adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Sentyabr 2020 11:05
90363
ƏDƏBİYYAT
A- A+

Gülnar Ümid: TALEYİMDƏN HARA QAÇIM?

Ömrün illəri

Ömrümü toxudu günlər,

Rənglərdən rənglərə keçib,

Nə yaman ötdü tez illər

İlmədən ilməyə keçib.

 

Yuxusuna haram qatdım,

Anam laylay çaldı yatdım,

Addım-addım ayaq atdım,

Bələkdən iməyə keçib.

 

Nə ömürdü yaşayıram,

Duz yükünü daşıyıram,

Yaraları qaşıyıram,

Sümükdən iliyə kecib.

 

Neylirəm qızıl teşdi mən,

İçinə qan qusarsan sən,

Cismin sanar cənnətdəsən,

Ruhun cəhənnəmə keçib.

 

Kasıbın ürəyi dolu,

Boş qalıbdır sağı,solu

Varlıların ürək yolu

Kasıbdan yeməyə keçib.

 

Vicdanıma sus, sus dedin,

Günahları qus,qus dedin,

Yalanlara kabus dedin,

Doğrular tələyə keçib.

 

Göstərib yolun sonunu,

Geyinib haqqın donunu,

Gülnar fələyin yolunu,

Döndərib qibləyə keçib.

 

TALEYİMDƏN HARA QAÇIM?

Taleyimdən hara qaçım,

Addım-addım aramasın

Mən düşərkən xoşbəxtliyin cığırına

Güdüb məni şikarı tək ovlamasın.

 

Taleyimdən hara qaçım?

Qaranlıqda bir ağacın

Altında gizlədim onu,

Yox… onda da ay işığı,

Işığıyla tapar onu

Taleyimdən hara qaçım?

Mən qaçdıqca bütün ruhum dilə gəlib

Günahkarsan deyə-deyə,

Vicdanımın yaxasından

Yapışaraq gülə gülə,

Gecikmisən deyir mənə.

 

Taleyimdən hara qaçım?

Bir yarpağın altında

Gizlənməyi bacaran həşərat tək

Olmağı da bacarmadım.

O gizlətdi taleyini ölənədək

Mən diriykən bacarmadım.

 

Taleyimdən hara qaçım?

Bəlkə yumub ovucumda

Bir oyunun daşı kimi

Gizlədim onu,

Yox, onda da bir imdada çatmaq üçün,

Ovucumu açıb itirəcəm yenə onu.

 

Taleyimdən hara qaçım?

Bəlkə bir az zəhər qatım

Bu taleyin şərbətinə,

Göz yumaraq düşünmədən

O dünyanın əzabını,

Qonaq edim bu dünyanın şəhvətinə.

 

Taleyimdən hara qaçım?

Doğruları gəzə-gəzə,

Düşdüm yalanın toruna

Vicdanımı əzə-əzə,

Oyuncaq oldum oyuna.

Taleyimdən hara qaçım?

Bəlkə burdan qaçacaqsan

Gizlənməyə, oğrun-oğrun yaşamağa

Gizli yer də tapacaqsan.

 

Amma taleyinin günahıyla

O dünyada əbədiyyən

Bir sən, bir o

Cavabınla qalacaqsan.