adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

YAD OLAN DOĞMALAR - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
167212 | 2020-09-11 09:16

Esse

İnsanı içindən idarə edən bir sürü müsbət və mənfi hisslər toplusu var, ikincilərdən eqo, nəfs, həsəd, paxıllıq, və digər. Həm də insan malik olduğu bu hisslərə demək olar ki, həmişə uduzur. İnsan daha humanist duyğularla özünü yenidən inşa etmədikcə böyük mənada insan olmaqdan uzaqlaşır, cılızlaşır, mənəviyyatı korlanır. Ümumiyyətlə insan mənəvi baxımdan içində iki məxluqu yaşadır, şeytan və insan. Deməli bir ömür sürəsincə də bu iki daxili qüvvənin mübarizəsi gedir. Qalib hansı olur.. Mən uzun illər insan xarakterinin, xasiyyətinin arına, mükəmməlliyə doğru dəyişə bilməsinə inanmışam. Dəlicəsinə inanmışam ki, bax elə tanıdığım bu adam səhv yol tutduğunu mütləq dərk edəcək, peşman olacaq, və hətta azərbaycanlılarda çox da dəb olmayan bağışlanma istəyilə geri dönəcək !..Amma və heyhat.. Məndən fərqli düşünən həyat dostumun realist proqnozu sonda qalib olub. Amma yenə qəlbimin lap dərin qatlarında ümid etmişəm ki, əgər şəxsin özünü yaxşıya doğru dəyişmək istəyi olarsa, bununçün isə özünə kənardan baxmağı bacararsa, öz özü ilə təkbətək qalanda vicdan adlanan məhkəmədə nəyi doğru ya da yanlış etdiyinə düzgün qərar verə bilərsə, onda dəyişə bilər…

 

Ey Allahın bəndəsi.

Bu daşı qapıb arxamca tolazlama…

Düşün!

Demə kim görəcək..?!

Atdın, mənə dəydi,

qayıdanda özünə dəyəcək..

daşın..

Buna hüquq müstəvisində islah olunma deyilir. Hərdən cəza çəkmə müəssisələrindən reportajlar hazırlanır, ayrı-ayrı məhbuslarla söhbətlər aparılır, etdiyi əməldən peşiman olub olmadığını soruşanda hər biri sonsuz peşmanlığını bildirir, bir nəfər də " yaxşı eləmişəm " demir...O gün ağır cinayət törədib ömürlük həbs cəzası alaraq ömrünün artıq 18 ilini bağlı qapılar arxasında xərcləyən kişi onu bu cinayəti törətməyə vadar edən səbəbin əslində "mənəmlik” olduğunu etiraf etdi və əlavə elədi ki, o zaman düşünürdüm mənə hər şey olar, yəqin qarşı tərəf də eyni cür fikirləşirmiş, yoxsa sonluq belə faciəvi bitməzdi...

Hər bir kəs fərd və təbiətin bir parçası olmaqla yanaşı cəmiyyət içərisində, müxtəlif insanlar əhatəsində birgə yaşamalıdır. Bunun əksi tənhalıq, təklikdir ki, insan ara-sıra ona da ehtiyac duysa da, daimi həyat tərzi kimi seçə bilmir. Yəni insanın insana ehtiyacı var!. Bu böyük aləmdə isə adama doğma və tamamilə yad olan insanlar var. Doğmalar, qohumlar seçilmir, onlar ilahidən sənə düşən qismətdi, amma dostları, tanışları sən özün seçirsən. Ən ağır zərbəni də adama ən yaxın hesab etdiyi insanlar vurur təəssüf ki... Həyatim boyu çox sınaqlar gördüm, qohumlar arasında baş verən dedi-qodular, münasibət pozuntuları qədər ciddi nəticələr verən görmədim. Bilirsiniz niyə? Çünki yad adamı həyatından çıxarmaq, münasibətləri yarıda kəsmək nisbətən asan və rahat başa gəlirsə, qohumluq bağları olan insanlarla bu çətin olur. Hər dəfə düşünürsən, bağışlayırsan, üstündən keçirsən.., amma bənzər münasibətlər təkrarlandıqca daha bacarmırsan. Xüsulilə də belə küsülülüklərə uşaqların da qatılması təəssüf doğurur. Böyüklərin qarşılıqlı münasibəti kəsilibsə uşaqlar qarşı tərəfə "Allahın salamı” nı belə verməzlər!...Uşaqlarına sevgi yerinə nifrət aşılayan bu valideynlər gələcək üçün yarımçıq insan yetirmələrinin heç umurunda belə deyillər. Bu isə daha qorxuludur!

Qonşuluqda iki ailə vardı, çəpər qonşusu idilər. Qız alıb-verib qohum olmuşdular, amma heç cür yola getmirdilər. Kürəkən həyat yoldaşını döyür, söyür, təhqir edir, qadın da ən kritik vaxtlarda aradakı çəpəri adlayıb atası evinə gəlir, bir neçə saatdan sonra isə yenə öz evinə dönürdü. Daim qorxu içərisində yaşayan bu qadın ruhu-əsəb xəstəliyinə tutuldu və uzun zaman stasionar müalicə alası oldu... Kişi bu ailədən heç kəsi saymır, salam belə vermir, get-gəl eləmirdi. Yadımdadı, qaynatası hər dəfə söz düşəndə böyük ümidlə : " Bir ağıllanan, başa düşən vaxtı olacaq..” deyirdi. Amma o vaxt heç vaxt olmadı, əksinə, ağır təzyiqlər və təhqirlər altında dünyaya dörd uşaq gətirib böyüdən bu qadın bir gün hər şeyi atıb evdən getdi!...Gec idi əlbəttə, amma artıq bütün ümidləri qırılmış, gözləntiləri özünü doğrultmamışdı...

