adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
12 Sentyabr 2020 10:00
74572
HÜQUQ
A- A+

“Qarabağ qaziləri” birliyi Prezidentə müraciət etdi – Ölkədəki vəziyyətlə, Tofiq Yaqublu və digərləri barədə

“Qarabağ qaziləri” birliyi ölkəmizdə son durum, eyni zamanda həbsdə olan Qarabağ qaziləri və müharibə veteranları ilə bağlı Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

“Hörmətli cənab Prezident!

Son günlər ölkəmizdə gedən proseslər biz, Qarabağ qazilərini ciddi narahat edir. Xüsusən də cəbhədə gərginlik olan bir vaxtda, şəhidlərimizin qanı soyumamış, koronavirus pandemiyası ilə bağlı karantin dövründə bəzi keçmiş və hazırkı dövlət məmurlarının saymazlığı, qanunu nümayişkaranə şəkildə pozması, xalqa sayğısızlığı, hörmətsizliyi və bütün bunlara dövlətin sərt reaksiyasını müşahidə etməkdəyik. Qanunu pozan məmurlara qarşı dövlətimizin sərt tədbirlərini dəstəkləyirik!

Heç kəsə sirr deyil ki, azğın düşmənimiz olan ermənilər havadarlarının dəstəyi ilə təpədən dırnağa qədər silahlanaraq hər an torpaqlarımıza hücum etməyə hazırdır. İyul ayındakı Tovuz hadisələri, elə bu günlərdə cəbhə xəttində təxribat törətməyə cəhd edərkən erməni kəşfiyyatçısının tutulması da buna sübutdur. Həm ordumuzun, dövlətimizin müdafiə qüdrətini artırmaq, həm də uzun illərdir işğal altındakı torpaqlarımızı azad etmək üçün səfərbər olmalıyıq. Amma belə bir ağır vaxtda ölkəmizdə bir qrup, daha dəqiq desək “5-ci kalon”un adamları siyasi-ictimai asayişi pozmağa, hər vəchlə qanunu bilərəkdən tapdalayaraq qarışıqlıq yaratmaqda israrlı olduqları göz qabağındadır. Belə bir vəziyyət yaranarsa ermənilər əvvəlki illərdə olduğu kimi, yarana biləcək qarışıqlıqdan faydalanaraq yenə ərazimizi işğala cəhdlərini davam etdirəcək. Bu isə biz Qarabağ qazilərini təbii olaraq narahat edir.

Bütün neqativlərə, çatışmazlığa baxmayaraq bu bizim dövlətdir və biz qanımız bahasına qoruduğumuz dövlətimizin yanındayıq. Bayraq, gerb və himndən sonra dövlətin atributları onun şəhidləri və qaziləridir. Biz Qarabağ qaziləri zaman-zaman rüşvətxor məmurlar tərəfindən – xüsusən də Ramiz Mehdiyevin rəhbərliyi ilə incidilsək də, bir parça çörəyə möhtac edilsək də, təqib və təzyiqlərə məruz qalsaq da vətənimizi tərk etmədik. Dövlətin fərdlər olmadığının fərqində olduq, fərqindəyik. Fərdlər gəldi-gedərdi, dövlət əbədidir! Dözdük, bir gün hər şeyin yaxşı olacağı, Qarabağımızı azad edəcəyimiz ümidi ilə yaşadıq...

Cənab Ali Baş Komandan!

Biz Qarabağ qaziləri şahidik ki, Siz ümummilli liderimiz, mərhum dövlət başçımız Heydər Əliyevin Şəhid ailələrinin, Qarabağ qazilərinin, veteranların problemlərinin həllinə yönəlmiş siyasətini uğurla, daha əhatəli, irimiqyaslı şəkildə davam etdirirsiniz. Bu illər ərzində 7 mindən çox Şəhid ailəsinə, Qarabağ qazilərinə və onlara bərabər tutulan şəxslərə mənzil, bir o qədər də Qarabağ qazisi və onlara bərabər tutulan şəxslərə isə avtomobil verilib! Həmişə çıxışlarınızda məmurları Şəhid ailələrinə, Qarabağ qazilərinə və müharibə veteranlarına qarşı diqqətli olmağa, bu insanlara qayğı göstərməyə çağırmısınız! Hətta tələb də etmisiniz! Biz Qazilərə: “Onlar mənim qardaşlarımdır!” demisiniz! Biz bütün bunların fərqindəyik. Və həmişə Sizin timsalınızda arxamızda dövlət başçısı ilə yanaşı bir qardaşın olduğunu hiss eləmişik! Bu gün açıq şəkildə bildiririk ki, “Qarabağ qaziləri” birliyinin timsalında, onun rəhbərliyi və çoxminli üzvləri, tərəfdarları – Qazilər Sizin yanınızdayıq! Dövlətçiliyimizin gücləndirilməsi istiqamətində apardığınız islahatları da bəyənirik! Bu gün də dövlətimizə, dövlətçiliyimizə qarşı gələcək istənilən zərbələrin qarşısına yaralı canımızı verməyə hazırıq!

Hörmətli cənab Prezident!

Ölkədə həmişə Qazilərin hüquqları uğrunda mübarizə aparan, onların maraqlarını heç bir məmura güzəştə getməyən bir təşkilat olaraq Sizdən acizanə şəkildə xahiş edirik: hazırda müxtəlif səbəblərdən bir qrup Qarabağ Qaziləri məhbəsdədir; məhkəmə qarşısında olanları da var. Qarabağ qaziləri Asif Yusifli, Babək Həsənov Qarabağ müharibəsi iştirakçıları Tofiq Yaqublu, Saleh Məmmədov, Şəmsi Səmədzadə və digərləri həbs olunub. Tofiq Yaqublu artıq 10-cu gündür aclıq aksiyası keçirir. Bizdə olan məlumata görə, səhhəti ağırdır!


Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Milli barışıq, Qarabağ və dövlət naminə, bu Qarabağ döyüşçülərinin - Qarabağ qaziləri Asif Yusifli, Babək Həsənov Qarabağ müharibəsi iştirakçıları Tofiq Yaqublu, Saleh Məmmədov, Şəmsi Səmədzadə və digərlərinin - vətən qarşısındakı xidmətlərini nəzərə alaraq onların azad edilməsini xahiş edirik!”

Müraciəti “Qarabağ qaziləri” ictimai birliyinin sədri Asəf Əliyev imzalayıb