adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Sentyabr 2020 10:40
72114
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğlu kitabının adını niyə “ancaq O” qoydu...

Ədəbiyyata çoxları gəlib, elələri olub ki, ədəbiyyatın qapısını birdəfəlik örtüb və çıxıb gedib. Amma getməyənlər də, ədəbiyyatın zülmünə, məşəqqətinə, məhrumiyyətlərinə, bir çox halda ədalətsizliyinə dözüb sözünü təsəlliyə çevirib qalıb. Əvvəlcə sözünü, sonra isə özünü tanıdığım bənzərsiz şair-publisist, respublikanın əməkdar jurnalisti Əbülfət Mədətoğlu sonunculardandır, ədəbiyyatın ədalətsizliklərinə dözüb, ondan ədalət gözləməyənlərdən. Əslində, ədəbiyyatdan ədalət ummağın özü mənasızdır.

Ə.Mədətoğlu sözə zərgər dəqiqliyilə yanaşır. Bəlkə də heç bu onun öz iradəsindən asılı deyil, ona söz badəsi içirən onun sözə yanaşmasını bu cür biçib tikib. Bəzən şairlər deyirlər ki, filan şeiri necə yazdığımı bilmədim, bir də gördüm ki, yazmışam.

“Məhsuldar yazıçı”, “məhsuldar şair” sözündən xoşum gəlmir, odur ki, Əbülfət müəllimi belə adlandırmayacağam, çünki o, şeiri yaşadığı və yaşatdığı mübhəm sevgi duyğuların pərdəsi arxasında dünyaya gətirir. Bəli, əsl şair sözü dünyaya gətirir. Axı şair sözün anasıdır, həm qulu, həm də ağasıdır. Gecələr yatmayıb səhər o başdan, dan üzündə, Tanrının könlünün, qəlbinin, dərgahının açıq çağında doğulur şeirləri şairin.

Sən Dan üzü gətirmisən ömrümə,
Şehi də var, ətri də var, səsi də...
Sirr deyil ki, o dan üzlü ömrüm də
Bəyəndirib sənə bu mən kəsi də!...

O, dan üzü-and içdiyin, ancaq O,
Hər halından söz biçdiyim ancaq O!
Baxışından “döz!” biçdiyim-ancaq O-
Mənə verdi Ümid adlı dərsi də!...

Dan üzündə könül açdığı Tanrı ona dözümü, səbri və ümidi əmanət verdi ki, onlara pənahlanıb yazsın, yaşasın, yaşatsın.

Sizə təqdim etdiyim bu misralar Ə.Mədətoğlunun “Adiloğlu” nəşriyyatında çapdan yenicə çıxan “ancaq O” kitabındandır. Ancaq O, kimdir? Onu şair bilir, yazan və yozan bilir, illərdir Tuğ həsrətilə sözünü sinəsində saz edən ozan bilir - Əbülfət müəllim bilir.

Dağ boyda ağrıyam, sel boyda kədər-
Allahım, ortadan götür bu yükü...
Ürəyə ağırlıq verməyim hədər-
Üzü günbatana ötür, bu yükü...

Ə.Mədətoğlunun “ancaq O” şeirlər kitabının redaktoru Fəridə Rəhimli kitaba kiçik bir qeyd yazıb. Fəridə xanım yazır ki, “...ancaq O” yaşanmış, yaşanan və yaşanacaq duğyuların özü və pıçıltılarıdır... ”ancaq O”-nu oxuyun! Yaşadıqlarınızı yenidən yaşayın, yaşayacaqlarınızın xəyalını qurun, düşünün.

Haqqın yerdə zərrəsi
Ruhun şehli-tar səsi!
Ürəyimin pərdəsi-
ancaq O!

Əbülfət müəllimin “ancaq O” kitabında maraqlı şeirlər toplanıb, məncə, hər bir oxucu, şeiri hiss edən, yaşayan insan bu şeirlərin içində özünü tapa, öz ruhunun səsini duya bilər. Çünki bəzən elə gözəl bir şeir oxuyursan ki, o, sənin ruhuna biçildiyindən, elə bilirsən ki, onu elə sən özün yazıbsan. Bu baxımdan, Əbülfət müəllimin şeiri oxucuya özü yazıbmış kimi doğmadır, əzizdir.

Redaksiyamız adından əziz Əbülfət müəllimi növbəti şeirlər kitabının nəşri münasibətilə ürəkdən təbrik edirəm. Dan üzünə deyilən, sonra vərəqlərə hopub şeirləşən yeni kitablarınızı gözləyirik, Əbülfət müəllim!

 

baki-xeber.com