adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
14 Sentyabr 2020 17:44
73371
ƏDƏBİYYAT
A- A+

Qazi İbrahimlə Sərkar Qönçə hekayəsi

...1918-ci ildə Osmanlı-türk ordusu Nuru Paşa komandanlığında Azərbaycanı xilas etməyə gələndə, bir bölüyü də Arazdan keçib Qubadlı rayonunun Diləli Müskanlı kəndinə dönür, əsgər yığıb öyrədirlər ki, yuxarı Zəngəzurun erməni əlində olan ellərini azad eləsinlər.
İbrahim adında bir cəsur türk zabiti kəndin köklü nəsillərindən olan Sərkar Abdullanın qızı Qönçəyə aşiq olur, bir-birinə könül verən cütlük el adəti, şəriət qaydasıynan evlənirlər. Oğlu da  olur. Sərkar bu tayfanın ancaq kişilərinə deyilərmiş, ancaq qoçaqlığına, namus-ismətinə görə Qönçəyə də el arasında Sərkar Qönçə deyərmişlər.

Türklər qardaşlıq, müsəlmanlıq borcun yerinə yetirilər, Bakını, digər yerləri azad edib minlərlə günahsız insanı labüd ölümdən xilas edirlər. Ancaq qırmızı bolşevik Rusiyası yenidən vəba kimi Azərbaycana, Qafqaza dönmüşdü, hər yerdə rus casusları türk əsgərlərini axtarırdı. İbrahim də çox döyüşdən çıxmışdı, atdığı güllər xeyli ermənini o dünyaya göndərmişdi. Daşnak libasın çıxardıb bolçevik cildinə girmiş ermənilər çoxdan onun iyisin almışdılar, pusqudaydılar. Odur ki, övladlarını, çox sevdiyi Qönçəsini də götürüb labüd ölümdən, ya sürgündən xilas olmaq üçün Anadoluya dönməyi qərara alır.

Axşamüstü qonum-qonşunu çağırır, evində, həyətində olub qalanını kəndin imkansızlarına paylayır. Qönçə onlarla vidalaşmağa gələn dogma, əzizlərinə üzünü tutub deyir:-"Ya qismət, bir də görüşək, görüşməyək, ancaq hər axşam gün batandan sonra Hərtizin başında görünən o parlaq ulduza baxıb məni xatırlayarsınız, mən də neçə ki canımda can var, nəfəsim gedib-gəlir, üzümü o ulduza tutub sizi yada salacam, yurdumu xatırlayacam..." Qönçə gedəndən az sonra kiçik qardası Əmiraslanın qızı olur, onun adın da Qönçə qoyurlar. Sonra Türkiyədən onların övladlarının yaxşı sorağı gəlmişdi, tanınmış insan olmuşdular, ancaq sovetin vaxtıydı, axtarıb tapan olmamışdı. 

İbrahim yola çıxmadan öncə Qönçəni də, oğlun da alır yanına, gəlirlər pəyəyə, tək bircə boğaz düyələri qalıbmış, başına çatı bağlayıb gətirir Əmiraslanın həyətinə, bağlayır ağaca, deyir:- Əmiraslan, iki il əvvəl sənin o itən cöngəni mən sənin bu bacının köməyi pəyəmdə kəsib soyub ata yükləyib gecəynən aparıb yarısın Qaravun dərəsində, yarısın da Hərtiz dağında aclıq çəkən qaçaqlara çatdırmışdım. Nə həmin vaxt, nə də bu iki ildə bir dəfə də olsun sənin Qönçə bacın dilinə gətirmədi ki, bu cöngə qardaşımındı, nə bir söz soruşdu, nə yadıma saldı, nə üzümə vurdu, bu da  bir sınaq idi, indi zamanı gəlib əvəzin qaytarıram, bağışla səni şübhələrə saldım, bu boğaz düyə o cöngənin əvəzidir, gəl halallaşaq, biz uzun yol gedəsiyik, bəlkə bir də görüşmədik. Onu da bil ki, neçə ki canımda can var, Allahın köməkliyi ilə bu bacını gözümün üstündə saxlayacağam...


