adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Sentyabr 2020 11:18
56368
MÜSAHİBƏ
A- A+

İranlı rejissor: “Burada azərbaycanlıların danışığı faciəyə oxşayır” – Müsahibə

Rejissor İsmayıl Münsifin APA -ya müsahibəsi:

Rejissor İsmayıl Münsif 1975-ci ildə İranın Ərdəbil şəhərində anadan olub. Kino sahəsində təhsil alıb. Dörd qısametrajlı filmin müəllifidir, onlardan üçü Azərbaycan, biri isə fars dilindədir. 2019-cu ildə isə Azərbaycan dilində “Kömür” adlı ilk uzun metrajlı filmini çəkib. Film bir sıra beynəlxalq festivallarda iştirak edib.

 

- İsmayıl bəy, İran kinosu dünyada özünəməxsus yer tutur. Hər il keçirilən müxtəlif festivallarda fərqlənən azı bir İran filmi olur. Bəs bu uğurun arxasında hansı çətinliklər dayanır? Bildiyimiz kimi İran da həm siyasi, həm iqtisadi cəhətdən fərqli ölkədir. Belə şərtlər daxilində İranda film çəkməyin hansı çətinlikləri var?

- İranda film çəkməyin iki əsas çətinliyi var. Birinci çətinlik ondan ibarətdir ki, müstəqil rejissorlar maliyyə tapmaqla bağlı problem yaşayırlar. Hər prodüser filmlərimizə sərmayə yatırmır, fikirləşir ki, filmə pul qoyursa, gərək onun pulunu çıxarsın. Müstəqil filmlə də pul qazanmaq çətindir. Misal üçün, mənim “Kömür” filminin çəkilişləri zamanı Fransadan prodüser tapıldı, filmin büdcəsini o, təmin etdi. İkinci çətinlik isə odur ki, İranda hər mövzunu işləmək olmaz. Bu hər kəsə məlumdur. Əlbəttə biz yalnız öz könlümüz istəyən filmləri işləyirik, qadağalara əhəmiyyət vermirik.

- Siz daha çox Azərbaycan dilində film çəkirsiniz. Buna hansısa maneələr var?

- Sizin dediyiniz kimi Azərbaycan, yəni türk dilində film çəkmək burda çox çətindir. Çünki türk dilində çəkilən filmlərə baxan çox azdır, hər kəs gəlib türk dilində çəkilən filmə sərmayə yatırmır. Təəssüflər olsun ki, bizim öz türk millətimiz də, yəni İran azərbaycanlıları da bizim arxamızda deyil. Biz türk dilində film çəkirik, amma bizimkilər gedib bu filmlərə baxmırlar, fars filmlərinə baxırlar. Biz öz dilimizdə film çəkirik, vəli türk milləti bizə dayaq deyil.

 

- Mənim yadımdadır ki, ötən il Azərbaycan dilində çəkilən film İranda keçirilən festivalda etirazla qarşılandı.

- Rəsmi şəkildə belə bir qadağa yoxdur. Gələcəkdə türk dilində filmlər çoxalarsa, ola bilsin dövlət hansısa tədbir görər. Lakin biz hələ ki, yolun əvvəlindəyik, hələ türk dilində çəkilən filmlər o qədər çoxalmayıb. Mən öz fikrimi deyim, inanmıram ki, İran dövləti türk dilində çəkilən filmlərin çoxalmağını istəsin. Çünki bizim dövlət hər zaman bütün insanları bir-birinə oxşatmağa çalışıb. Mən bunu əsla bəyənmirəm, çünki insanlar fərqli olduqda gözəldirlər. Lakin dövlət tərəfindən rəsmi qadağa olmasa belə türk dilində film çəkilməsinə qarşı olan insanlar var. Hətta mənim filmim barədə də rəsmi dairələrə şikayət edənlər olmuşdu.

- İranda türkdilli kino farsdilli kinodan təkcə dil baxımından ayrılır, yoxsa kinematoqrafik cəhətdən də fərqlər var?

