adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
09 Sentyabr 2020 10:13
94795
MÜSAHİBƏ
A- A+

“Göyçədə doğulan sonuncu körpə öləndə...”- MÜSAHİBƏ

Həmsöhbətimiz gənc yazar Şəfa Vəlidir.
 
-Öz aramızda sənə “Düyməcik” deyirdik. Bu düyməcik son dönəmlər nə işlə məşğuldu? Üzünü görə bilmirik.

-Son zamanlar da elə həmişəki kimi yazmaq eşqimə  boyun əyib, oxumağa vəfa göstərməklə məşğulam.  Uzun illər  “ədəbiyyat nədir?” sualına verilən minlərlə cavab çıxıb qarşıma; bir yazıçının əsərində, bir şairin müsahibəsində, yaxud adicə feysbuk statuslarında. Təbii ki, ədəbiyyata könül verən biri kimi bu cavabların hər biri məni düşündürüb; gah məyusluğa uğradıb, gah da gülümsədib.   2019-cu ildə qərara aldım ki, bu düşüncələrimi masa başında saatlarla sürəcək ədəbi mübahisələrə çevirməkdənsə,  elə çiyinlərini söykədiyi cavablarla birgə yazmaq  daha yaxşı olar. Beləcə,  “Ədəbiyyatla bağlı kim nə düşünür?” adlı silsilə esselər yazmağa başladım. Artıq iki esse “525-ci qəzet”də işıq üzü  görüb.  Bundan əlavə, “Düşüncə döngələri” adlı daha bir silsilə yazılarım var ki, bunlar da ovqat, təəssürat yazıları sayıla bilər. “Çardaqda yaşayan qarı” adlı nəsr əsərimi də ötən il başlamışam, hələ bitirməmişəm. Ümid edirəm ki, bu il bitər. Məlum, virus, epidemiya, karantin... Və mütəxəssislərin dediyinə görə, karantinin yaratdığı  “dünyəvi depressiya” yazı adamlarını da düşüncədən-düşüncəyə, kədərdən-kədərə sürüklədi.  “Epidemiyada darıxan qoca” hekayəsi  və “Hekayəmiz bitirmi?”  essesi həmin kədərin söylədikləridi... Son iki ildə Tural Sahabın “Türkan” və “Canavar ovu” romanlarının, Mehman Rasimoğlunun bir şeir kitabının redaktoru olmuşam.  Yaxında  işıq üzü görəcək bir kitabın-Şahanə Müşfiqin “Hərənin öz romanı” kitabının redaktəsini yekunlaşdırmaq üzrəyəm.  Tərtibatı üzərində işlədiyim iki kitab var, bu haqda hələ danışmaq tez olar. 

Mənə “düşmən” deyənlərin də uğurları gözəllikdir

-Çox az gənclərdənsən ki, yaşıdlarının uğurlarına sevinir, çoxu haqqında az qala yazı ilə çıxış edirsən.

-Rəsmi gənclik yaşına görə, artıq ahıllaşırıq (gülür).  Uğura sevinməksə... Ürəkdən gəlir bəlkə? Bilmirəm... Sizcə də, sevinmək gözəl deyilmi? İnsan oğlu Tanrının axtarışına çıxdığının tarixini unudub, indən belə də bu tarix haqqında nə yazsa, yalan çıxır. Məncə, Tanrı onun bizə  verdiyi hər gözəllikdədir və bu gözəlliyin əsasında da sevgi durur.  Bütün müqəddəs kitablar “Tanrı sevgidir” deyir, mifologiya “kainata sevgi göndərin, xoşbəxt olun” deyir...  Sevinc kəlməsi  Sevgi kəlməsindən törəyib. Dostlarımın, nəinki, dostlarımın, mənə “düşmən” deyənlərin də uğurları gözəllikdir; gözəllik sevgiyə layiqdir, sevgi isə bizi sevindirir... Bu yaxında  yazıçı Varisin bir yazısı vardı. Mən görməsəm də, Varis az-çox xarici ölkələrin ədəbi mühitlərini görüb. O, yazmışdı ki: “Xaricdə yazıçı həmrəyliyi deyilən bir məfhum var”. Necə xoşladım bu deyimi, bir bilsəniz...O gün-bu gündür həmin həmrəyliyin bizdə-bir ovuc mühitimizdə də olmasını arzu etməkdəyəm...

