adalet.az header logo
  • Bakı 13°C

Adamlar hara və niyə gedirlər? - Eminquey yazır

EMİNQUEY AKİF
247165 | 2020-09-04 16:05

Son vaxtlar daha şövqlə, həyəcanla izlədiyimiz, milyonlarla azərkeşinə səs verdiyimiz “Traktor-Azərbaycan” futbol klubu İran çempionatının qalibi oldu.

 

Bu, sıradan bir qalibiyyət deyil.

 

Bu, təkcə futbol klubunun qalibiyyəti yox, həm də Azərbaycanın qələbəsidir.

 

Bu qələbədə milyonlarla azərkeşin “Azərbaycan”, “Təbriz” şüarlarının bəhrəsidir.

 

Bu qələbə məni çox düşündürdü.

 

Niyə öz məmləkətimizdə birliyimizi 30 ildən bir nümayiş etdirdiyimiz halda, qürbətdə birləşə bilirik, xoş şeylərin dadını çıxara bilirik?

Məsələn, tələbələrimiz xarici universitetlərdə uğurlar qazanırlar.

İnsanlarımız Almaniya, Norveç, İsveç, Fransa, hətta okeanın o tayında belə özlərinə həyat qura, (Vətən həsrəti çəkə-çəkə) istədiklərini qazana bilirlər.

 

Məsələn, bu cəmiyyətin tabularının altında əzilən adamlar köç edirlər. Vətəndən kənarda, cəmiyyətin buxovlarından azadlıqda daha xoşbəxt ömür sürürlər. Ailə həyatlarını istədikləri kimi qururlar. Arzularına daha tez çatırlar.

 

Məsələn, yaxın keçmişdə Elariz Məmmədoğlunun Amerikaya köçməsinin tarixçəsini dinləmişdim. Deyirdi ki, “Green Card”ı qazananların siyahısında adım çıxan kimi (hələ özümün belə xəbərim olmamış) artıq Amerikada yaşayan həmyerlilərimiz zəng vurub təbrik edirdilər. Mənə “bura gələn kimi xəbər ver, hər şeyi hazır eləmişik” deyirdilər. Getdim, qab-qacağımıza qədər verdilər. Məni oradakı azərbaycanlıların işlətdiyi restorana dəvət etdilər. O restoranda oxumağa başladım. Konsertlərimi təşkil etdilər.

 

Bütün bunları eşitdikcə içimə qəribə bir hüzur doldu.

 

Lap “Green Card” arzuladım.

 

Məsələn, qapı qonşum. 4 ildir Almaniyaya köçüb. Düzdür, xeyli çətinliklər çəkiblər. Ki, bu, qürbətdə gözləniləndir. Amma orada bizimkilərlə dostlaşıblar, bir-birilərinə dayaq dururlar.

 

Hələ 2017-ci ilin rəsmi statistikasına görə 767 min azərbaycanlı Rusiyada yaşayır. 82 min Ukraynada, 48 min Qazaxıstanda, 20 min ABŞ-da, bir o qədər Özbəkistanda, daha 19 min Almaniyada və 17 min Türkiyədə məskunlaşıb.

 

Və nəzərə alsaq ki, əgər insan uzun müddətə təhsil almaq üçün gedirsə, onlar bunu qeydə almırlar, demək, rəqəmlər daha yuxarıdır.

 

Hamı uğur qazanmağın yolunu Vətəndən kənarda görür. Hamı uğur qazanmağın yolunu çıxıb getməkdə görür. Hamı uğur qazanmağın yolunu xarici dil bilməkdə görür.

 

Əvvəllər əsasən orta yaşlı kənd sakinləri Rusiyaya gedirdilərsə, indi Avropa ölkələrinə gedənlərin sayı artıb. Gedənlər isə daha çox ixtisaslaşmış kadrlardır. Həmçinin mühacirlərin yaş həddi də aşağı enib. Bu gün yaxşı təhsil alan və Azərbaycanda uyğun iş tapa bilməyənlər ölkəni tərk edir. Ölkəni tərk edənlərin çoxu Avropada yaşamağa qalan keçmiş tələbələrdir. Bakıda təhsilini başa vuranlar isə texniki və mühüm tətbiqi peşə nümayəndələridir ki, onlara böyük tələbat var. Bunlar mühəndislər, proqramçılar, İT mütəxəssisləri və həkimlərdir.

 

Bəli, beyin sızması baş verir və o, adi gözlə görünür. 20-25 yaşlı insanlar ölkəni tərk edir.

 

İxtisaslaşmış kadrlar sürətlə itirilir.

 

Uğur biz olmayan yerlərdə məskən salıb.

 

“Traktor- Azərbaycan”ın qələbəsinə sevinməyin fonunda bunları və yaza bilmədiyim daha çox şeyləri xatırladıqca, Ramiz Rövşənin bir şeiri yadıma düşdü:

 

Gəl əl-ələ tutub gedək

Gedək biz olmayan yerə.

Hər dərdi unudub gedək

Dərdimiz olmayan yerə.

TƏQVİM / ARXİV