adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ÇIXIŞA DOĞRU

FAİQ QİSMƏTOĞLU
121661 | 2020-09-09 13:00

... İşdən çıxıb evə qayıdırdım. Elmlər Akademiyasının qarşısındakı parkda mənə AzTV-nin bir gənc əməkdaşı yaxınlaşdı və günün vacib mövzusu ilə bağlı məndən fikimi  bildirməyi xahiş etdi. Sözün açığı, həmin ana qədər  dəfələrlə özəl kanalların əməkdaşları böyüklük olmasın, mənə yaxınlaşıb, müsahibə almaq istəyiblər, ancaq razılıq verməmişəm. Çünki özəl kanallarda bəzən söylənilən bir fikir təhrif olunur və olduğu kimi tamaşaçıya çatdırılmır. Amma biləndə ki, bu cavan oğlan AzTV-nin əməkdaşıdı, razı oldum. Və verdiyi sualı da cavablandırdım. “Çıxışa doğru” verilişində həmin müsahibə o günü efirdə göstərildi - özü də hər şey olduğu kimi və çox səmimi! Məndən müsahibə alan gənc jurnalist Aqşin İmanla sonradan dostlaşdıq və bir-birimizə mobil telefonumuzun nömrəsini də verdik. Aqşin o qədər tərbiyəli, o qədər mədəni, o qədər savadlı oğlandır ki, ürəyimə çox yatdı. Hətta elə bildim oğlum Emin qədər mənə çox yaxındır.  Elə həmin tanışlıqdan  sonra mən AzTV-də həftənin 5 günü efirə gedən “Çıxışa doğru” proqramını izləməyə başladım və özümdən asılı olmayaraq, o verilişin daimi tamaşaçısına çevrildim... 

Bir saat yarım efirdə olan bu veriliş sözün həqiqi mənasında çox baxımlı və çox da maarifləndirici bir proqramdı.  Ən azından ona görə ki, verilişin formatı, mövzusu və tərtibatı tamaşaçıların diqqətini özünə daha çox cəlb eləyir. Çünki yaradıcı kollektiv günün ən aktual mövzusunu gündəmə gətirir, onu operativ surətdə hazırlayır, tamaşaçının zövqünü oxşayır və efirə çıxarır. Bu cür verilişləri hazırlamaq və tamaşaçıya təqdim eləmək elə də asan deyil. Onun üçün ki, bu formatda verilişlər böyük bir yaradıcı kollektivin zəhmətinin bəhrəsidir. Əlbəttə, bu zəhmətdə, bu əziyyətdə proqramın layihə rəhbərinin, redaktorların, müxbirlərin, rejissorların, prodüserlərin, operatorların və digər texniki işçilərin öz payları var. Onlar hər hansı bir verilişi araya-ərsəyə gətrimək üçün onu yüz ölçüb bir biçirlər. Və bu veriliş də təbii ki, bu qədər yaradıcı axtarışdan və gərgin zəhmədən sonra tamaşaçı tərəfindən sevilir.

Artıq tamaşaçı özəl kanallarda yayımlanan bayağı verilişlərdən boğaza yığılıb. Bir müğənnini, özü də elə bir səsi və istedadı olmayan toy müğənnisini nə qədər efirdə görmək olar? Və bunlar artıq Azərbaycan tamaşaçısının gözünü yorub, mənəviyyatını da yaman günə qoyub. Ancaq nə yaxşı ki, Azərbaycan Televiziyası var və onun da dövlətçiliyə, millətə və xalqa xidmət edən yaradacı jurnalistləri fəaliyyət göstərir. Ümumiyyətlə, Az.TV-nin bütün proqramlarında dövlətçilik, vətənpərvərlik və maarifçilik ön plana çəkilir. Və bu proqramlarda səviyyəsiz tamaşaçının bəsit səviyyəsinə deyil, əksinə, daha zövqlü və dünyagörüşlü tamaşaçıların səviyyəsinə uyğun verilişlər hazırlanır. Birmənalı olaraq, bütün verilişlərdə tamaşaçı səviyyəsini yüksəltmək və onu inkişaf etdirmək əksər verilişlərin mayasını və qayəsini təşkil edir. 

“Çıxışa doğru” verilişində də bu elementlər yaradıcı kollektiv tərəfindən veriliş boyu diqqət mərkəzində saxlanılır. Verilişə dəvət olunanlar, eyni zamanda studiyadan birbaşa telefon bağlantısı yarananda, küçədə müxbirlərin ayrı-ayrı şəhər sakinlərindən  orijinal müsahibələr alanda bütün qaydalar və ölçülər gözlənilir. Yəni studiyaya dəvət olunmuş hər bir qonaqdan tutmuş, telefon əlaqəsi yaradılmış şəxsə və o cümlədən müsahibə verən insanlara çox böyük hörmətlə, sevgiylə yanaşılır. 

