də müəllimə münasibət birmənalı deyil. Yəni uzun müddət məmləkətimizdə bir çoxları müəllim peşəsinə yuxarıdan aşağı baxıb və hətta bir-birilə məzələnmək üçün aralarında olanlara müəllim də deyiblər. Gör nə günə qalmışıq ki, eşşək Gürşadın oğlu eşşək Əhmədə də müəllim deyirlər. Hətta “Xəzər” TV-də veriliş aparan Fəlakət də müğənnilərə müəllim deyə müraciət eləyir. Axı, müəllimliyi bu qədər gözdən, nüfuzdan salmaq olmaz? Və onu da gözdən, nufuzdan salan cahil, savadsız, nadan insanlardı. Çünki eşşək Gürşadın oğlu eşşək Əhməd kimi adamlara puluna, varına, dövlətinə görə nə vaxta qədər müəllim deyəcəklər, o vaxta qədər də müəllim adına ləkə gələcək.

Bir məsələni də qeyd edək ki, bu gün məktəblərdə mövcud nöqsanları üzə çıxarmaq o qədər də asan deyil. Məktəbə kimi desən gözətçilər buraxır (Təbii ki, direktorların razılığı ilə). Təkcə jurnalistləri məktəbə buraxmırlar. Heç mənim özüm məktəbə gedən də deyiləm. Amma gedən jurnalistlər çox böyük çətinliklə,  problemlə üzləşdiklərini bildirirlər. Guya məktəb güc nazirlikləridi, biz hər hansı güc nazirliyinə, onun idarələrinə çox asanlıqla gedirik və suallarımızı verib cavablarımızı da alırıq. Amma hər hansı məktəbə jurnalist çox çətin ki, daxil ola bilsin. Bu da onunla bağlıdır ki, direktorlar istəmirlər ki, jurnalist qəfil məktəbə gəlsin və o nöqsanları görüb ictimailəşdirsin. Hansı ki, “Mətbuat haqqında” Qanunda hər bir jurnalistin ilkin mənbədən  informasiya almaq hüququ var. İnanmaq istərdik ki, yeni islahatçı Təhsil nazir Emin Əmrullayev bu şəffaflığı mətbuat üçün qısa zaman kəsiyində yaradacaqdı. Çünki cənab nazirin atdığı addımlar, etdiyi yeniliklər bu inamı bizdə formalaşdırır.

Müəllimin bizim hər birimizin üzərində əziyyəti çoxdur. Bu əziyyəti kim itirirsə, gec-tez bunun cəzasını görəcək. Ona görə də savadlı, ziyalı, millətini və xalqını sevən müəllimlərə hamı hörmətlə, məhəbbətlə yanaşmalıdır. Çünki bu istiqamətdə ölkəmizdə çox böyük işlər görülür. Biz müəllimi sevəriksə, o peşəni uca tutarıqsa, Allaha and olsun, bu cəmiyyət işığa, nura və haqq-ədalətə doğru daha asanlıqla irəliləyə bilər. Əks təqdirdə müəllimi gözdən və nüfuzdan salmaqla biz cəhalətə və nadanlığa doğru getmiş olarıq. Gəlin, işığa, nura doğru gedək!..

TƏQVİM / ARXİV