- Mən niyə türk dilində film çəkirəm? Çünki mən türkəm və türk dilində də çəkməliyəm. İkincisi, İranda fars dilində xeyli film çəkilir, çoxu da bir-birinə oxşayır. Ona görə də öz dilimizdə fərqli bir film yaratmaq istəyirəm. İran Azərbaycanının gözəl məkanları, gözəl insanları, mədəniyyəti var. Axı bunlar niyə filmə köçürülməsin? Mədəniyyətimiz, insanlarımız barədə gözəl filmlər çəkə bilərik. Mən Güney Azərbaycanını hər zaman kinolu bir ölkə kimi görmüşəm. Bizim bir çox şəxsiyyətlərimiz var ki, onlar haqqında mütləq film çəkilməlidir. Vacib deyil ki, İranda bütün filmlər farsca çəkilə. Azərbaycanın böyük imkanları var, niyə onları kinoya çevirməyək? Əgər mən də farsca film çəksəm, mən də onlardan biri olaram, amma mən istəyirəm fərqli olam. Mənim zənnimcə türk dilində çəkilən filmlə fars dilində çəkilən film arasında fərq təkcə dil deyil, həm də ordakı insanlar, onların həyatı, dünyagörüşü, məkanlar da fərqlidirlər. Bizim filmlərdəki hekayətlər də fərqlidirlər. O hava ki, türk dilində olan filmlərdə var, fars dilindəki filmlərdə yoxdur.

- Filmlərinizin Azərbaycan, Türkiyə və başqa türkdilli ölkələrdə nümayişi sahəsində çalışırsınızmı?

- Bizim könlümüz istəyir ki, çəkdiyimiz filmlər Azərbaycanda, Türkiyədə ekranlara çıxsın, kinoteatrlarda nümayiş olunsun. Lakin əl-qolumuz bağlıdır. Düzdür, Türkiyənin TRT kanalı türk dilində çəkilən İran filmlərindən ikisini aldı, bunlardan biri də mənim filmim idi. Çox təəssüf ki, Azərbaycanla əlaqələrim yoxdur, çox istəyərdim ki, filmlərim orda da göstərilsin, insanlar görüb bəyənsin.

- Azərbaycanda tanınmaq bir iranlı rejissor kimi sizin üçün nə qədər vacibdir?

- Bayaq dediyim kimi, burada türk dilində olan filmlərə maraq o qədər böyük deyil. İranda tamaşaçılar daha çox türk dilində komediya filmlərinə baxmağa adət ediblər. İranda türk dilində dram və tragediya filmlərinə baxmağı insanlar hələ öyrənməyiblər.

- Azərbaycan kinematoqrafiyası ilə tanışlığınız varmı? Bizim rejissorlardan kimləri tanıyırsınız, hansı filmlərimizə baxmısınız?

- Düzünə qalsa, Azərbaycan kinematoqrafiyası ilə yaxından tanışlığım yoxdur. Eşitdiyimə görə orada təzəlikcə yeni rejissorlar yetişib. Hətta bu il Venesiya festivalında Azərbaycan filmi iştirak edir. Bunlar gözəldir. Azərbaycanda film sahəsinin inkişafında olduğunu eşitmişəm. Bu məni sevindirir. Təəssüf ki, Azərbaycan filmlərinə baxa bilməmişəm. Halbuki Azərbaycan kinonun ilk təşəkkül tapdığı ölkələrdəndir. Azərbaycandan Rüstəm İbrahimbəyovu tanıyıram. Onun ssenarist olduğu bir neçə film barədə məlumatım var. “Nabat” filminin rejissoru Elçin Musaoğlunu da tanıyıram. “Nabat” filmi gözəl filmdir. Bundan başqa uşaqlıqda Şimali Azərbaycandan bir neçə qədim film də görmüşəm.

- Ümumiyyətlə, İranda türk dilində film çəkən rejissorlar çoxdur?

