adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

Aqil ABBAS: BEKARÇILIQDAN İNDİ DƏ RAYONLARI LƏĞV EDİRİK 

AQİL ABBAS
110262 | 2020-09-10 17:07

Hərə də bir  təklif verir. Mənasız təkliflər haqqında ötən günlərdə bir köşə yazmışdım. Bu gün də təkrar  dərc edəcəm.

Gəncənin millət vəkilləri təklif irəli sürüblər ki,  Gəncənin Kəpəz və Nizami rayonları ləğv edilsin. Guya bu sərfəli olacaq.

Hörmətli  Vahid  müəllim  Əhmədov da  təklif edib ki, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları  (bilmirəm Xızını  əlavə edib, yoxsa yox) birləşdirilsin.  Həm də onu da təklif edib ki,  digər  bölgələrdəki  rayonlar da birləşdirilərək 11 rayon  yaradılsın.

Xüsusən də Türkiyəni  misal çəkirlər ki, 82 milyon  əhalinin  yaşadığı o boyda ölkədə cəmi 83 rayon var.

Amma Türkiyədə də  rayonların sayı azaldılmır, artırılır. Əvvəllər  81 idi, indi 83 olub. Məsələn, Iqdırı  Qarsdan ayırıb ayrıca  rayon elədilər, yəni qardaşlarımızın diliylə desək, il.  İlləri  valilər idarə edir və hər ildə də bir neçə ilçə var, onları da kaymakanlar. Və hər kaymakan da öz ilçəsinin sahibidi. Və ilin polisi, jandarması, prokuroru da valinin tabeçiliyindədi. İlçələrin  hüquq-mühafizə orqanları da kaymakanların. İl və ilçələrin  iqtisadi cəhətdən   idarə edilməsi  bələdiyyələrin  səlahiyyətindədi. Amma bələdiyyələrin fəaliyyətinə də valilər və kaymakanlar  nəzarət edir. Yəni onu demək  istəyirəm ki, Türkiyədə də icra hakimiyyəti orqanları var. Bu belə.

Vaxtilə gərək ki, 63-cü il idi, Xruşşov da rayonları  birləşdirdi. Məsələn, Ağcabədi rayonu ləğv edilərək Ağdamın tabeliyinə  verildi. Lakin bu, özünü doğrultmadığına görə uzun sürmədi və yenidən birləşdirilən rayonların statusları  bərpa olundu.

Təklif edirlər ki, Abşeron  rayonu  ləğv edilərək  Bakıya birləşdirilsin. Abşeron kənd  təsərrüfatı rayonudu, Bakı kənd təsərrüfatı şəhəri deyil.

Əksinə, Qaradağ rayonu da Bakıdan  ayrılıb müstəqil rayon  olmalıdır ki, Bakının  yükü bir az azalsın. Qaradağ  rayonunun bütün  ərazisi  və obyektləri Bakı şəhərinin  qırmızı xəttindən  kənardadı.  Mən  təklif vermədim ey, ümumiyyətlə deyirəm.

Və sonda. Əgər Gəncənin Nizami və Kəpəz rayonları ləğv edilirsə, onda bu məntiqlə  Bakı şəhərinin  rayonları da ləğv edilməlidir.

Yadıma düşmüşkən, illər əvvəl AZAl-ın prezidenti Cahangir Əsgərov  Aeroportun prokurorundan  xoşu gəlmədiyinə görə, ümumiyyətlə, Aeroportun  prokurorluğunu  ləğv elətdirdi.  Bu da belə.

TƏQVİM / ARXİV