Türk Osman Əli ilə yüzbaşı Baba hekayəti

İl 1918. Ermənilər Qars, Ərzurum, o biri ətrafdakı rus-türk davasından əldə etdiyi xeyli silah-sursatla, topladıqları 10 minlik nizami ordu ilə Zəngəzurda müsəlmanların qanın axıdırdılar.  Zəngəzura köməyə gələn Türk zabit, əsgərlərini yüzbaşı Baba qarşılayır, yerləşdirir, bir neçə gün də məşq edirlər, əməliyyat qurur. Ermənilərə əlavə kömək gəlmədən hücum edirlər, namərd erməniləri qovub türk-müsəlman kəndlərindən çıxarırlar. Hər iki tərəfdən çoxlu itki olur. 

Dinclərini alıb növbəti hücum üçün məsləhətə oturanda türk bölüyünün pərişan halı Babanın gözündən yayınmır. Niyəsin soruşur, öyrənir ki, türk qoşununun içərisində Osman adında bir əsgər varmış, Osmanlıdakı erməni qırğınlarında bütün ailəsi, qohum-əqrəbası, kəndi amansızlıqla məhv edilibmiş, tək körpə oğlu gözdən yayınıb salamat qalıbmış, savaşdan geri dönən əsgər oğlunu da götürüb Qafqaza yardıma gələn orduya qoşulub, oğlunu gözündən uzaq qoymurmuş. Bu dəfə də qəsdən arxada qoyublarmış ki, təhlükədən uzaq olsunlar. Ancaq düşmən xəbər tutub, gizli yolla gəlib top qoşulmuş atlara baxan ata-oğulla birlikdə kiçik dəstəni mühasirəyə alır, Osman bu döyüşdə özü şir kimi döyüşür, ağır yaralanır, oğlunu xilas etməyə çalışsa da, gücü yetmir, özü Şəhid olur, 6 yaşında oğlu da əsir götürülür.

Baba bu əhvalatı eşidir, olayı yerli-yataqlı öyrənir, qeyrət, namus hissi içində od tutub alovlanır, indi o uşağı gözləyən taleyi göz önünə gətirir, vətəninin harayına gələn tək qalmış türk əsgərinin ruhu elə bil onu köməyə çağırır, bu səs onu rahat buraxmır. Baba bu dağların, kəndlərin

hər gizli keçidinə bələd idi, onun ərazisində yerləşən erməni kəndlərinin hamısın əlinin içi kimi tanıyırdı. Ora kimin hansı yolla gələ biləcəyini də təxminən anlayır. Risqi, onu gözləyən taleyi də göz altına alır, lap ölümünü bilsə də, alnına sıxmağa bir son gülləni də yüzbaşı qalifeyi paltarının döş cibinə qoyur, evə gəlir, bir az yuxusun alır, gecə yarıdan ötəndə halalı ilə, uşaqları ilə baxışları ilə halallıq istəyir, yola düşür.

Burdan o yana atla getmək mümkünsüz idi, yollarda erməni qaraulları dururdu. Atı meşənin qalınlığında ağaca bağlayır, silahını götürüb erməni kəndi Dığın arxasına keçir, dəfələrlə evində olduğu yüzbaşı Arakelin evinin arxa pəncərəsindən yataq otağına girib tapançanı alnına dayayır:-qorxma öldürməyəcəm, çox çörək kəsmişik səninlə, bir hökumətə qulluq eləmişik, bir-birimizə sirrimizi açmışıq, kirvə olmuşuq, ancaq indi iş o yerə çatıb ki, ya səni aparmalıyam özümlə, ya da türkün əsir uşağın tapıb verməlisən mənə. Arakel Babanı yaxşı tanıyırdı, bilirdi ki dediyin eliyəndi.-imkan ver, görüm neynirəm...

Baba Arakelin sonbeşik oğlun yorğana büküb qoltuğuna vurur:- o Türk çoçuğu mənim əmanətim idi, dan ulduzu doğmamış gətirirsən Qarayalın ayağındakı bulağa yenən arxa cığırdakı palıdın dibinə, sağ gətirsən, sağ aparasan, ölü gəlsə, ölüsün aparasan Aşotunun...
Arakel “əmanət”i gətirir, bircə bunu deyir:-vaxtında gəldin, səhər açılanda gec olacaqdı...topun içinə qoyub atacaqdılar sizə tərəf.
Xoruzun ilk banında qucağında uşaq içəri girən Babanı xanımı Güldənə qarşılayır:- bu bizim övladımızdır bu gündən, uşaqlarına baxdığın kimi bax buna, bir az da artıq, adı da Osman Əlidir, soyadı da Məmmədov. 