- Bəli, İranda məndən başqa da türk dilində film çəkən beş-altı rejissor var, artmaqda davam edir. Ancaq çoxunun ilk filmləridir. İranda türk rejissorların arasında bir cəhd, ümid yaranıb. Başqa dostlar da türkcə filmlərini çəkməyə başlayıblar. Görək bu yolu davam edəcəklər, yoxsa yarıda saxlayacaqlar. Bu da ondan asılıdır ki, gərək türk dilində çəkilən filmlərə də İranda tələbat yaransın, bu filmlər gəlir gətirsin, onlar da yenisini çəkməyə davam eləsin. Maraq olmasa, bu filmlər İrandakı türk tamaşaçı tərəfindən diqqət görməsə bu işləri davam etdirmək çətin olacaq.

- İran kinosunun Abbas Kiarostamidən, Möhsin Mahmelbafdan gələn və dünyada qəbul olunan bir üslubu, ənənəsi formalaşıb. Hazırkı dövrdə bu ənənə davam edirmi, yoxsa tamamilə yeni mərhələyə qədəm qoyulub?

- Əlbəttə kino baxımından İran önəmli ölkədir və bütün dünyada fərqlənir. İran kinosunun ən böyük rejissoru Kiarostamidir. O, İran kinosunu dünyada tanıtdırdı və onun yolunu gedən rejissorlar da çox idi. Lakin mən bunu qəbul etmirəm, hər kəsin özünə görə yolu var, hər kəs gərək öz yolunu tapa. Düzdür, İranın ki, gözəl dövranı var idi, Kiarostami, Mahmelbaf və başqaları işləyirdilər, həmin dövrdən indi bir qədər fərqlənir. İndi də İranın gözəl rejissorları var. Lakin Kiarostamiyə heç kəs çata bilməz, o ən gözəl rejissorumuz idi, özünə xas yolu, üslubu var idi. Lakin İran kinematoqrafiyası hər zaman diridir, buranın rejissorları hər zaman dünyanı təəccübləndirməyi bacarırlar. İranın indi də Əsgər Fərhadi, Cəfər Pənahi, Rəxşan Bənietimad və başqa rejissorları var. İran kinemtaqorafiyası tükənən deyil, çünki İranda həyat tərzi, ölkənin problemləri, çala-çuxuru rejissorların yetişməsinə hər zaman imkan yaradır. Ancaq mən İran rejissorlarından ilham almaram. Mənim sevdiyim rejissorlar rus Andrey Tarkovski və yunan Teodoros Anqelopulusdur. Xüsusən Anqelopulus bir çox filmlərində sərhəddən danışır, bu mənim də filmlərimdə, xüsusən “Kömür”də var.

- Yeri düşmüşkən, “Kömür” filmi barədə danışaq. Onun ideyası necə yarandı?

- “Kömür” mənim ilk uzun metrajlı filmdir. İdeyası barədə onu deyə bilərəm ki, əvvəlki filmlərimin hamısı İranın Astara bölgəsində çəkilib. Orada mən sərhədlə bağlı mövzuları bir neçə dəfə işləmişəm, demək olar ki, iki filmim sərhəd mövzusundadır. Astarada olanda sərhəd pozucuları, qaçaqmalçılarla bağlı söhbətlər eşidərdim, yoxsul insanları, kömür düzəldənləri görərdim. Bu gördüklərim əsasında da “Kömür” filmi yarandı.

- Filmə baxanda belə başa düşülür ki, qəhrəmanların sərhədi pozub keçdikləri yer Azərbaycandır, amma bu qeyd olunmur. Bunu özünüz vurğulamamısınız, yoxsa başqa bir səbəb olub?

- Bunu qeyd etməyi lazım bilmədim. Çünki filmdə hadisələrin Astarada keçməsi aydın şəkildə bildirilməyib, daha çox məchul bir ərazi nəzərdə tutulub. Ancaq filmə baxanlar o dəqiqə anlayırlar ki, burada sərhəd bölgə kimi Şimali Azərbaycan nəzərdə tutulub.