- Elə mənim yaradıcılığım haqqında da 4 yazı yazmısan. Belə getsə, kitab olacaq.

-Bəlkə də oldu... Biz hamımız özümüzü ədəbi mühit deyilən qazanın içində, hətta,  ən birinci süfrəyə gələcək olan payda-çömçədə hiss edirik. Bu, çox gözəldi. Amma hərdən xəyal gücümüzü işə salıb özümüzü bu qazanın kənarında  təsəvvür etsək, bir də  ilk çömçədən pay gözləyən kimi bu qazana boylansaq, olmazmı? Mən bunu çox edirəm. İnanın, kənardan baxanda qazanın içi daha təfərrüatıyla görünür. “Ramil Əhmədin “Uşaqlar” şeiri, Vəfa Mürsəlqızının “Sonsuz son”  və Emin Pirinin “Boşanmış qadın”  şeiri ilə birlikdə “üç müşketyor” kimi cəmiyyətin qınaq düşüncəsinə; “Kardinal Rişelye”yə  meydan oxuyur desəm, fikrimi  olduğu kimi çatdırmış olaram”. –bu kimi qənaətlərimin çoxuna qazandan kənarda gəlmişəm... 

-Hələ də “ananın boyat dərdi” ilə ovunursan? Bəlkə bütün bədbəxtçiliklərimizin səbəbi dərdlərimizin, yaralarımızın boyatlamasıdır. Halbuki, o yaralar qasnağlamamalı, irinləməli idi ki, nəsə edək...

- Adətən, hansısa bir müsabiqəyə, yarışmaya qatılmaq müəyyən tələblərə cavab verməklə mümkün olur. Müəllif özünü tələblər siyahısının qarşısında durmağa məcbur edirsə, artıq mətninə uduzmuş olur. Ülvi Bünyadzadə bizim göyçəlimizdi, eyni rayona baxıb kəndlərimiz, eyni yolu gedib babalarımız yaylaqdan-qışlağa, qışlaqdan-yaylağa... Ülvinin adıyla müsabiqə görəndə bir az qəhərlənmişdim. Anamın “boyat dərdi” isə neçə müddətiydi gülüşümü kəm qoyurdu. Bir yandan da MRT növbələri, xəstəxanaların gözləmə zalları, həkimlərin: “Bilirsən, Şəfa...” ilə başlayan cümlələri vardı qəhərimdə... Bir də gördüm hamısı üst-üstə yığılıb, esse olub... Göndərdim müsabiqəyə. Özüm də bilirdim ki, tələbnamə ilə nəsə yaza bilmirəm, yer tutacağından da əmin deyildim. Ta ki, siz muştuluqlayanadək... Qaldı ovunmağa, mən buna ovunmaq deməzdim... Unudulmaq deyərdim...Göyçədə doğulan son  körpələr mənim yaşıdımdı, hamısının da canında qaçaqaçın ağrıları. İnsan ağrılarına yeniləndə ədəbiyyat yaddan çıxır... Məndən altı ay balaca olanlar üçün Göyçə tamam yad anlamdı.  Daha söz deyə bilmirəm bu haqda... Deyəcəyim o ki, Göyçədə doğulan sonuncu körpə öləndə Göyçə adlı yaraların son qaysağı qopacaq və o yaraların yeri sağalsa da, yara yerinin ləkəsi həmişəlik qalacaq... 

Günah bizə Adəmdən miras qalıb

- “Əzilib öpməkçün ləpirlərindən

Günah tanımayan uşaq gəzirəm”...O uşağı tapa bildin?