Layihə rəhbəri və aparıcı, istedadlı jurnalist Nailə Babayevanın özünəməxsus bir formada, tərzdə müsahibi ilə səmimi söhbəti, efirdə danışan hər hansı şəxsin öz fikrini daha səmimi və səlis ifadə etməyə şərait yaradır. Elə aparıcı  var ki, verilişə dəvət etdiyi qonağa sual verir və danışmağa imkan yaratmır. Elə aparıcı da verdiyi sualı cavablandırır. Studiyaya dəvət olunmuş müsahib isə çıxılmaz vəziyyətdə qalır.
Yadıma aparıcılarla bağlı bir veriliş düşdü. Özəl televiziya kanallarının birində gənc xanım aparıcı məşhur telejurnalist Telli Pənahqızıdan müsahibə alırdı. Və həmin gənc jurnalist Telli Pənah qızına sual verəndən sonra danışmağa imkan vermir, tez-tez sözünü kəsirdi. Və bundan da təngə gələn Telli xanım dedi ki, “ay qız, dilotu yemisən? Məni dəvət eləmisən, imkan ver, danışaq”. Telli xanımın bu iradından sonra aparıcı bir qədər sakitləşdi və hərəkətindən peşman oldu.

Azərbaycan Televiziyası bizim ana televiziyamızdır. Və onun zəngin və yaddan çıxmaz ənənələri var. Çünki o məktəbdən Azərbaycanın ən məşhur diktorları, jurnalistləri, yaradıcı ziyalıları çıxıb. Və bu ənənə bu səliq-səhman və bu tarixi missiya bu gün də davam edir. Azərbaycan prezidenti İlham Əliyevin Sərəncamı ilə Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə sədr təyin olunandan sonra demək olar ki, burda çox böyük islahatlara start verildi. Və qısa zaman kəsiyində bir-birindən maraqlı, dövlətçiliyə və xalqa xidmət edən layihələr gerçəkləşdirildi. Və bu layihələrdə demək olar ki, reytenq arxasınca yox, dövlətə və xalqa xidmət barəsində yaradıcı kollektivlər düşünməyə başladı və orijinal formatda verilişlər hazırlandı.

“Çıxışa doğru” verilişi də məhz belə maraqlı, orijinal televiziya layihələrindən biridir. Bu verilişin yaradıcı kollektivi bayaq dediyimiz kimi,  günün mövzularını diqqətdə saxlayır, gündəmə gətirir və tamaşaçı auditoriyasına çatdırır. Ermənilərin sərhədyanı rayonumuz olan Tovuza hücumu zamanı da, adi günlərdə də bu proqramın yaradıcı kollektivi çox operativ və dəqiq işləyib. Hər hansı mövzu gündəmə çıxarılır, studiyada müzakirə olunur, canlı bağlantı yaradılır, əməkdaşlar küçələrdə sakinlərin mövzu ilə bağlı müxtəlif fikirlərini öyrənir və onu böyük tamaşaçı auditoriyasına çatdırır.

Verilişin layihə rəhbəri və aparıcısı Nailə Babayevanın isə istedadı, peşəkarlığı və bir az da dəqiq demiş olsaq, vətənpərvərliyi, səmimiyyəti tamaşaçının diqqətindən yayınmır. Ən azından ona görə ki, gənc jurnalist Nailə xanım hamını öz dilində danışdırmağı və axıra qədər dinləməyi  bacarır. Təbii ki, aparıcının bu xüsusiyyətləri verilişi izləyənlərə onu həmişə sevdirib. Çünki bəzən verilişə dəvət olunana, telefon bağlantısı yaradılana, küçədə müsahibə verən sakinə jurnalist diqqətli olmayanda, o da ürəyindən keçənləri demək istəmir və desə də, çox şablon danışır. Amma Nailə Babayevanın müsahibə aldığı insanlarla səmimi söhbəti müsahibə verəni də səmimi olmağa ruhlandırır. Eyni zamanda, gənc jurnalist və proqramın müxbiri Aqşin İman da öz müsahiblərinə çox sevgiylə, nəzakətlə yanaşır. Yəni Aqşin İman gənc olsa da, AzTV-də qazandığı təcrübə onun köməyinə çatır və müsahibə aldığı sakinlərin ürəyinin “sarı siminə” toxunur. Tamaşaçının da  “boş damarını” tutdun, qəlbini ala bildin, o, sənə ürəyində nə var, hamısını danışacaq.
“Çıxışa doğru” verilişi birmənalı olaraq hər bir azərbaycanlını düşündürən, narahat edən problemləri gündəmə gətirir və ondan çıxış yolunu göstərir. Əlbəttə,  əsas məsələ problemi yada salmaq deyil, həm də o çətinlikdən çıxış yolunu göstərməkdir. Bu mənada  verilişi efirə çıxaran yaradıcı kollektiv bütün məsələləri yüksək səviyyədə həll edir və tamaşaçının çiynində olan ağır yükü sanki qaldırmağa böyük köməklik göstərir. 

Bu gün bizim xalqın, bizim millətin bu cür maarifləndirici verilişlərə daha çox ehtiyacı var. Çünki unudulan, yaddan çıxan və başqa televiziya kanallarının qaldırmadığı problemlər və çətinliklər AzTV-nin belə verilişləri hesabına gündəmə gətirilir. Və bu verilişlər inanıram ki, müəyyən zaman kəsiyindən sonra daha böyük tamaşaçı auditoriyası qazanacaq və onların yaddaşında silinməz izlər qoyacaqdı. 

Bir daha “Çıxışa doğru” verilişinin layihə rəhbəri və aparıcısı Nailə xanım Babayevaya və yaradıcı kollektivə böyük uğurlar arzulayırıq. Qoy onların min bir əziyyətlə araya-ərsəyə gətirdiyi, dövlətçiliyə, dövlətə, xalqa xidmət edən bu veriliş uzun ömürlü olsun, hər evə, hər ocağa sevgi və ümid paylasın!..

 

TƏQVİM / ARXİV