- Türk rejissor Nuri Bilge Ceylanın “Əhlət ağacı” filmində ata ilə oğul arasındakı münasibətdən bəhs olunur. Orda oğul sanki atasının taleyinin davamçısına çevrilərək onun işini davam etdirir. Sizin “Kömür” filminizdə də oğul sonda atasının peşəsinə yiyələnərək onun taleyini yaşamağa başlayır. Mənə elə gəlir ki, bu oxşarlıq Şərq təfəkküründən qaynaqlanır, bir Qərb rejissoru heç vaxt belə yozum verməzdi.

- Sözsüz ki, Nuri Bilge Ceylan Türkiyənin ən böyük rejissorlarındandır. Onun özünə xas baxış bucağı, düşüncəsi, dialoqları var. Ceylan sevdiyim rejissorlardandır. Lakin düşünmürəm ki, mənim filmim Ceylanın filminə oxşayır. “Kömür” “Əhlət ağacı”ndan qabaq çəkilib. Əgər oxşarlıq varsa da bu təsadüfdən yarana bilər. Bəli, orda da oğul sonda gedib dədənin rolunu oynayır, mənim filmimdə də oğul çarəsizlikdən dədənin peşəsini seçir. Əlbəttə mən Celyanı sevirəm, lakin mənim də öz yolum var, şayəd ikinci Ceylan olsa bunun mənası qalmaz.

- Son illər nüfuzlu beynəlxalq festivallarda cinsi azlıqlardan, qadın haqlarından bəhs edən filmlərin mükafata alması artıq trendə çevrilib. İranda bu mövzulara rejissor və tamaşaçılar baxımından diqqət necədir?

- İranda hər il çoxlu filmlər çəkilir ki, onlar ən gözəl festivalları gəzib, xeyli mükafat alırlar. Onların çoxu qadınların problemləri barədədir. Lakin bu filmlərin çoxu dərin film olmurlar, üzdə qalırlar. İranda qadın mövzusunda hər il çoxlu film çəkilir, bunu da qadınların problemini işıqlandırmaqdan ziyadə festivala düşmək üçün edirlər. Əgər mənim filmim də qadın problemləri barədə olsaydı, bəxti ayrı cür olardı, ən gözəl festivalları gəzərdi. Çünki biz iranlılar özümüzü dünyaya belə göstərmişik ki, İranda qadınlar çox bədbəxtdirlər, döyülürlər, işləməyə icazələri yoxdur. Düzdür, İranda qadın haqları ilə bağlı problem az deyil, ancaq bu mövzuda çəkilən filmlər də bu mövzulara dərindən yanaşmır, plakat xarakterli olurlar və film formasından çıxırlar. Dünyada da belə bir qənaət yaranıb ki, İrandan hər kim istəyir filminə baxılsın, gərək İranın bədbəxtlikləri barədə çəkə. Lakin mən çalışıram ki, öz yolumu gedim. Mən o mövzularda film çəkməyə çalışıram ki, həmin mövzu mənim ürəyimə yatır. Çünki ürəkdən çıxan söz başqa ürəklərə də yatar və yolunu açar. Düzdür, bu yol çətin bir yoldur. Çünki mən festivallar gəzən mövzulardan seçməyə çalışmıram. Öz yolumu gedirəm və bu çətin bir yoldur.

- Yeri gəlmişkən Cəfər Pənahinin “Üç qadın” adlı son filmi də qadın haqları barədədir və orda da türk dilində dialoqlar keçir.