-Yox... Günah bizə Adəmdən miras qalıb və biz günahla doğuluruq. Öz günahlarımın içində çabalayarkən batmamaq üçün o sonuncu ümiddən yapışıram; ki, nə vaxtsa, günah tanımayan o körpə doğulacaq... Nə vaxtsa... Bizsə, sadəcə, arzulayırıq. Bu arada, dünən Edqar Allan Ponun “Dörd heyvan bir yerdə: insan-zürafə” adlı hekayəsini oxudum, marağımı bir şey çəkdi. Demək, Po, hekayəsində istehzayla kralı mədh edərkən onun başına “Şairlərin tacı”nın qoyulduğunu, onun “Şairlərin şahzadəsi” olduğunu deyir. Burda şair artıq kahindir. Bəlkə, mən də bu misralarla kahinəlik etmişəm?! 

-Ayrılıq baş qatmaqdırsa, sevgi-bərabərlik nədir? Boşluq, ətalət? 

- O qədər insana lazım olan hisslər var ki... Cəsarət,  ləyaqət, dəyanət, vüqar (sonradan adını “qürur”  qoysaq da)...  Ən əsası isə sevdiyimiz, “sevirəm” dediyimiz insanı olduğu kimi qəbul etməyimizdir... Bunun da iki yolu var: ya gözümüzdəki sevda pərdəsini heç zaman açmamaq, ya da ki, o pərdəni biryolluq açıb atmaq... Hər ikisi insandan ömür istəyir... Cəsarətlə xərclənəcək, uğruna fəda ediləcək bir ömür... Kim bilir, bəlkə də insan ömrü elə bu sevgi adlı məfhumdan  süzülür yağış damlaları kimi? Hər halda, məntiqli, ya məntiqsiz, bilinən o ki, SEVGİ  özü bir fəlsəfədir... Kim necə sevirsə, ona elə o cür də  yanaşır... 

- Müasir dövrdə az qala əksəriyyətin şeir yazdığı bir ölkədə Şəfanın yazmasına ehtiyac varmı? Özünə bu sualı vermisən?

-Çox... Bu yaxında anamla danışırdım. Dedi ki, Şəfa,  bu gün indiyədək bütün yazıb-oxuduqlarım birdən-birə mənə elə mənasız gəldi ki... Bircə sual verdim anama: “Anam, hələ indimi?” Bir haşiyə çıxım, anam “İlham” ədəbi birliyinin yetirməsi olub, “Aşıq Pəri” məclisinin ilk üzvlərindən olub, mühitdən uzaq düşsə də, həmişə qələmi-kağızı əlində, şeiri, bayatısı, nağılı dilində olub... Yəni, anamın altmış yaşdan sonra yazdıqlarının onunçün mənasızlaşması mənə qəribə gəldi. Yarı yaşındayam anamın, “niyə yazıram ki?” sualı ilə baş-başa qaldığım çox olub. Bəlkə də, çox yox, uzağı, on ilə adım ancaq saralmış qəzet səhifələrində, cildi bərq vuran antologiyalarda qalacaq... Yenə də yazmaqdan qaçmaq olmur. Günlərlə kompyuterə,kağıza, qələmə yaxın getmirəm, beynimdəkiləri açıq pəncərədən görünən şam ağacına,  çay içdiyim fincana söyləyirəm. Bir də ayılıram ki, hansısa mətnin son nöqtəsini qoymuşam. Yazmaq eşqdi... Eşq qarşısında insan acizdi... 

-II Gənc Ədiblər Məktəbində olmusan. Sən də fəallardan olmusan. Hər görüşə Gəncədən gəlirdin.