 

Bu gecə məni sevmədi,

Mən bu gecənin olmadım.

Nə bir köz verdi isinəm,

Nə bir xatirə qoymadı.

 

Çox baxdım tanıyammadım,

Bilmədim yaşı neçəydi.

Ayrılanda ovcumuz boş,

Hesabımız heç-heçəydi...

 

Eh, qohumlar, qohumlar...Onlar arasında baş verən münaqişələr həm də bir az fərqli olur, əksər hallarda gizli düşmənçiliyə qədər gətirib çıxarır və dairə həmişəlik qapanır...Bir məsələ də var, haqlı olub olmadığından asılı olmayaraq burda kim daha çox” mənfi informasiya " yaya bilirsə, " uğur " da onunladır. Fərqi yoxdu, onsuz da heç kim ədalət axtarışına qalxmayacaq, heç etiraz da etməyəcək, əksinə bəlkə də ocağı körükləyəcəklər ki, danışanın xoşuna gəlsin..! Adı nadanlıq, xəbislik, paxıllıq olan hisslər toplusu ürəyə qurd salır, getdikcə sahibini normal insani keyfiyyətlərdən uzaqlaşdırır, belə adamların xarici üz cizgiləri də dəyişir, siması daim tutqun, acı, narazı bir görgəm alır...Ulu Nəsimi söylədiyi kimi :” İnsanın üzü böyük bir kitabədir...!” İnsanın ali xüsusiyyəti onun alicənablığı, sevgisi, məsumluğu, kövrəkliyi, ədalətliliyi, səmimiyyəti, məkr və hiylədən, bütün pisliklərdən uzaq olmasındadır. Eldə belə adamlara "Bir qarışqanı da tapdamayan " deyirlər. ..

 

Dağılmış muncuq kimiyəm,

Bir yerə yığılammıram.

Dörd yandan kötək yeyirəm,

Nə fayda, ağıllanmıram.

 

...Dünya dolanır başıma,

Dünya fərq qoymur yaşıma,

Tülkü çıxarır qarşıma.

Suçum nə.., anlayammıram!..

Anamn bir sözü vardı, haqsızlıq görəndə həmişə deyirdi ki, "at Allahın ətəyinə..Gec ya tez cəzasını alacaq.” Başına dəyən daşlar əvvəl ayaqlarına dəymişdi, adam, amma dərs almadın. Ağıllanmadın. Etdiklərindən peşman olmaq yerinə bir az da tündləşdin, bəd işlərin daha dərin qatlarına enməyə çalışdın. Bax bu da nəticə! İnsan olan başqasının uğuruna özününkü qədər sevinməli, pis gününə heç olmasa şərik olmalıdır. Filosoflar dediyi kimi, dərdə şərik olmaq özü ən ucuz təsəllidir, amma heç bunu da etmədiniz siz...

Qohumlar yaxın və uzaq deyə iki yerə ayrılır, bir də var canı bir, qanı bir olanlar, bacı, qardaş, əmi, dayı, xala, bibi və onların törəmələri, bax bu arada gərgin münasibət bataqlığına düşən çətin ki, ordan qurtara bilsin. Deyirlər əqrəbin bir pis xüsusiyyəti var, o sancmasa ölər..., amma ən sonda onun özü özünü sancıb öldürməyi daha dəhşətlidir. Çünki sancmağa öyrəşən və məğlub olacağını düşünməyən əqrəb sonda hikkəsindən özünü də sancıb öldürür!..

Həyat isə çox qısadır, ömür saniyələr içərisində axıb gedən suya bənzəyir və sənin bir də o suda təkrar çimmək şansın olmayacaq!...Nə qədər ki, Tanrı sənə yaşamaq haqqı verib aç qəlbini "O”na, çevir üzünü Yaradana, arındır, təmizlə ruhunu, özünə dön, özünə, ey İnsan...! İçindəki şeytanı daşlamaq üçün həcc ziyarətinə getməyə hacət yoxdu, yetər ki, özünü tanı. Onsuz da heç kimin alın yazısını pozub yerinə yenisini yazmaq qüdrətin olmayacaq, kimsənin qismət payına göz dikmə, həyatını zindana döndərmə, özünə həsr et., düşdüyün quyuya sallanan xilas kəndirini kəsmə, nə qədər gec deyil özünü qurtar... Yoxsa sonra gec olacaq, çoox gec.

 

Dünya elə dolanır ki,

Hər şey bir ucdan yıxılır.

Alçağın tavanı uçur,

Hündür ucadan yıxılır.

 

Yıxılır kimsə adından,

Qurulu vaxt-saatından.

Kimsə şər atdığı ahın

Yeddi qatından yıxılır...

 

Dağlar bəyaz yalanından,

Ağaclar bəhər-barından.

Zəiflər zəif yerindən,

Güclü gücündən yıxılır.

 

Yüz balta vurub gedən var,

Xəlvət pusquya yatan var.

Hələ də bilmir adamlar,

Adam içindən yıxılır!...

TƏQVİM / ARXİV