- Mən Cəfər Pənahini sevmirəm. O, festivala getmək üçün hər işə əl atır. Pənahi son filmində də göstərir ki, guya İranda kişilər qadına sitəm edir. Mən belə şeyləri anlamıram. Cəfər Pənahinin filmləri bu xalqa xəyanətdir. Onun “Üç qadın” filmi də türk xalqına xəyanətdir. Pənahi başqa xalqlara göstərmək istəyir ki, türk xalqı anlamaz millətdir, qızlarının təhsil almaq haqqı yoxdur və qadınların haqqı yoxdur. Mən bu cür filmlərə türk filmi demərəm, dillərinin türkcə olması hələ türk filmi olmaqları demək deyil. Türk filmi gərək türk xalqının həqiqətini çəkə. Mən demirəm ki, türk millətinin eyibləri yoxdur, təbii var, ancaq həqiqət başqadır, bir milləti ələ salmaqla deyil. Sən bir milləti ələ salasan, onları həqir edəsən, bu düz iş deyil. Cəfər Pənahi də ancaq bunu anlayır. Mən bu yolu sevmirəm. Mənim heç nədən qorxum yoxdur. Amma ki, festivallar üçün də filmimi siyasi etmərəm, film özü gərək siyasi alınsın, alınmasa da eybi yox. Hər nə ki, filmə lazımdır, gərək o işi görəsən. Mən ikinci filmi çəkəndə gördüm siyasi alındı. Dedim canım sağ olsun. İran hökuməti də bunun yayımına qadağa qoydu. Mən özümü etiraz edən adam hesab edirəm və film çəkmək üçün də heç nədən qorxmuram, hər şeyə hazıram.

- “Kömürdən” sonra hazırda hansı film üzərində işləyirsiniz? Gələcək planlarınız nədir?

- Mən daha çox ürəyimə yatan işləri görməyi sevirəm, festival münsiflərini sevindirən işlər görməyi sevmirəm. Mən çalışıram ki, filmlərimlə öz xalqım mədəniyyətim üçün bir iş görə bilim. Açığı deyim ki, mən filmim tam hazır olmayana kimi yaradıcı proses haqqında məlumat verməyi xoşlamıram. Ona görə də qoy sirr qalsın. Təkcə onu deyə bilərəm ki, bu film də türk dilində, sərhəd barədə olacaq, yenə də türk aktyorlarla işləyəcəyəm. İranda neçə milyon türk var, mən də onlardan biriyəm. Təsadüfdən və ya zərurətdən mən rejissor olmuşam. Mənim işim film çəkməkdi. Təbiidir ki, könlüm istəyir öz dilimdə çəkim və öz millətimdən çəkim. Çünki yuxarıda da dedim Azərbaycanı mən kinolu bir yer kimi görürəm və o insanlar, o həyatlar mənə çox-çox maraqlı və doğmadır. Ancaq çətinlik və problemlər çoxdur. Film çəkmək üçün gərək başqa ölkələrdən büdcə gətirək. İranda hər kəs türk dilində çəkilən filmə sərmayə yatırmağa hazır deyil. Haqlıdır da. Çünki türk dilində film çəkməyin xeyli çətinlikləri var. Əsl çətinlik odur ki, qoyulan xərc qayıtmır. İranda bu qədər türk var, ancaq türk dilində çəkirik, baxılmır, ekranlara çıxmır. Ona görə də könlümüz istəyir ki, başqa türk dövlətlər də bizə yardım eləsinlər. Azərbaycan, Türkiyə bizim filmlərimizi göstərsələr bizim kino da xilas olacaq. Əgər bu millətin kinosu, kitabı olmasa bu millətin dili də əldən gedəcək. Siz əgər İranın türklər yaşayan şəhərlərini gəzsəniz, türk dilinin necə aradan qalxdığını görəcəksiniz. Burada azərbaycanlıların danışığı faciəyə oxşayır. Əsla düzgün türkcə İranda danışılmır, yarı farsca, yarı türkcə danışırlar. Türk dilində filmlərin çəkilməsi həm də İranda dilimizin yaşamasına köməklik göstərə bilər. Mənsə öz növbəmdə vəzifə bilirəm ki, türk millətinin dilinin saxlanılması, yaşaması üçün çalışam. Təbiidir ki, mənim kimi adamlara da himayə olmasa bizim də yolumuz bağlanacaq. Əgər bu yolun davamı olmasını istəyiriksə gərək başqa türk millətləri də bizə kömək ola.