-Ən gözəl xatirələrimdəndi o yollar. Bir dəfə Gəncədə, şəhərarası avtobusdaydım. Üzümü pəncərəyə söykəyib yol kənarındakı çinarlara baxırdım. Birdən qulağım “Şəfa” sözünü çaldı. Başımı qaldırıb ətrafıma baxdım, yaxınlıqda iki məktəbli oğlan dayanmışdı. Biri o birinə deyirdi: “Hə, hə...Şəfa Vəli...Oxudum o şeirləri mən də. Düz deyirsən, nətəər həll edib e Gəncə-Bakı söhbətini...” O birisi də başladı şeirimdən misal çəkməyə... Zənnlə üzlərinə baxdım, məni tanımırdılar. Amma “şeirlərində Gəncə-Bakı söhbətini həll eləyən şair” obrazı çox xoşuma gəlmişdi. Bax, həmin şeirlər Gənc Ədiblər Məktəbinə gəlib-getdiyim zaman yollarda, avtovağzallarda yazılıb... 

-O qədər mehribançılıqdan sonra gənc ədiblər bir-birindən ayrı düşdü. Hətta ədəbi düşmən görənlər oldu bir-birini. Məni başa düşdük, ulduz xəstəliyinə tutulmuşdum. Bəs, sizə nə oldu?

-Mənə heç nə olmayıb...(gülür) Bir azca qocalmışam, vəssalam. Gülnar Səmayla hələ ədəbi müzakirələrimiz davam edir, bəzən saatlarla ədəbi mübahisələr də edirik, sonra da baş-başa verib bitki çayı içə-içə Gənc Ədiblər Məktəbini xatırlayırıq. Şahanə Müşfiqlə hərdən xatirələrimizi yazırıq bir-birimizə... Ümumiyyətlə, Gənc Ədiblər Məktəbi mənə çox şey öyrətdi...Heç unutmuram, İlqar Fəhmi ilə olan görüşdəydik. İlqar bəy dedi ki: “Əvvəlcə çörəyi hardan qazanacağınızı fikirləşin, sonra yaxşı əsər yazmağı”. İradə Tuncayla olan görüşdən sonra da siz koordinator kimi bizi qəşəng danlamışdınız... Qəşəm Nəcəfzadəylə olan görüşdə Qəşəm müəllimin “səslərin təkrarı” ilə bağlı məsləhətləri də qeyri-adi idi. Fərqanə Mehdiyeva ilə olan görüşə isə gələ bilməmişdim... İşdən icazə verilməmişdi. Xoş xatirələrim var Gənc Ədiblər Məktəbi ilə bağlı. Xoş olan heç nə aradan illər keçsə də, “düşmən” sözünü yaxına buraxmır. Uzağı, “rəqib” sözünü qəbul edərəm, məhşur deyimdəki kimi, “rəqabət inkişafdır”. Bir də, “Yazarların yazmadıqları” kitabında toplanılan hadisələrin əksəriyyəti məhz Gənc Ədiblər Məktəbi ilə bağlıdır. 

- Bəlkə Rəşad Məcidə deyək “bu dəcəl uşaqları” yenidən bir yerə yığsın?

-Rəşad müəllim də sevinər biz toplu halda həmişə açıq olan qapısından içəri boylansaq... Bir gün o da olar! Ümid eləmək də gözəldi. Sərdar Aminin “Su sərgisi” romanında,  təxminən, belə bir fikir var: “Xəyal qurmaq Allaha öz imkanlarını xatırlatmaqdır”. 

- Şeirlərini oxuyuram, sanki uşaq, körpə saflığı var deyimlərdə. Həm də bunlar süni deyil, təbii alınıb.

-Bunu sizdən eşitmək xoş oldu. Vladimir Nabokovun “Gənc şair V.Ş.” hekayəsində bir məqam var. Nabokovla görüşə gələn gənc şair özünü təqdim etməzdən əvvəl şeir dəftərini çıxarır, masaya qoyur və deyir: “Hökumət idarəsində mən öz pasportumu
göstərdim, lakin sizə şəxsiyyətimi təsdiq etmək üçün yalnız bunu, şeir dəftərimi təqdim edə bilərəm.” 

 

Söhbətləşdi: Emin Piri