Osman Əli məktəbi, Şuşa seminariyasını bitirir, mühasib ixtisası alır, ta 1945-ci ilə qədər Qubadlı, Zəngilanın bir çox idarəsində işləyir. Hamı da onu Babanın doğma övladı kimi tanıyır. Osman Əli atası bildiyi Babanın dalınca Bayılda həbsdə yatan ata əvəzinin  yanına gəlir, görüş alır, gizli planlarını qulağına pıçıldayır, çoxdankı tanışı Mir Cəfər Bağırova məktub yazdığını, cavab gözlədiyini də deyir. 
Həbsxanadan gizli əlin köməyi ilə qaçan Baba İrana, ordan da Türkiyəyə keçir. 

İndi növbə Osman Əlinin idi. Baba kimi kişilərin qədri bilinməyən məmləkətdə yaşamaq artıq onu da məngənə kimi sıxırdı, yaxşı ki, hələ subaydı, əl-ayağına dolaşanı yoxdu.

 1945-ci ildi, günün günorta çağı Xanlıq kolxozunun ona təhkim olmuş qaşqa atını minib sürür Zəngilana “açot” verməyə, Arazboyu kənddə sakit bir yer tapıb gecənin düşməyin gözləyir, irəlicədən pəsətlədiyi yerdən Arazı vurub keçir İrana. Ərzurumda Babanı arayıb çox çətinliklə tapır, ömrünün sonuna kimi ona oğulluq borcunu sədaqətlə yerinə yetirir.

..Və bu da son. İl 1974. Baba kişi hiss eləyirdi ki, ömrünün son günlərini yaşayır, əsl övlad mehri-məhəbbəti ilə onun qayğısını çəkən, yanından bir addım ayrılmayan Osman Əliyə deyir:- məni həmin yerə apar, o taya baxım son dəfə...

 

Babanın Vətəndən bu taya keçəndən məskun olduğu köy Ərzurumun Xorasan kəndi onun dünyaya göz açdığı, ayaq tutub yeridiyi, cavanlıq illərini keçirdiyi Qubadlıdakı Fərcan kəndinə çox bənzəyirdi, burda illərdi o taydan qırmısı urusların çəkilib gedəcəyi xəbərini gözləyə-gözləyə qalmışdı. 

Qəbrinin yerin də nişanalamışdı, düz təpənin üstündə, üzü qibləyə yox, Vətənə baxan yerdə.
Osmana demişdi ki, uşaqları da çağırmışam gəlsinlər, o səs yazanı da gətirsinlər. 
Və budur, yüzbaşı Baba illərdi hər səhər ayaqla çıxdığı təpəyə bu dəfə at üstündə köməklə qalxır. Bu illərdə tez-tez onu dinləmək, Vətənin ətrini almaq üçün yanına gələn azəri kökənli yazar, iş adamı Əli Turan bir tərəfində, kürəkəni, Türkiyə Baş naziri Süleyman Dəmirəlin müşaviri olmuş Erol o biri yanında, övladlarının başı saydığı  Osman Əli də qarşısında durublar. 
-Dediklərimi, səsimi yazın, o taydan gələnlərim olacaq, tez-gez, mütləq gələcəklər, qoy bu  vəsiyyətimi öz dilim, ağzımdan eşitsinlər…
Yüzbaşı Babanın səsi yazılmış video-lent illərdir Türkiyədə, Azərbaycanda yaşayan çox sayda övladının, qohum-əqrəbasının evində, sözləri dillərdə əzbərdir:

 -Doğma yurd! Sən nə şirin imişsən! Səni belə sevməsəydim, heç bu qədər yaşaya bilməzdim, sənə qovuşmaq üçün ümidlə yaşadım, səni bu qədər sevməsəydim başıma bu qovğalar da gəlməzdi. Sənin şirinliyindən mənə ömrüm boyu zəhər dadızdırsalar da, səni yenə canım qədər sevdim...ax, doğma yurdum, kəndim, canım elim-obam, sənsiz necə yaşadım bu illər uzunu, sənə qovuşmadan son yolçuluğa getmək nə qədər çətindir bilsən...Ax, Vətən, Zəngəzur, Qubadlı, Fərcan elim..”

Hacı  NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru